AZ

Sülhə doğru...

COP29-a qədər bölgədə yeni siyasi mənzərə formalaşa bilər

Cənubi Qafqazın lideri Azərbaycan aparıcı regional aktor kimi qlobal proseslərdə mühüm rol almaqdadır. Xüsusilə, sülh və təhlükəsizlik uğrunda ortaya qoyulan səylərin bölgənin iqtisadi potensialı ilə uzlaşdırılması, yeni dövrün çağırışları ilə regionun iqtisadi-ticari, eyni zamanda enerji imkanlarını tarazlaşdırılması ölkəmizin apardığı siyasi kursun ən mühüm ştrixlərini ortaya qoyur. Azərbaycan bölgənin aparıcı iqtisadi amili olmaqla yanaşı, mühüm bir coğrafiyanın siyasi sabitləşdirici faktoru kimi də xarakterizə olunur. Bu fakt hətta Avropa məkanının dövlət başçıları tərəfindən etiraf edilir. 

Bəli, Azərbaycanın ortaya qoyduğu sülh gündəliyi qlobal məkanda təhlükəsizliyin təmini üçün olduqca vacib bir nüansdır - bu gün Cənubi Qafqazda seperatizmin sonunu gətirərək regionun gələcəyi üçün “yaşıl inkişaf konsepsiyası” formalaşdıran Azərbaycan öz prioritetlərini bu kimi amillərlə müəyyənləşdirir. “Yaşıl enerji” və “yaşıl dünya” prioritetlərini açıqlayan Azərbaycan dünyanın sağlam gələcəyi uğrunda əsaslı təşəbbüsləri ilə yadda qalmaq üçün sülhün ən vacib şərt olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir. Dünya ölkələri ən çətin, həssas durumlara düşən, hətta dilemma qarşısında qalan zaman Azərbaycan özünün sülh və yaşıl inkişaf konsepsiyası kimi beynəlxalq çağırışları, qlobal təşəbbüsləri ilə gündəmə gəlir. Təsadüfi deyil ki, müasir çağırışlar bəzi nüanslar üzrə qlobal dünyadan da vahid yanaşma, vahid mövqe tələb edir. Buraya isə dünyanın ən mühüm bəşəri dəyərləri - beynəlxalq hüquqa hörmət və riayət olunması, mövcud problemlərin aradan qaldırılmasında ədalətli mövqenin nümayişi kimi komponentləri də əlavə etmək zəruridir. Bu mübarizə isə birlik və həmrəylik şəraitində daha mühüm və effektiv nəticələrə yol açır.

Vasitəçisiz Almatı görüşünün əsaslı rolu... 

Azərbaycanın COP29-a ev sahibliyi etməsi də məhz bu amillərin açıq təzahürüdür - ölkəmizin sülh və təhlükəsizlik, yaşıl inkişaf xətti uğrunda apardığı mübarizə beynəlxalq aləm tərəfindən etiraf edilir və dəyərləndirilir. Təsadüfi deyil ki, Azərbaycanın ortaya qoyduğu təşəbbüslər həm də mühüm nəticələr verməsi ilə seçilir. O baxımdan ki, uzun illərdir davam edən Azərbaycan ilə Ermənistan arasındakı problemlər məhz qlobal COP29 tədbirinə qədər həll edilmə perspektivi qazanıb. Buna inam olduqca böyükdür. Eyni zamanda, prosesin inkişafı da buna işarə edir - mayın 10-da (bu gün-red.) Almatıda keçiriləcək görüş bu mənada xüsusi əhəmiyyət daşıya bilər. Xatırladaq ki, vasitəçi olmadan reallaşacaq bu görüş sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər üzərində iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Vasitəçisiz Almatı görüşü həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olma imkanlarına malikdir. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda bütün tərəflərin prosesin uğurlu inkişafına töhfə vermək üçün hazır olduqlarını bəyan etməsi isə buna ümidi daha da artırır.

İlham Əliyev: COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır

Azərbaycan isə hər zaman sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik. Azərbaycanın irəli sürdüyü 5 baza şərti isə BMT- nin təməl prinsiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımalıdır. Bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində ən mühüm addım sayıla bilər. Hazırda aparılan ikitərəfli təmaslar bu yöndə mühüm nəticələrə ümid yaradır. Müvafiq strukturların görüşməsi, sülhlə bağlı mövqelərin ortaq məxrəcə gətirilməsi sülhün çox uzaqda olmadığını deməyə də əsas verir. Bu isə 30 il davam etmiş ədalətsizliyin ortadan qalxmasına zəmin formalaşdıracaq. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında bildirdi ki, artıq müzakirə etdiyimiz kimi, sülh danışıqları prosesində ciddi irəliləyişə nail olmaq ehtimalının yüksək olması qənaətindəyəm: “Düşünürəm ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir”.

Nikol Paşinyan: Sülh müqaviləsi noyabr ayına qədər bağlana bilər

Təbii ki, məsələnin uğurlu nəticə ilə yekunlaşması üçün Ermənistanın siyasi iradə nümayiş etdirməsi də vacib faktordur. Məsələnin real həlli üçün Ermənistan özündə iradə tapmalı və sülhü imzalamalıdır. Nəzərə alınmalıdır ki, vaxtilə hətta sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların ən minimal nəticə verməməsinin əsas səbəbi də Ermənistanın mövqesizliyi olmuşdu. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti, xüsusilə fərqli xarici təsirlərin altında olması regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olurdu - bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışırdı. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidirdi. 

Ötən ilin sonlarında Azərbaycan ilə Ermənistanın müvafiq delimitasiya və demarkasiya komissiyalarının intensiv görüşləri, dekabrda əsirlərin azad edilməsi barədə əldə olunan razılıq və iki dövlətin rəsmi strukturlarının birgə açıqlama yayması, nəhayət bu ilin aprelində 4 kəndin qaytarılması ilə bağlı razılaşmaya gəlinməsi prosesin inkişafında yeni situasiya formalaşdırıb. Artıq Ermənistanın davranışları da müəyyən konstruktivlik ümidi verir ki, bu amil İrəvanın siyasi hakimiyyətinin rəhbərliyi tərəfindən də dilə gətirilir. Belə ki,  Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də  keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər bağlana bilər. Onun sözlərinə görə, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Ermənistanın baş naziri həmçinin iki ölkə XİN başçılarının Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir. 

Beləliklə, Ermənistanın sülhlə bağlı mövqeyində kardinal dəyişikliklər nəzərə çarpmaqdadır. Bu isə onu göstərir ki, rəsmi İrəvan özünün əsassız iddialarından əl çəkməyi və ölkəmizin önə sürdüyü şərtlər əsasında sülhə razılaşmağı hədəfləyib. Rəsmi İrəvan prosesin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün paralel səy göstərməlidir. Bu, həm yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrin reallaşması, həm yeni enerji çağırışlarının bölgənin imkanları ilə balanslaşdırılması, həm də Cənubi Qafqazın təhlükəsizliyinin təmini üçün mühüm perspektivlər yaradacaq. 

Beynəlxalq rəylər də təsdiqləyir...

Yeri gəlmişkən, beynəlxalq aləm də Almatı danışıqlarının sülh prosesində yeni mərhələ olacağına inanır. Fransanın “Le Figaro” qəzetində mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq vasitəçilikdən imtina mövzusuna dair dərc edilən və beynəlxalq münasibətlər üzrə ekspert Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici işlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyiş olacağı bildirilib. “Onilliklər boyu davam edən müharibədən sonra bölgədə sülhün yaradılması prosesi üçün ikitərəfli yanaşmanın bərpası ümidləri yalnız indi - dünyanın od tutub yandığı və beynəlxalq birliyin təkcə öz dibinə işıq sala bildiyi bir dövrdə çiçəklənir”, - deyə müəllif vurğulayıb. Onun fikrincə, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox köhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaq keçmişdə qalıb. “Həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin rəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndə heyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son razılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edən münaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Bu həftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli görüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi rol oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir: SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi burada imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu. İndi burada yenidən tarix yazıla bilər”, - deyə məqalədə vurğulanıb.

“İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslı ümidin, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu və sözügedən vasitəçilərin səbəb olduğu bir çox reallaşmamış gözləntilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimi yoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikaya reinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistik mərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz bu perspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerinə yetirə biləcəyinə ümid bəsləyir. Zəngəzur dəhlizi məsələsinin həlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşa çıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaq istəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıda keçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bu gerçəkləşərsə, çox simvolik hadisə ola bilər!”, - deyə müəllif S.Bussua bildirib.

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq