AZ

Müstəqil Azərbaycanın memarı- ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV – 101

"Doğma, canım - varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram".
Heydər ƏLİYEV 

xxx

"Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq".                                                                                                                   
İlham ƏLİYEV
 

Bu gün dünyada müstəqil xarici siyasət yürüdən, mürəkkəb coğrafi məkanda yerləşməsinə baxmayaraq, qısa müddətdə özünün ərazi bütövlüyünü bərpa edən, öz siyasi-iqtisadi və dövlət maraqlarını qoruya bilən ölkələrdən biri kimi tanınan Azərbaycan tarixin ən qüdrətli dövrünü yaşayır. Dünyada sabitlik adası kimi səciyyələndirilən respublikamız mükəmməl təhlükəsizlik sisteminə malik ölkələr sırasında layiqli yerini tutur. 
Güclü xalq, güclü dövlət və güclü lider vəhdəti sayəsində sürətli tərəqqiyə nail olmuş, xarici dövlətlərlə qarşılıqlı münasibətlər çərçivəsində etibarlı tərəfdaş kimi böyük beynəlxalq nüfuz qazanmış Azərbaycan bu gün gələcəyə inamla və qürurla addımlayır. 
Bütün bu nailiyyətlərin təməlində xalqımızın mübarizlik əzmi, ən başlıcası isə ona çətin, ağır günündə daim dayaq olmuş, bütün ömrünü həsr etmiş tarixi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri və millət sevgisi durur. 
Hələ ötən əsrin ortalarından başlayaraq Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı layihələr müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək xalqımızın azad, müstəqil gələcəyinin təmin olunması üçün zəmin hazırlamışdır. 
Həmişə xalqına sədaqətini əməli fəaliyyəti ilə sübut edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hərbi kadrlar hazırlayan təhsil müəssisəsini - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbi yaratmaqla Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilinə nail olmuşdur. Dövlətçiliyimizin hərbi potensialının formalaşdırılmasına yönəlmiş bu cəsarətli addımın müstəqil dövlət quruculuğundakı rolu əvəzsizdir.
Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın. Ulu Öndər sonralar həmin dövrü xatırlayarkən demişdir: "O illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır...".
Canından çox istədiyi xalqına müstəqil və qüdrətli Azərbaycan bəxş edən Ulu Öndər Heydər Əliyevin böyük qürur hissi ilə dediyi "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. 
Heydər Əliyevi Ümummilli Lider səviyyəsinə yüksəldən əsas cəhətlərdən biri də onun Azərbaycanla, Azərbaycan xalqı ilə qırılmaz tellərlə bağlı olması idi. O, bu barədə deyirdi: "Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana, Naxçıvanda yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir". 
Ümummilli Lider Heydər Əliyevin xalqımız və tarix qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən xilas edərək dövlətçiliyimizi qoruyub saxlaması idi. 
1993-cü ildə ölkəmizin üzərini qara buludların aldığı çətin və taleyüklü bir vaxtda Ulu Öndər xalqının imdadına yetişərək onu düçar olduğu bəlalardan və xaosdan çıxarmaq üçün çox ağır, lakin bir o qədər şərəfli bir vəzifəni üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. 
Çətin və ağır günlərində sınaq qarşısında qalanda xalqının səsinə səs verən dahi rəhbər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyərək hakimiyyət sükanının arxasına keçməklə qısa müddətdə dövlətlə xalqın birliyini, yekdilliyini təmin etdi. Məhz müstəqil, vahid, dünya birliyinin tanıyıb hörmət etdiyi Azərbaycan kimi dövləti yaratmaq xilaskar kimi Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyevin müdrik siyasəti nəticəsində qorundu, əbədi və dönməz oldu. 
Əldə edilən daxili sabitlik müstəqilliyin sonrakı mərhələsində ölkəmizin qazandığı ən ciddi nailiyyətlərdən biri kimi respublikanın bugünkü tərəqqisinə yol açdı, Azərbaycanın yüksəlişində həlledici amil oldu. Ulu Öndər siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müasir, qüdrətli Azərbaycanın təməlini qoydu. Qısa müddət ərzində gənc Azərbaycan Respublikasının dünya miqyasında nüfuzu artmağa başladı.
Azərbaycan xüsusi xidmət orqanlarının milliləşməsi, ümumiyyətlə inkişaf tarixi də bilavasitə ömrünün 25 ilini bu orqana həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev bu orqana öz qayğısını heç vaxt əsirgəməmiş, burada çalışanların qarşısında vətənpərvərlik və peşəkarlıq meyarları üzrə ciddi tələblər qoymuş, onları milli maraqların qorunmasına səfərbər etmişdir.
Ulu Öndər Heydər Əliyev onlara müraciətində bildirirdi: "Mәn bu gün böyük iftixar hissi ilә deyә bilәrәm ki, dövlәt tәhlükәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә işlәdiyim zaman, bu orqanın başçısı olduğum zaman vә ondan sonra Azәrbaycan Respublikasının başçısı olduğum zaman Azәrbaycan xalqının milli mәnafeyinә әks olan heç bir addım atılmamışdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi. Tarixən bu xalq çox repressiyalarla, günahsız təqib və təzyiqlərə məruz qalmışdır. Siz, bu repressiyalardan ibrət dərsi almalısınız, çalışmalısınız ki, bir nəfər də olsun günahsız insan cəzalandırılmasın".
Bu gün Azərbaycanın təhlükəsizlik orqanları Heydər Əliyevin şanlı peşəkarlıq irsini şərəflə və uğurla davam etdirərək dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkənin milli maraqlarının təmin olunması istiqamətində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımıza və dövlətçiliyimizə sədaqətlə xidmət edirlər.
Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən Ümummilli Lider dünya azərbaycanlılarına müraciət edərək deyirdi: "Əgər sən azərbaycanlısansa, bilməlisən: dünya azərbaycanlılarının bir müstəqil dövləti var - Azərbaycan, dünya azərbaycanlılarının bir tarixi Vətəni var - Azərbaycan. Dünya azərbaycanlıları öz tarixi vətənlərini, müstəqil dövlətlərini müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər".
Ulu Öndərin dövlətçilik xəttinin və azərbaycançılıq məfkurəsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı və cəsarətli daxili və xarici siyasət strategiyası nəticəsində əldə edilmiş uğurlar Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna bariz nümunədir. 
Ümummilli Lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində Prezident İlham Əliyevə özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini, ona etibar etdiyini deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 
Bu inam özünü Azərbaycanın tarixin ən qüdrətli dövrünü yaşaması, beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibi olması ilə və nəhayət cəmi 44 günə qazanılan Qarabağ Zəfərində bir daha əyani şəkildə göstərir. Vəsiyyəti yerinə yetirilən Ulu Öndərin bu gün ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə təmin edildi, Qarabağ əbədi azadlığına qovuşdu. Bu qələbə xalqımızın tarixinin şərəf və ləyaqət səhifəsinə qızıl hərflərlə yazıldı.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik və təhlükəsizlik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısı demişdir: "Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq".
Bu gün hər birimiz fəxr edirik ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil ölkənin vətəndaşıyıq, onun bütün qəlbi ilə sevdiyi və dərin məhəbbətlə bağlı olduğu bir xalqın övladıyıq. Ulu Öndərin təlqin etdiyi azərbaycançılıq ideologiyası hər birimiz üçün vətənpərvərlik məktəbi, Vətənə sədaqət dərsidir. Ümummilli Lider Heydər Əliyev hər zaman hər bir azərbaycanlının yaddaşında qurucu və xilaskar dövlət xadimi və xalqının əbədi sevgisini qazanmış Öndər kimi qalacaqdır! 

H.Zeynallı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
olaylar.az

10Mənbələr