AZ

Aydın gələcəyin simvolu!

Heydər Əliyev Mərkəzinin açılışından 12 il ötür...

Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu və əsrarəngiz binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı. Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb. Binanın ağ rəngdə olması isə aydın gələcəyi simvolizə edir.

Heydər Əliyev Mərkəzi Prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycanın Ümummilli Liderinin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.

Britaniya mükafatı...

Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, “Pritzker” memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Xatırladaq ki, 2014-cü ilin iyununda Heydər Əliyev Mərkəzinin binasının dizaynına görə, Britaniyanın “Design Museum” təşkilatı Zaha Hadidə “İlin dizaynı 2014” mükafatını məhz Bakıda təqdim etmişdi. İndi isə məlum olur ki, bu tikili sadəcə ilin yox, həm də onilliyin dəyərli memarlıq əsəri kimi dünya çapında təqdir olunur.

Daxili və xarici dizaynın həmahəngliyi

Binanın quruluşunun - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub...

Beynəlxalq tədbirlərin məkanı...

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulub. Sahəsi 40 000 kv.m olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunub. Heydər Əliyev Mərkəzi eyni zamanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Mərkəz müxtəlif beynəlxalq təşkilatlar, digər ölkələrin analoji qurumları, muzey və sərgi mərkəzləri ilə əməkdaşlıq edir və mütəmadi olaraq bu əlaqələri genişləndirir.

Mərkəz Avstriya, Belçika, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Sloveniya, Türkiyə və digər ölkələrin müxtəlif qurumları, muzey və sərgi mərkəzləri ilə birgə əməkdaşlıq nəticəsində tədbirlər, sərgilər təşkil edib. Eyni zamanda Böyük Britaniya, Fransa, İsrail, İtaliya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrdə bir sıra layihələr həyata keçirib. Heydər Əliyev Mərkəzi bugünədək bir sıra beynəlxalq təşkilatlara üzv qəbul olunub.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Heydər Əliyev Muzeyi...

Qeyd edək ki, Mərkəzin daxilində Heydər Əliyev Muzeyi yerləşir.

Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü də məhz Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir.

Burada Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zal fəaliyyət göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də Ümummilli Liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalıdır.

Muzeyin “Beynəlxalq əlaqələr” bölməsində məlumatlar xüsusi qlobus vasitəsilə çatdırılır. Belə ki, qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda öz əksini tapır.

Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır.

Yeganə BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla