AZ

Sumqayıtda kitab bayramı

Gənclik şəhərindəki Əli Kərim adına “Poeziya Evi”ndə hər zaman bu və ya digər kitabla bağlı təqdimatlar, “İmza günləri” keçirilib. Amma budəfəki qədər qələbəlik olmayıb. Çünki şeir-sənət məkanında VI Milli Kitab Sərgisinə start verilib və müxtəlif nəşriyyatların buraxdığı minlərlə kitab endirimli qiymətlərlə satışa çıxarılıb, tanınmış şair və yazıçılar oxucularla görüşə gəliblər.

Bu gün anadan olmasının 101 illiyi qeyd olunan Ulu öndər Heydər Əliyevin adını da­şıyan parkda yerləşən “Poeziya Evi” sərgi ilə əlaqədar bayramsayağı bəzədilib. Uzaqdan eşidilən həzin musiqi sədaları hər kəsi yaxın gəlib qələbəliyə qoşulmağa səsləyir. Biz də bayrama qatılırıq.

Baş tərəfdə Sumqayıt Milli Kamera An­samblının ifasında klassik musiqilər səslə­nir. Onları dinləyib zövq alanlar da çoxdur, kitab piştaxtalarına baxa-baxa yeni nəşrlərlə tanış olanlar da. Ansamblın bədii rəhbəri və dirijoru Şərqiyə Mustafayeva belə bir yerdə konsert verməyin əsl zövq işi olduğunu vur­ğulayır.

Çox keçmədən sərginin açılış mərasimi başlanır. Tanınmış yazıçı-dramaturq Əyyub Qiyas deyir ki, “Qanun” Nəşrlər Evinin təşki­latçılığı ilə sərgilənən bayram neçə-neçə nəş­riyyatı, kitab evlərini, mağaza şəbəkələrini bir çətir altına toplayıb. Sərgi eyni zamanda, Sumqayıtın qarşıdan gələn 75 illik yubileyinə həsr olunub. Proqram zəngindir, müxtəlif pa­nellər, müzakirələr, görüşlər, “İmza günləri” olacaq.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu, Abşeron–Xızı Regional Mədə­niyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, qo­caman şair Əvəz Mahmud Lələdağ, Poeziya Evinin direktoru İbrahim İlyaslı, tərcümə­çi-redaktor Şərif Ağayar və başqaları da sər­ginin uğurla keçməsini, tələb və təklifin uz­laşdırılmasını, hər kəsin kitabla ünsiyyətinin daha da artmasını arzulayırlar. Qeyd olunur ki, böyük Nizami Gəncəvi demişkən, kitab oxumaq gizli xəzinələrdən dürr çıxarmağa bərabərdir. Bu, həm dünyagörüşünü, bilgiləri artırır, nitq qabiliyyətini cilalayır. Qoy, hər kəs kitablarla yaxın dost olsun!” 

Beləcə, dördgünlük kitab sərgisinə start verilir. Burada “Qanun”la bərabər, “Alato­ran”, “Ting”, “Üçbucaq”, “Kosmo” nəşriy­yatlarının, “Ziya Bilim Evi”nin məhsulları nümayiş etdirilir. “Ali və Nino”, “Kitab al”, “Karamazov”, “Kitabçı”, “Novella”, “Papili­on” kitab evləri və mağazaları ucuz qiymətə dəyərli ədəbiyyat nümunələri təklif edirlər.

Sərgidə çoxlu tanış simaya rast gəlirik. Ünlü qələm sahibi – Azərbaycan və Bela­rus Yazıçılar Birliyinin üzvü, “Qızıl Kəl­mə” və “Rəsul Rza” mükafatları laureatı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli ilə həmsöhbət oluruq.

– Bu, bir kitab bumudur, – deyə yazıçı təəssüratını bölüşür. – Son vaxtlar Bakıda və ölkəmizin müxtəlif şəhərlərində belə bay­ramların keçirilməsi ənənəyə çevrilir. Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı, Bakı Beynəlxalq Kitab Sərgisi, Uşaq Kitab Festi­valı... bütün bunlar, ilk növbədə, insanlarda mütaliə mədəniyyətini yüksəldir. Bir qələm əhli kimi deyim ki, belə bayramlar adama olduqca xoş təsir bağışlayır. Kitabsevərlərin sərfəli qiymətə ədəbiyyat seçimi imkanı da genişdir, müəlliflərlə, naşirlərlə görüşlər də əsl fürsətdir. Təşkilatçılara hər hansı kitabla bağlı onlayn müraciət etmək də olur.

Jurnalist dostum Fərman Qaradağlı da ürək sözlərini söyləyir:

– Elə ötən payız Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında belə bir möhtəşəm bayram – III Sumqayıt Kitab Sərgisi təşkil olunmuşdu. Bu da kitabçılar və kitabsevər­lər üçün növbəti gözəl imkandır. Ayrı-ayrı stendlərə düzülmüş çeşidli kitablar ilk baxış­dan müasir poliqrafik dizaynı və mövzu rən­garəngliyi ilə seçilir. Nə istəsən, seçib ala bilərsən. Təşkilatçılar sağ olsunlar!

Bir azdan nasir, şair, tərcüməçi, kinodramaturq, “Şərəf” ordenli Baba Vəziroğ­lunun “Qalanı xatirədir” kitabının təqdimatı və “İmza günü” başlanır. Ardınca isə “Ağ qan” kitabının müəllifi, psixoloq Samirə Amon və “Ömür dediyin” kitabının müəllifi şair Hikmət Fərzəli ilə oxucuların görüşləri keçiriləcək. Sumqayıt Dostlar Klubunun təq­dimatında yazıçı Hümbət Quliyevin modera­torluğu ilə “Sumqayıt maraqlı insanlar şəhə­ridir”, Təranə Hüsüyevanın moderatorluğu ilə Səməd Vurğun adına Sumqayıt Mərkəzi Kitabxana Sisteminin təqdimatında “Sumqa­yıt nə oxuyur?” adlı maraqlı diskussiyaların da maraqlı olacağı gözlənilir. Axşam “En­dofin” Rok Qrupunun ifasında musiqi nöm­rələri səsləndirilir. 

Qeyd edək ki, bu gün VI Kitab sərgisi çərçivəsində “Ulu öndər və Sumqayıt”, “44 günlük müharibə və Sumqayıt” diskussiyala­rı, 15 cildlik “Seçilmiş əsərləri”nin 11-ci cildi təqdim olunan Xalq şairi Sabir Rüstəmxanlı ilə, “Zərif qadınlar”ədəbi birliyinin üzvləri ilə görüşlər, “Unudulmaz Əli Kərim” möv­zusunda Cavanşir Yusifli, Nadir Yalçın və Şərif Ağayarın söhbətləri, “Xoşbəxt uşaqlar böyüdək” adlı seminar olacaq. “M Teatr”ın təqdimatında isə “Qoğal” uşaq tamaşası göstəriləcək. 

Növbəti günlərdə şair Dayandur Sevgin, Aida Adıgözəl, Lilpar Cəmşidqızı, Mürşüd Mehdi, Nigar Mahi oxucularla görüşəcək və yeni kitablarını onlara təqdim edəcəklər. “Ədəbiyyat və illüstrasiya” panelində (mo­derator Çimnaz Vəliyeva) yazıçı Orxan Adı­gözəl, rəssam Ruhulla Həsənzadə fikirlərini bölüşəcəklər. Kitab yarmarkasında gənclik şəhərinin 75 illiyinə həsr olunan “Sumqayıt saatı”nda yerli şairlər poetik nümunələrini təqdim edəcəklər. Sumqayıta həsr olunmuş şeirlər oxunacaq. Aparıcı AYB Sumqayıt böl­məsinin sədri Gülnarə Cəmaləddin olacaq. “Turan” milli rəqs qrupunun çıxışı da nəzər­də tutulur. 

VI Milli Kitab Sərgisinin son günündə isə şair Əşrəf Veysəlli, yazıçılar Elçin Hü­seynbəyli və Həmid Herisçi, eləcə də gənc şairlər Şükür və Şirəslan Çaylı ilə görüşlər olacaq. Elşən Hüseynovun moderatorluğu ilə isə “Uşaq inkişafında oyun terapiyasının əhə­miyyəti” mövzusunda seminar keçiriləcək.

Şakir RƏHMAN (foto),
Əli NƏCƏFXANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla