AZ

ABŞ hərbi kontingentini geri çəkir

Sahelidə Vaşinqtonu Moskva əvəzləyəcək

İllərdir dünyada gedən siyasi, hərbi və iqtisadi prosesləri öz nəzarəti altında saxlamağa çalışan ABŞ artıq bu funksionallığını itirməkdədir. Son illərdə qonşunlarını Əfqanıstandan və digər strateji ərazilərdən çıxaran Vaşinqton son olaraq Afrika qitəsindəki hərbi kontingentini geri çəkir. Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Senatının Təxsisatlar Komitəsində dinləmələrdə bildirib ki, Amerika Birləşmiş Ştatları bütün qoşunlarını Nigerdən çıxaracaq. Eyni zamanda, Ostin Afrika və Saheli bölgəsində əməliyyatın artırılmalı olduğunu söyləyib. Rusiya mediasının yaydığı məlumata görə, Pentaqon rəhbəri həmçinin bildirib ki, ABŞ dənizə çıxışı olan bəzi Qərbi Afrika dövlətlərində hərbi mövcudluq yaratmaq imkanını nəzərdən keçirir. “Bu, mühüm regiondur və biz hazırda Dövlət Departamenti ilə birlikdə həmin yerləri izləmək və potensial olaraq orada hərbi mövcudluq imkanları formalaşdırmaq, bu ölkələrin bir neçəsi ilə daha əhəmiyyətli tərəfdaşlıq qurmaq üçün işləyirik.

Ən maraqlı detal isə ABŞ-ın çıxdığı bölgəyə Rusiya hərbi kontingentinin yerləşməsidir. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin ABŞ-ın Nigerdəki bazasına daxil olmasını şərh edərkən bildirib ki, Rusiya və Afrika bir-biri ilə hərbi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. “Biz Afrika dövlətləri ilə əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik”, - Kremlin sözçüsü jurnalistlərə bildirib.

Xatırladaq ki, “Reuters” agentliyi Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən Rusiya hərbçilərinin Nigerdəki Amerika hərbi bazasının ərazisinə daxil olduğunu yaymışdı. Xəbərin mənbəyi qeyd etmişdi ki, hərbçilərin bir-biri ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, rus qırıcıları ayrıca anqarda yerləşdirilib. ABŞ isə Niger hakimiyyətinin tələbi ilə öz hərbi kontingentini Afrika dövlətindən çıxarır. 1000 Amerika əsgəri artıq ölkəni tərk edib.

Fransızlar qovuldu...

Böyük uran ehtiyatlarına malik olan Niger 2023-cü ilin yayından ölkə prezidenti Məhəmməd Bazumu devirən hərbçilər tərəfindən idarə olunur. Keçid hökuməti Avropa İttifaqı ilə bir neçə hərbi razılaşmanı pozub - Fransa hərbi kontingenti isə tam olaraq ölkədən çıxarılıb. Nigerin hansı səbəblə bu qədər mühüm əhəmiyyət daşımasına gəldikdə isə, ölkə uzun illərdir ki, dünya ictimaiyyətinin diqqətini cəlb edir. Qərbi Afrikadakı keçmiş Fransa müstəmləkəsi 1960-cı ildə müstəqillik əldə etdikdən sonra bir neçə çevrilişlə üzləşdi, lakin bütün dövrlərdə Fransa “protektoratlığında” yaşamalı oldu. Çünki Niger zəngin uran ehtiyatlarına malikdir, Fransanın nüvə sənayesi isə ondan çox asılı idi. Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, bu Afrika ölkəsi uran istehsalına görə dünyada yeddinci yerdədir. 2021-ci ildə Niger Avropa İttifaqını bu xammalla ən çox təmin edən ölkə kimi tarixə düşüb. Fransanın Orano şirkəti isə 50 il buradakı uran mədənlərini istismar edib. Fransa şirkəti ehtiyatları 100 min tonlarla ölçülən yeni yataqları istismar etmək üçün yeni planlar qursa da, 2023-cü ildə baş verən hərbi çevriliş onları bu dövlətdən “aralı saldı”. Qərbə sadiq prezident Mohamed Bazumi general Abdurahman Çiani tərəfindən əvəz edildi. Həmin dövrdə  ABŞ da daxil olmaqla bir çox Qərb dövlətləri hakimiyyətin hərbi yolla dəyişdirilməsini pislədi və ECOWAS (ondan çox dövlətin daxil olduğu Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi) hətta müdaxilə ilə hədələdi. Məsələdən ən çox zərər çəkən isə Fransa olmuşdu. Hətta prezident Emmanuel Makron Nigerdə hərbi əməliyyatlara başlayarsa, ECOWAS-ı dəstəkləməyə hazır olacağını bildirmişdi.

Hərbi əməkdaşlıq müqavilələri ləğv edildi...

ABŞ kontingenti və Avropanın silahlı birləşmələri Nigerdə “cihadçı qruplarla mübarizə” fonunda yerləşdirilmişdi. Hətta o dövrdəki Niger siyasi rəhbərliyi həm fransızlarla, həm də ABŞ ilə terrorizmə qarşı mübarizədə birgə işləmək öhdəliyi yaradan hərbi müqavilə imzalamaq məcburiyyətində qalmışdı. Əvvəlcə 101 saylı aviabazada yerləşdirilən ABŞ qüvvələri hərbi çevrilişdən sonra Aqadez şəhərindəki 201 saylı aviabazaya köçürüldü. Bu hərbi baza altı il əvvəl tikilmişdi və 110 milyon dollara başa gəlmişdi. Baza 2018-ci ildən bəri İŞİD və Əl-Qaidəyə bağlı “Camaat Nusrat al-Islam vəl Muslimiin” (JNIM) silahlıları ilə döyüşmək üçün istifadə olunurdu - hərbi pilotsuz uçuş aparatlarının qaldırılması üçün yararlı idi.

Göründüyü kimi, fransızların qovulmasının ardından amerikalıların da çıxışı artıq rəsmiləşir. 2024-cü ilin martında Niger hakimiyyəti ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiklərini açıqlayıb. Bu bəyanat Nigerlə əlaqələri bərpa etmək istəyən yüksək səviyyəli Amerika nümayəndə heyətinin səfərindən bir gün sonra verib. Bütün cəhdlər uğursuz olub.

Rusiya ABŞ ilə eyni bazada...

ABŞ ilə müqavilə pozulduqdan bir ay sonra isə məlum olub ki, Rusiyadan Nigerə yüz hərbi təlimatçı gəlib - 2023-cü ilin dekabrında Rusiya Müdafiə Nazirliyinin rəis müavini Yunus-Bek Yevkurov və Nigerin hazırkı müdafiə naziri Salifu Modi müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıblar. Bunun fonunda hərbi hökumət Avropa İttifaqı ilə də analoji müdafiə sazişindən imtina edib. Hazırki hərbi hökumət ilə Rusiya arasındakı münasibətlər isə müsbət sayıla bilər - general Çiani Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edənlər arasında yer alıb və sonradan hətta iki dövlət başçısı arasında telefon danışığı belə reallaşıb. Xüsusilə, Saheldəki vəziyyət (Nigerin yerləşdiyi Sahara və tropik Afrika arasındakı ərazi) və terrorizmlə mübarizə tədbirlərinin əlaqələndirilməsi, yəni əvvəllər Qərbin məşğul olduğu məsələlər müzakirə edilib. Bu il mayın 2-də isə Rusiya hərbçiləri amerikalıların hələ də qaldıqları 101 saylı aviabazanın ərazisində yerləşdiriliblər. Reuters-in məlumatına görə, Rusiya kontingenti ayrıca anqardan istifadə edir. Beləliklə, yeni dövrdə Sahel ərazisində təhlükəsizliyin təmini uğrunda mübarizəyə ABŞ və  Aİ deyil, Rusiya nəzarət edəcək...

SADİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
271
50
Mənbələr
Şərh ()
Bağla