AZ

Tamam Cəfərova: "Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz"

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 101 il keçir. Hər il ölkəmizdə Ulu Öndərin doğum günü geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Hər dəfə Ümummilli liderimiz Heydər Əliyev və onun tarixdəki yeri barədə düşünərkən anlayırıq ki, Azərbaycan dövləti öz taleyini etibarlı əllərə tapşırmışdır. Müstəqil, Qalib Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var. Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev Tanrının hər xalqa min ildə yalnız bir dəfə bəxş etdiyi, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Həyatının bütün mənasını Azərbaycan xalqına və dövlətinə xidmətdə görən, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyəndə öz sevinci ilə qürur duyan və bu sevinci hər bir azərbaycanlıya bəxş edən ulu öndər hələ sovet imperiyası dövründə hər bir addımı, sözü, hərəkəti ilə bunu təsdiq etmişdir. Sovet rejiminin ciddi nəzarəti altında olduğu halda, Azərbaycanın mənafelərini göz bəbəyi kimi qoruyan bu böyük insan Azərbaycanın müstəqilliyini dünyanın ən böyük neməti hesab etmiş, bu müstəqilliyin əbədi olması, gündən-günə möhkəmlənməsi və Azərbaycanın dünyaya tanıdılması üçün bütün varlığı ilə çalışmışdır.
Heydər Əliyev, özünün də söylədiyi kimi, milli mənsubiyyəti, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı  idi. Onun ideyaları bu həqiqətdən qida alırdı. Ulu öndər arzularında yaşatdığı Azərbaycanı hələ respublikaya birinci rəhbərliyi dönəmindən qurmağa başlamış, Azərbaycan dövlətinin rəhbəri kimi işə başladığı ilk illərdən bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. Ulu Öndərin bu fikirləri dediklərimizi özündə ehtiva edir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsədə onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.
Azərbaycan tarixinin son qərinəsində xalqımızın həyatın bütün sahələrində nail olduğu uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi də məhz bu dahi şəxs təlatümlər burulğanından xilas edərək, ictimai-siyasi sabitlik yaratmış və Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxarmışdır.
Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.
Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi həmişə diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. 
Qürur duyduğumuz ən vacib məqam budur ki, ulu öndərimiz həyata keçirdiyi inkişaf kursunun ardıcıllığını təmin etmiş, bu kursun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında ölkəmizin taleyini etibarlı əllərə əmanət etmişdir. 
 
Millət vəkili Tamam Cəfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla