AZ

Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə verdiyi töhfələr

Siyasi tariximizin çətin, mürəkkəb, keşməkeşli və qeyri-müəyyən dövründə - ölkədə vəziyyətin durmadan ağırlaşdığı və kəskinləşdiyi, inamın azaldığı, ümidlərin tükəndiyi bir vaxtda Ümummilli Lider xalqımız qarşısında ən böyük xidmətlərindən birini - xilaskarlıq missiyasını yerinə yetirdi.

Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Respublikamıza rəhbərliyi zamanı milli maraqlarımzı daim uca tutub, Vətənimiz naminə əzmlə və qətiyyətlə çalışıb.

1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev Moskvanın yaratdığı maneə və məhdudiyyətlərə baxmayaraq, Respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllərin yaradılmasına müvəffəq olub, uzaqgörən siyasəti ilə Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini inşa edib.

1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də xalqımızın mənafeləriniqətiyyətlə qoruyub, rifah və firavanlı, Respublikamızın inkişafı üçün əhəmiyyətli addımlar atıb, tarixi xidmətlər göstərib.. Heydər Əliyevin muxtar respublikanın Ali Sovetinin sədri olduğu zaman atdığı addımlar müstəqillik ideyasının mənimsənilməsində, milli həmrəyliyin təmin edilməsində, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunmasında müstəsna rol oynayıb.

Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb, Naxçıvan MSSR adından "Sovet Sosialist" ifadəsi çıxarılıb, 20 Yanvar faciəsinə siyasi qiymət verilib, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə tarixi qərarlar qəbul olunub,
"Ümid" körpüsü vasitəsilə Türkiyə ilə münasibətlərin yeni dönəminin əsası qoyulub.Bütün bu milli məzmunlu, müstəsna ictimai-siyasi, ideoloji və tarixi əhəmiyyətə malik addımlar keçmişə hörmət və ehtiram, gələcəyə aydın baxış və milli hədəflərə yönəlik sistemli fəaliyyət nümunəsi kimi böyük önəm daşıyıb.

Heydər Əliyevin qayıdışı Azərbaycanın qurtuluşunu təmin etdi.Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində xaosun, vətəndaş qarşıdurmasının qarşısı alındı və sabitlik təmin edildi.
Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımızın iradəsi əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti ölkəmizin inkişaf yoluna qədəm qoymasını təmin etdi.

Vətəndaş həmrəyliyinin, milli birliyin təmin edilməsi, siyasi-hüquqi islahatlar, o cümlədən müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi, müstəqillik dönəminin ilk Konstitusiyasının hazırlanması və ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, ordu quruculuğu, milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmizin dostlarının və müttəfiqlərinin sayının artması, Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyinin dünya birliyinə çatdırılması Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə və mütərəqqi, sivil dəyərlər əsasında dünya birliyinə inteqrasiyasına mühüm töhfə oldu.

Heydər Əliyev sayəsində Beynəlxalq ictimai rəydə Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirən, güclü və xarizmatik lideri olan, ümummilli məsələlərdə prinsipial mövqedən çıxış edən qüdrətli dövlət imici formalaşdı.

Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb.Siyasi varisliyin təmin olunması isə Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yerə və rola malik taleyüklü hadisədir.Ona görə də siyasətçilər, siyasi təhlilçilər, tədqiqatçılar və sadə vətəndaşlar bu reallığı Ümummilli Liderin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirirlər.

Bütövlükdə həm sovetlər birliyi dönəmində, həm də müstəqilliyin bərpasından sonra Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin etmişdir.Ona görə də əminliklə söyləyirik ki, Azərbaycanın müstəqil dövlət kimi inkişafı, tarixi uğurlar qazanması Ümummilli Liderin adı, siyasəti və ideyaları ilə bağlıdır.Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə qətiyyətlə vurğulamışdı. Daim öz liderinə - Heydər Əliyev şəxsiyyətinə güvənərək dövlətin və dövlətçiliyin keşiyində mətinliklə dayanan, qətiyyətli iradə nümayiş etdirən Azərbaycan xalqı növbəti dəfə Ümummilli Liderin çağırışını ən yüksək səviyyədə dəyərləndirərək 2003-cü ildə bir daha Heydər Əliyev siyasətinə "HƏ" dedi və onun ən yaxın silahdaşı olan cənab İlham Əliyevə etimad göstərdi.

Tarix Ümummilli Liderin inamının və xalqın etimadının özünü doğrultmasına şahidlik etdi.Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirdi, Heydər Əliyevin arzuları reallığa çevrildi.Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra ölkə həyatında keyfiyyətcə yeni mərhələ başlandı, yeni tarixi nailiyyətlərə imza atıldı, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrildi.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi zamanı cərəyan edən proseslər, əldə olunan nailiyyətlər və bütövlükdə mövcud reallıqlar artıq təsdiqləyir ki, Heydər Əliyev yolu Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil edir. Ulu Öndərin siyasətini uğurla, uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini, mürəkkəb şərtlər və şərait fonunda, sərt geosiyasi mübarizə və rəqabətin aparıldığı vəziyyətdə milli hədəflərin reallaşmasını təmin etdi.

Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır.Tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın inkişaf yolu bir çox ölkələr üçün örnəkdir.Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi dəyərləndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy və proqnozlar ifadə edirlər.

Tarixi əhəmiyyətə malik ən mühüm məqam isə budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda ləyaqətli və qətiyyətli mübarizə aparan Azərbaycan xalqı iradəsini ortaya qoyaraq haqq savaşında ali məqsədinə nail oldu, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan, son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə sayəsində torpaqlarımız işğaldan azad, ərazi bütövlüyümüz və milli ləyaqətimiz isə bərpa edildi.

Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmiş, terrorçu dəstələr təslim olmağa məcbur edilmişlər.

Qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülmüşdür.

Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür. İşğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış başlamışdır.Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri təntənəli zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir.

Tərəqqi və Zəfər yolu Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır. Müstəqil Azərbaycan Heydər Əliyev yolunun Müzəffər davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru inamla irəliləyir. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar Heydər Əliyev ideyaları və siyasətinin təntənəsi, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir.

Xanım Rzazadə,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin Texniki Xidmət şöbəsinin rəisi, Birinci dərəcəli ədliyyə qulluqçusu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla