AZ

Azad sahibkarlığın inkişafı: Qanunlarımızda yetəri qədər güzəştlər var

Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb. Bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür.

Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli faktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov Bakıvaxtı.az-a bildirib ki, azad sahibkarlıq azad rəqabət şəraitində mümkündür. Bununla bağlı olaraq da ölkəmizdə Rəqabət Məcəlləsi qəbul edilib.

Onun sözlərinə görə, "azad sahibkarlıq" ifadəsi bir az nisbi ifadədir və bu ifadə doğru deyil. Çünki azad rəqabət var. Bütün hallarda sahibkarlığın fəaliyyətinə nəzarət olunması mütləqdir.

Eldəniz Əmirov azad sahibkarlığın inkişafı üçün qanunlarımızda yetəri qədər güzəştlərin olduğunu bildirir:

"Təbii ki, ayrı-ayrı qrumlar tərəfindən, digər aidiyyatı nazirliklər tərəfindən sahibkarlıq subyektlərinin dəstəklənməsi ilə bağlı bir sıra tədbirlər görülür. Eyni zamanda ölkəmizin qanunvercilik bazasında bir çox güzəştlər də yer alır. Bu həm işğaldan azad edilmiş ərazilərimi, həm də digər ərazilərimiz üçün keçərlidir".

Akif Nəsirli

Azad sahibkarlığa mane olan nüanslardan Bakıvaxtı.az-a danışan iqtisadçı Akif Nəsirli inhisarçılığın aradan qaldırılmasının vacib olduğunu qeyd edib:

"Azad sahibkarlığın inkişaf etdirilməsi üçün bazar iqtisadiyyatı şəraitində Azərbaycan üçün bir nömrəli problem hazırda inhisarçılıqdır. İnhisarçılıq varsa, artıq rəqabət də sıradan çıxır. Rəqabət sıradan çıxırsa, burada azad sahibkarlıqdan söhbət gedə bilməz".

İqtisadçının sözlərinə görə, adətən güzəştlər ilkin mərhələdə olur:

“Bəli, idarəedici hökumət hər hansı bir sahənin daha sürətlə inkişaf etməsini hədəfləyir və həmin seqmentə güzəştlər tətbiq edir, subsidiyalar verir. Hazırda Azərbaycanda da bu istiqamətdə müəyyən işlər görülür. Sahibkarların İnkişafı Fondu vasitəsiylə sahibkarlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır. İqtisadi zonalarda fəaliyyət göstərən sahibkarlar müəyyən müddətdə vergidən azad edilir, startap layihələrə başlayan kiçik sahibkarlar 3 il müddətindən vergidən azad edilir və s. Əslində Azərbaycanda azad sahibkarlığa dəstək var”.

A.Nəsirli sahibkarların fəaliyyət sahələrini şaxələndirməli olduqlarını vurğulayır:

"Sahibkarların fəaliyyətlərinin şaxələndirilməsi vacib məsələlərdəndir. Normal fəaliyyət göstərən sahibkar öz seqmenti üzrə bir neçə istiqaməti hədəfləməlidir. Belə olanda onun iistehsal etdiyi məhsula və yaxud göstərdiyi xidmətə təlabat aşağı düşərsə, digər xidmətlərin göstərilməsi üçün imkanlara malik olmalıdır. Bununla yanaşı xarici əlaqələr də qurulmalıdır. Sahibkarlar öz fəaliyyətlərini şaxələndirməlidirlər. Bir neçə ölkədən vacib olan malları almaq üçün şərait yaratmalıdırlar. Məsələn, hansısa sahibkar 1000 ton alüminium almaq istəyir. O, 1000 tonu bir ölkədən almamalıdır. Bir neçə ölkədən alsa, ölkə ona xammal satmayanda onun fəaliyyəti dayanmayacaq. Misal üçün 5 ölkədən xammal alırdısa, biri olmasa, digər dördünə müraciət edəcək. İxracatda da eyni qaydada davranmaq lazımdır. Fəaliyyət sahələri mütləq şəkildə şaxələndirilməlidir. Nə qədər çox şaxələndirilmə olarsa, bir o qədər təhlükəsizlik var".

Onun sözlərinə görə, dünyada maliyyə böhranı baş verəndə, sözsüz ki, bu, daha çox Azərbaycana, Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir. Çünki ölkəmiz neft gəlirlərindən asılı bir ölkədir.

“Biz diqqət yetirsək görərik ki, dövlət büdcəcəsinin 70%-ə yaxını neft gəlirlərindən formalaşır. İxracatın 90%-i neft gəlirlərindən formalaşır. Dünyada maliyyə böhranı olanda isə, neftin qiyməti minumuma enir. Maliyyə böhranı iqtisadi fəaliyyəti zəiflədir, effektivliyi azaldır. Əgər iqtisadi fəaliyyət aşağı düşürsə, azalırsa, ölkələrin ümümidaxili məhsulu, artıq tempi aşağı düşürsə, deməli onlara neft o qədərdə lazım olmur. Neftə təlabat aşağı düşür. Neftə təlabat aşağı düşəndə, təklif tələbi üstələyir və neftin qiyməti kəskin azalır. Neftin qiyməti kəsin azalanda Azərbaycan höküməti öz xərclərini ödəmək məcburiyyətində olur və bu ehtiyatlarında həcmi təxminən 8-9 milyard dollardır. Düzdür, biz həmişə deyirik 56-58 milyard dollar ehtiyatımız var. Əslində onlar ehtiyat deyil, əslində onlar aktivlərdir. Onların aktivlik səviyyəsi aşağıdır. Onlar pul deyil, əmlakdadır. O əmlakda hər hansı bir vasitəyə yatırılıb, icarəyə verilib", - deyə o əlavə edib.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla