AZ

Sənubər İsgəndərli Ulu Öndərlə görüşündən danışdı: "Ondan sonra bizə prezident təqaüdləri təsis olundu"

 
“Özümü çox xoşbəxt insan sayıram ki, ulu öndər Heydər Əliyevi yaxından görmüşəm, onun gözəl mülahizələrinə, söhbətlərinə qulaq asmışam. Heydər Əliyev mənim Akademik Milli Dram Teatrında oynadığım 3 tamaşaya gəlib baxıb. Bu tamaşalar Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc”, Nəbi Xəzrinin “Burla Xatun” və Şekspirin “Hamlet” əsərləridir. Hər tamaşadan sonra mütləq bizimlə görüşüb müzakirələr edərdi, şəkillər çəkdirərdi. Hər tamaşa haqqında o qədər biliyə sahib idi ki. Tək tamaşa haqqında yox, elə aktyorlarımız haqqında da. Bir-bir hamıya diqqət ayırıb münasibətini bildirirdi. Teatrşünas, ədəbiyyatçı kimi danışırdı. Özü də hər zaman bizimlə söhbətlərində vurğulayırdı ki, teatrda çalışan insanlar fədakar adamlardır”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Sənubər İsgəndərli deyib. O daha sonra əlavə edib.
“Dövlət tədbirlərinin hamısında iştirak edirdi. Hər bir dövlət tədbirindən sonra yenə də gəlirdi səhnə arxasına. Zarafatları ilə, üzündə təbəssüm elə bir ovqat yaradırdı ki, tamaşadan sonrakı yorğunluq keçib gedirdi. “Burla Xatun” tamaşasında səhnənin üzərində böyük bir örtüy var idi, biz bütün qadın obrazları hamımız bu örtüyün altına girirdik. Yalnız başımız görünürdü. Sonra qızlar Burla Xatunu axtarırdılar. Örtüyü açıb çıxırdım ki, mənəm Burla Xatun. Məndən sonra bütün qızlarımız örtüyü açıb çıxırdılar. Bu artıq final səhnəsi idi. Ulu öndər tamaşadan sonra səhnəyə çıxanda zarafatla dedi ki, burada nə qədər gözəl qız var, onları niyə örtüyün altına salmısız? Bu zarafatı o həyəcanı tamam yox etdi. Hər kəsə diqqət ayırırdı. “Hamlet” tamaşasında baş rolu Fuad Poladov oynayırdı. Fuad Poladov neçə illərdir Akademik Milli Dram Teatrının səhnəsinə çıxmırdı, görünmürdü. Çox da təvazökar insan idi. Bir az arxada durmuşdu. Onu arxadan çəkdi irəli və dedi ki, bura gəl, səni çoxdandır mən görmürəm. Çox gözəl bilirdi ki, Fuad Poladov çoxdandır bu səhnədə oynamır. Bu da onun diqqətindən, hər aktyora olan münasibətindən xəbər verirdi. Rəhmətlik Siyavuş Aslan Heydər Əliyevə təşəkkür edib dedi ki, siz aktyorlara çox diqqət və qayğı göstərirsiz. Ulu öndər Siyavuş müəllimə dedi ki, sən nə bilirsən ki, bundan sonra nə edəcəm? Sözünün üstündə də durdu. Ondan sonra bizə prezident təqaüdləri təsis olundu. “Hamlet” tamaşasına 2002-ci ildə baxdı. Təxminən 1 həftə sonra incəsənət xadimlərinə fəxri adlar verdi. Mənim də “Əməkdar artist” fəxri adım ulu öndərimizin imzası ilə oldu. Biz bu qayğını bu gün də onun layiqli davamçısı, Ali Baş Komandan, cənab prezident İlham Əliyev tərəfindən hiss edirik. Allah dövlətimizi qorusun” deyə sənətkar bildirib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla