AZ

Adil İsgəndərovdan səhnə “pasport”u almış aktrisa

Şekspir deyirdi ki, aktyorlar öz dövrlərinin salnaməsini yazırlar. Bu dəfə “XQ”nin oxucularına Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərova ilə söhbəti təq­dim edirik. 

– Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin profes­soru. Səhnə və auditoriya. Sizin üçün hansı önəmlidir? 

– Belə bir şablon deyim var: Mə­nim üçün mükafat, fəxri ad önəmli deyil, əsas sənətdir. Mənə elə gəlir ki, fəxri adın, mükafatların yeri bir başqadır, çünki onların arxasında böyük zəhmət dayanır. Bu baxımdan mənim üçün hər ikisi əzizdir, həm fəxri ad, həm də elmi dərəcə. Birini o birindən ayıra bilmərəm. 

– Prezidentin Fəxri diplomuna layiq görülmüsünüz. Bütün bun­ları sənətin zirvəsinə çatmağın göstəricisi hesab etmək olarmı?

– Mükafatlar mənə yox, sənətimə verilir. Heç zaman mükafata görə iş görməmişəm. Dost da, düşmən də bilir ki, bu sənəti sevərək gəlmişəm. Qırx altı ildir ki, səhnədəyəm, amma hər dəfə işimə həvəslə və məsuliy­yətlə, ilk dəfə səhnəyə çıxırmış kimi yanaşıram. Bəli, səhnə mənim hə­yatımdır. Hansısa rolu oynayanda düşünməmişəm ki, buna görə mənə mükafat versinlər. Taleyimdən çox razıyam ki, fəxri adları, mükafatla­rı vaxtında veriblər, gözlətməyiblər. Aktyor ömrü yaşayıram, bəlli bir yaşım var, amma yenə səhnədə ol­maq, tamaşaçını təəccübləndirmək istəyirəm. 

– Deyirlər ki, aktyor peşəkar­laşdıqca əvvəlki həyəcanı itir, çıxı­şı ona yerinə yetirdiyi adi iş kimi gəlir...

– Həyəcan tam keçməsə də, əv­vəlki kimi olmur. Onu peşəkar məsu­liyyəti əvəzləyir. Düşünürsən, illərdir səhnədəyəm, bu dəfə də ən yax­şısını etməliyəm. Özünə daha çox güvənirsən. Dönüb arxaya baxanda fəxr edirəm ki, gözəl obrazlar yarat­mışam. Bu, indi də davam edir. 

– Bayaq bir ifadə işlətdiniz – dost da bilir, düşmən də. Maraqlı­dır, sənətdə düşmən kimə deyilir?

– Sənət aləmi intriqasız olmur. Hərdən deyirlər: intriqasız teatr ma­raqsız olur. Mən işimi heç vaxt kimin­ləsə rəqabət, intriqa üstündə qurma­mışam. Sənətdə bəlli bir düşmənim də olmayıb. Qırx altı ildə neçə direk­torla, baş rejissorla işləmişəm. Hələ indi özümdə cəsarət tapıb hansısa obrazı oynamaq istəyimi dilə gəti­rirəm. Mənim arzum–istəyimlə qoyu­lan tamaşalar var, artıq o mərhələyə gəlib çatmışam. Rejissorların da təq­dim etdiyi pyeslər var. Bu da mənim üçün şərəfdir. 

– Akademik teatra birbaşa tələ­bəlikdən gəlmək ciddi bioqrafik göstəricidir. Bu, necə baş verdi? 

– Hələ instituta qədər Lütfi Məm­mədbəyovun dram dərnəyinə gedir­dim. O, Akademik Milli Dram Teat­rında rejissor işləyirdi. İnstitutda kurs rəhbərim Adil İsgəndərov olub. 1977-ci il idi, bir gün Lütfi Məmmədbəyov məni teatra çağırdı və dedi ki, səni Tofiq Kazımova təqdim edəcəm. Bi­rinci kursda oxuyurdum. Tofiq müəl­lim həmin vaxt Axundzadənin “Müs­yö Jordan dərviş Məstəli şah” əsərini tamaşaya qoymağa hazırlaşırdı. Məni çox danışdırdı, dinlədi, diqqət­lə müşahidə etdi. Elə anladım ki, xo­şuna gəldim. Amma sonra xeyli vaxt keçdi, xəbər çıxmadı. Düşündüm ki, yəqin bəyənmədi, gedib soruşmaq, maraqlanmaq xasiyyətimdə yoxdur. Üçüncü kursda oxuyanda mənə bir əsər verib dedilər ki, Tofiq Kazımov göndərib. Əkrəm Əylislinin “Quşu uçan budaqlar” əsərində Səltənət ro­luna dəvət olundum. Tofiq Kazımov əsəri verib Lütfi müəllimə və deyib ki, “o göyçək qızı” çağır, artıq təsdiqlə­nib, rol onundur. Demək, yadında qalmışam. Tofiq Kazımov gənclərə meydan açan novator rejissorlardan idi. Hamını maraq götürmüşdü ki, rol təsdiqlənib, amma heç kim bilmir bu Bəsti Cəfərova kimdir. İlk premye­ram 1978-ci ildə oldu. O vaxtdan ta­leyimi Akademik Milli Dram Teatrına bağladım. Bu teatr mənim evimdir. 

– Dediyiniz kimi, tələbə ikən ilk addımınızı bu teatrda, həm də baş rolla atmışınız. Eyni vaxtda Vaqif İbrahimoğlunun Tədris Teatrında işləmisiniz. Fərqli estetikalı iki səh­nəni uzlaşdırmaq çətin deyildi? 

– Vaqif İbrahimoğlu Rəsul Rza­nın “Qanun” televiziya tamaşasını hazırlamaq istəyirdi. Ora dəvət et­mişdi. Teatrda ilk addımım uğurlu oldu. Ardıcıl surətdə yeni rollara dəvət alırdım. Tofiq Kazımov dünya­sını dəyişəndən sonra Vaqif İbrahi­moğlu mənə dedi ki, o, səni inkişaf etdirmək istəyirdi, indi onun missiya­sını öz üzərimə götürəcəm. Deyirdi ki, həmişə əsas rolları oynayacaq­san, amma hərdən səni epizodik rollarda da sınayacam ki, təcrübən artsın. Ekzüperinin “Balaca şahza­də” əsərində xırda bir rol verdi. İndi komediya da oynayıram, drama da. Qətibə İnanc da oluram, Xanuman da. Ampula çeşidinə görə Vaqif İbra­himoğluya borcluyam. 

– İç dünyanıza hansı daha yaxındır – Nayman ana, Qətibə İnanc, yoxsa Xanuma, Felemona Marturano?

–Hələ ilk kurslarda oxuyanda Adil İsgəndərov dedi ki, Bəsti sənət­də qalacaq. Ona yaxşı qismət çıxsa, sənəti atmayacaq. Həmişə düşünür­düm ki, görəsən, Adil müəllim o fikri nəyə əsasən deyirdi. İndi özüm pe­daqoqam, iyirmi ildir dərs deyirəm və görürəm ki, pedaqoq tələbənin nəyə qadir olub-olmadığını yaxşı bilir. O, məni faciə janrının aktrisası kimi görürdü. Üçüncü kursda “Dağılan tifaq”da Sona xanımı oynayırdım. Əlbəttə, dramatik janr mənə daha doğmadır, komediya isə yaradıcılığı­ma ayrı rəng qatır. 

– Televiziya tamaşalarında da çəkilmisiniz. Xüsusilə, “Solğun çiçəklər”dəki Pəri obrazında, bə­dii anlamda, nifrət, qazanmışdı­nız...

– Çox təşəkkür edirəm. 

– İndi, sanki, bu sahədə bir boşluq var. Bunu hiss edirsiniz­mi?

– Sözün düzü, yox, çünki indi te­letamaşaların yerini seriallar tutub. Dəvət olunuram, amma getmirəm. O missiyanı üstümə götürməyə eh­tiyat edirəm. Təbiətcə elə adamam ki, gərək gördüyüm iş mükəmməl olsun, yarımçıq işi xoşlamıram. Bü­tün gücümü teatra verirəm. Pedaqoji fəaliyyətim də çox önəmlidir. Artıq bəlli bir yaşım var, əlavə işin altına girib öhdəsindən gəlməsəm, bunu özümə bağışlamaram. Telekanallar­da haqqımda verilişlər çəkilir, məm­nuniyyətlə gedirəm, çünki ölüm-itim dünyasıdır, fondda bizim də lentimiz qalsın... 

– Sənət yolunuzda kinonun da izi var... 

– Cəmi bir filmdə, Oktay Mirqa­sımovun “Günaydın, mələyim”də çəkilmişəm. İstərdim kinoya çəkilim, amma bunu özümə dərd eləmirəm, teatr artistiyəm. 

– Milli səhnəmizin sabahını necə görürsünüz? 

– Yaxşı görürəm, yeni bədii rəh­bərimiz Mehriban Ələkbərzadə teat­rımızın yetirməsidir. Yeni, yaxşı iş­lərə başlamışıq. Ümidimiz böyükdür. Qırx altı il bir igidin ömrüdür. Burada ad-san qazanmışam, yaxşı obraz­lar oynamışam. İstəyirəm ki, teatra istedadlı artistlər gəlsin. Adil İsgən­dərovdan dərs almışam, müəyyən təcrübəm var, yetirməm olan gənc­ləri bizim teatrın səhnəsində görmək istəyirəm. Təkcə mənim tələbələrim deyil, bütün istedadlı gənclər teatrla­rımıza gəlsinlər.

Söhbəti qələmə aldı:
Ramilə QURBANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla