AZ

Dostluq və qardaşlıq nümunəsi

Azərbaycanla Türkiyə arasında əlaqələr yüksələn xətlə inkişaf edir

Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bugünkü münasibətlərimiz də  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətçilik” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə  bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim güclənməkdədir.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər. 

Qeyd edək ki, 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük  erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı  Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. İqtidar və müxalifət partiyalarını təmsil etməsindən asılı olmayaraq, bütün siyasi qüvvələr də Azərbaycanın yanında oldular.   Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyənin siyasi dəstəyi sayəsində bir çox dövlətlər qarışa bilmədi. Bu amil bizim qələbə qazanmağımıza çox böyük təsir göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu. Ötən ilin sentyabrında ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Əminliklə demək olar ki, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. 7-8 may tarixlərində Azərbaycanın Baş naziri Əli Əsədovun  Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, tədbirlər və müzakirələr də bu reallığı təsdiqləyir. Qeyd edək ki, səfər zamanı Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırıb. Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

Azərbaycanın Baş naziri Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla da görüşüb, iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Bundan əlavə, Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib. İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib. Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası təqdir edilib.

Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarət dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə edilib. 2023-cü ildə qarşılıqlı ticarətin 31 faiz artaraq rekord 7,65 milyard ABŞ dollarına çatdığı bildirilib, ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərmək əzmində olduqları diqqətə çatdırılıb. Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulanıb.

Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planını imzalayıblar. İki ölkə arasında, həmçinin digər sənədlər də imzalanıb.

Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə biznes forumu da keçirilib. Əli Əsədov və Cevdet Yılmaz forumun açılış mərasimində çıxış ediblər. Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirilib. Biznes forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Onu da qeyd edək ki, Baş nazir Əli Əsədov Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək göstərib. 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

Azərbaycan tərəfinin icraçı qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov layihə çərçivəsində görülən tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verib. Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Beləliklə,  Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf dinamikasına malikdir. Bu iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üçün unikal bir nümunəyə çevrilib.

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla