AZ

Ermənistan yenidən “cinahına” qayıtdı...

Paşinyan Qərbə yalanlar satmaqda davam edir

Ermənistanın illərdir ən yaxın müttəfiqi hesab edilən Rusiya ilə münasibətlərində yaranan soyuqluq ortaya bir sıra mühüm suallar çıxarmışdı. Qeyd edək ki, son dövrlərdə, xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya ilə münasibətlərində yaranan problemlər açıq ritorika ilə dilə gətirilirdi. Hətta Ermənistanın Rusiyanın rəqibi sayılan ölkə və təşkilatlarla əlaqələrini daha da gücləndirməsi, onlardan silah idxalına başlaması İrəvan-Moskva münasibətlərindəki ştrixləri ortaya çıxarırdı. Ermənistanın siyasi rəhbərliyi üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı “bəyanatlar” səsləndirir, qurumu Ermənistanın təhlükəsizliyi ilə bağlı “öhdəliklərə riayət etməməkdə” günahlandırırdı. İki ölkə arasındakı fikir ayrılıqları bir sıra fərqli sferalara daha aydın şəkildə təsir edirdi - o baxımdan ki, bu ilin əvvəlində Ermənistanın Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərməsi artıq vəziyyətin kritik hal almasının göstəricisi kimi dəyərləndirilirdi. Bu mənada, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclası çərçivəsində Rusiyaya səfəri böyük maraqla izlənirdi. 

Kreml sərhədçilərini geri çəkir?

Qeyd edək ki, səfər çərçivəsində erməni baş nazir Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdü. Təxminən 1 saatdan artıq çəkən görüşlə bağlı geniş təfərrüat bildirilməsə də, müzakirə predmeti olan bir sıra məsələlər ictimaiyyətə bəlli olub. Belə ki, Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya hərbçilərinin bundan sonra “Zvartnots” hava limanında xidmət aparmayacaqları barədə razılıq əldə olunub. Bu barədə Ermənistanın bəzi “Telegram” kanallarında məlumat yayılıb. Bundan əlavə, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər.

Xatırladaq ki, 1991-ci ildə Ermənistan müstəqillik əldə edən zaman respublikanın öz sərhədçiləri yox idi və sərhədlərini müstəqil şəkildə qoruya bilmirdi. Rusiya Federasiyası ilə Ermənistan arasında xarici sərhədlərin birgə mühafizəsi haqqında müqavilə bağlandı - 1992-ci il sentyabrın 30-da İrəvanda “Rusiya Federasiyasının Ermənistan Respublikası ərazisində yerləşən Sərhəd Qoşunlarının statusu və onların fəaliyyət göstərməsi şərtləri haqqında” dövlətlərarası saziş imzalandı. Sənədə əsasən, Ermənistanın Türkiyə (uzunluğu - 345 km) və İranla (45 km) sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. 2003-cü ildə FBS-in funksiyaları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verildikdən sonra Ermənistanda Rusiya Federasiyası FTX-nin sərhəd şöbəsi yaradılıb. Artıq uzun illərdir ki, adıçəkilən aeroport da daxil olmaqla Ermənistanın bir sıra strateji obyekti həmin sərhəd şöbəsi tərəfindən qorunur. 

Syunik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələrdəki Rusiya əsgərləri isə vurğulandığı kimi, 44 günlük müharibə dövründə - 2020-ci ilin oktyabrında yerləşdirilmişdi. Həmin vaxt bu məsələ ilə bağlı baş nazir Nikol Paşinyan EFE ispan agentliyinin əməkdaşı Pablo Qonsalesə müsahibəsində bildirmişdi ki, burada qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə rusiyalı hərbçilər Ermənistanın İranla və Türkiyə ilə sərhəddində əvvəllər də durub: İndi cənubda vəziyyətin kəskinləşməsi ilə bağlı onlar orada yerləşdirilib. Rusiyalı sərhədçilər Ermənistanın Türkiyə və İranla sərhəddində dururlar. Bu həmişə belə olub. Hazırda son baş verən hadisələrlə əlaqədar rus sərhədçiləri Ermənistanın cənub-şərq və cənub-qərb sərhəddində dururlar”.

Beləliklə, yeni mərhələdə Rusiyanın bu ərazilərdəki sərhədçilərini geri çəkməsi bölgədə formalaşacaq yeni siyasi-hərbi vəziyyətlə əlaqələndirilir. Belə ki, siyasi müxtəxəssislərin fikrincə, Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesinin hazırki vəziyyəti müəyyən müsbət perspektiv vəd etdiyi üçün Ermənistan yeni mərhələdə öz sərhədlərini öz sərhədçiləri tərəfindən qorumağa üstünlük verib. Rusiya isə bölgədəki təhlükəsizliyin təmini yönündə gedən bu prosesdə belə mövqe tutmağa üstünlük verib. 

İqtisadi asılılıq dərəcəsi və ya Qərb üçün açıq düstur...

Görüşün ən maraqlı detallarından biri, aylardır Rusiyaya qarşı sərt ritorika səsləndirən Ermənistanın fakt qarşısında qalması oldu - Paşinyan növbəti dəfə ölkəsinin iqtisadi asılılığının rəqəmlərlə ifadəsini eşitmiş oldu. Rusiya prezidenti öz çıxışında Ermənistanla Rusiyanın ticarət dövriyyəsinin 2023-cü ildə 7 milyard dolları keçdiyini, 2015-ci ildən isə Ermənistanın Aİİ ilə ticarət dövriyyəsinin 14 dəfə artdığını bildirməklə və bunları rekord göstərici adlandırmaqla Paşinyanı fakt qarşısında qoydu - “Qərb çətiri”nə sığınmaq sığınmaq istəyən Paşinyanın dönüb dolaşıb yenə də öz “cinahına” qayıtması tam bir reallıqdır. 

Ermənistanın Rusiyaya ixracının kəskin artması da bir sıra məqamları ilə maraq doğurur -  bu təsadüf deyil ki, Aİİ ölkələri ilə heç bir sərhədi olmayan Ermənistan qurumun ən böyük gəlir sahibidir. Xüsusilə, Ukrayna - Rusiya müharibəsi fonunda Kremlə istaqamətlənmiş sanksiyaların dəlinməsində Ermənistan əsaslı rol oynamaqdadır. Ermənistan əsasən BƏƏ-dən, o cümlədən Çin və Avropadan idxal etdiyi sanksiyalar altındakı malları Rusiyaya ixrac etməklə bu “göstəricini” əldə edib. Buna görə Rusiyaya ixracı son bir ildə 5 dəfəyə yaxın artıb, o cümlədən BƏƏ və Çinlə ticarəti 2 milyardı aşıb. Eyni zamanda, Rusiya özünə gərəkli bir sıra texniki avadanlıqları da Ermənistan üzərindən təchiz etməkdədir. Moskvanın Paşinyanın “KTMT-dən çıxıram”, “Qərblə dostlaşıram” kimi “bəyanatlarına” dözümlə yanaşmasının səbəbləri də burada gizlənir. Bu kimi bəyanatlarla özünü Rusiyaya qarşı kimi göstərən Ermənistan həm də Qərbə qarşı ikibaşlı oyun oynayır. Bir tərəfdən Qərbin “dəstəyini” və “inamını” qazanır, Rusiyaya qarşı apardığı mübarizədə onun yanında olduğunu “bəyan edir”, digər tərəfdən isə  Qərbin sanksiyalarından yayınaraq, Rusiya ilə ixrac göstəricisini ən yüksək səviyyəyə çatdırır. 

KTMT “oyunu” nəyə istiqamətlənib?

Qərbin bu detalı gözdən qaçırmayacağını, Ermənistanın onu aldatdığından duyuq düşəcəyindən narahat olan Ermənistan bu dəfə də özünəməxsus oyun oynamağa çalışıb. Belə ki, mayın 8-də Ermənistan XİN rəsmən bəyan etdi ki, İrəvan KTMT-nin maliyyələşməsini dayandırır. Bu açıqlama Paşinyan Moskvada olarkən və Putinlə görüşə hazırlaşarkən yayıldı. O da təsadüfi deyildi ki, Rusiya Federasiyası Baş nazirinin müavini vəzifələrini icra edən Aleksey Overçuk Avrasiya “beşliyi” liderlərinin Kreml sammitində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı vəziyyəti müzakirə etmədiklərini bəyan etdi. Beləliklə, Ermənistan yenidən səfər ərəfəsində Qərbə “hərbi yaxınlaşma” mesajı vermiş oldu. Bu, Paşinyana iqtisadi oyunlarını pərdələmək üçün mütləq şərtdir. Rusiyanın məsələyə səssiz qalması isə razılaşmaların olması fikrini bir az da qətiləşdirir. 

Bu həm də onu deməyə əsas verir ki, Ermənistan illərdir təmsil olunduğu “cinahı” əldən buraxmaq fikrində deyil. Müəyyən bir dövrdə Qərbin təsir dairəsində olduğunu “nümayiş etdirən” Ermənistan bundan siyasi speklyasiya vasitəsi kimi istifadə edib. Xüsusilə, 5 aprel görüşündə “umduğunu tapa bilməyən” Paşinyan Qərbin “vəd etdiyi” dəstəyin yalnız quru sözdən ibarət olduğunu, sülhə və təhlükəsizliyə əngəl törətdiyini, iqtisadi geriləməni daha da artıracağını, ən əsası isə ölkəsini bölgənin yeni enerji planlarından kənarda saxlayacağını gördü - beləliklə, yenidən özünün iqtisadi yaşama səbəbi olan Aİİ cinahına üz tutan Ermənistan bununla yeni münasibətlər qurmaqda maraqlı olduğun ifadə etdi. Sirr deyildi ki, baş nazir Paşinyanın bir müddətdir ki, Aİİ zirvələrində, KTMT toplantılarında iştirakdan imtina edirdi, bu tədbirlərə siyasi hakimiyyətin daha aşağı ranqlı təmsilçilərini yollayırdı. İndiki halda, Rusiya paytaxtına özünün gəlişi onu göstərir ki, İrəvanı dəstəkləyən Qərb “himayədarları” bir az daha dərindən fikirləşməlidirlər...

SADİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla