AZ

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb.

DİA-dan AZƏRTAC-a bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası olan COP29-un Azərbaycanda keçirilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər kadrları üçün “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb.

Təlimlər mayın 6-dan iyunun 12-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Dövlət Statistika Komitəsi və digər qurumların əməkdaşları üçün nəzərdə tutulub.

Təlimin açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin yeni dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda çıxış edib.

Rektor belə bir tədbirin ölkəmizdə keçirilməsinin çox vacib olduğunu bildirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən də söz açan Urxan Ələkbərov ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını qeyd edib. Azərbaycanda qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirən rektor Urxan Ələkbərov Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib.

Sonra UNDP layihə rəhbəri Zaur Əliyev iştirakçılara təlim haqqında geniş məlumat verib.

Təlimlərdə iqlim dəyişikliyi sahəsində ekspertlərdən Rövşən Abbasov, Ramil Hüseyn, Təranə Cəfərova, Fuad Hümbətov, Zaman Hüseynov, Rəşad Hüseynov və Sevinc Saruxanovanın iştirak etməsi nəzərdə tutulur. Təlimlərin 6 həftə davam etməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
2
Mənbələr
Şərh ()
Bağla