AZ

Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq bəyannaməsi

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. 


Azərbaycan - Bolqarıstan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. 


Prezident İlham Əliyev – “Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir. Bu gün biz bir layihəni də müzakirə etdik, o da yaşıl enerji kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq”.


Prezident Rumen Radev – “Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və bizim qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. Bizim müzakirələrimizdə enerji aparıcı rol oynayır. Ancaq bu, bizim əməkdaşlığımızı məhdudlaşdıran bir amil deyil. Bizim digər sahələrdə də həm hökumət səviyyəsində, həm də işgüzar dairələr arasında əlaqələrimiz var. Hətta bələdiyyələr səviyyəsində də təmaslarımız var ki, biz əlaqələri və əməkdaşlığı gücləndirək. Burada həm nəqliyyat, həm rəqəmsallaşma aspektləri də mövcuddur, yaşıl enerji layihələri, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrimiz var. Ona görə, təbii bir haldır ki, bu gün biz çox əhəmiyyətli bir sənəd – Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzaladıq. Bu isə bizim mühüm, nəhəng potensialımızın və qarşılıqlı istəyimizin göstəricisi idi ki, ölkələrimiz çox gözəl, əla səviyyədə olan əlaqələri daha da yüksək səviyyəyə qaldırsınlar. Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq”.


İki ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.

 

Səbinə Kazımova 
Gənc Jurnalist


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla