AZ

Hörmət görmək istəyən Azərbaycana gəlsin!

Ölkəmizin turizm sənayesi inamlı addımlar atır

Sivil, mədəni ölkələr üçün turizm həm yaxşı gəlir, həm də yaxın, etibarlı dost qazanmaq fürsətidir. XXI əsrin “qara qu quşu” adlandırılan COVID pandemiyası bir müddət bu sahədə ciddi problemlər yaratdı. Amma xoşbəxtlikdən indi təşviş və həyəcan dolu günlər arxada qalıb. Turizm qlobal səviyyədə yenidən dirçəlir. 

Xoşbəxtlikdən Azərbaycan həm yerli, həm də xarici turizmin inkişafı üçün geniş imkanları olan ölkələrdəndir. Bu böyük potensialdan səmərəli faydalanmağın hansı yolları var? Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, tanınmış kulturoloq Minaxanım Əsədli ilə söhbətimiz məhz ölkəmizdə turizm uğurları və perspektiv­ləri barədədir. 

– Professor, turistlər niyə bu qədər arzuolunan qonaqlar hesab olunur­lar?

– Turistlər erkən yazda uçub gələn qaranquşlar kimidir. O məkanlara üz tu­turlar ki, orada hüzur, dinclik, mehribanlıq var. Qaranquşlar dava-dalaş, söyüş-qiy­bət olan evlərin eyvanlarında yuva qur­murlar...

Bir də ki, onlar bizi sayıb-seçiblərsə, biz də onları hörmətlə qarşılamağı bacar­malıyıq. Xalqımızın gözəl bir məsəli var: Qonaq gəlmək səndən, qarşılamaq mən­dən. Bizdəki əmin-amanlıq, gözəl təbiəti­miz, müasir infrastruktur, qonaqpərvərli­yimiz onları Azərbaycanı ziyarət etməyə sövq edir. 

İndi əsas vəzifəmiz fürsət düşdükcə yerli və əcnəbi turistlərə fərq qoymadan tariximizin keçmişi, mədəni həyatı barə­də də geniş bilgilər verməkdir. Turizm sə­nayesi üzrə mütəxəssislər bunu turizmin tarixi-mədəni istiqaməti adlandırırlar. 

Azərbaycan hökuməti, müvafiq qu­rumlar ölkəmizdə tarixi-mədəni turiz­mi daha sürətlə inkişaf etdirmək üçün məqsədyönlü tədbirlər müəyyənləşdirib­lər. İstər paytaxtda, istərsə də bölgələrdə bu istiqamətdə bir çox uğurlu layihələr icra olunur. 

– Yeri gəlmişkən, Şuşa tarixi-mə­dəni turizmin ən önəmli məkanların­dan birinə çevrilə bilərmi? 

– Şuşa artıq tarixi-mədəni turizmin ən cəlbedici məkanlarından biridir. Onu görməyə gələnlərin sayı günbəgün artır. Təkcə yerli turistlər deyil, əcnəbilər də bir an azalmayan maraqla görmək istəyirlər. 

Şuşa açıq səma altında muzeylər kompleksidir. Bura həm də xalqımızın musiqi beşiyidir. Şuşanı “Qafqazın Vya­nası” adlandıranlara haqq qazandır­mamaq olmur. Qoca Şərqin ilk peşəkar bəstəkarı dahi Üzeyir Hacıbəylinin vətə­nidir Şuşa! Burada həm də gözəl şairlə­rimiz Xan qızı Natəvanın, Molla Pənah Vaqifin, ölməz müğənni Bülbülün və di­gər sənət korifeylərinin ruhu dolaşır. 

Şuşada həmçinin çox sayda memar­lıq abidələrimiz var. Hazırda bu gözəl şəhər bərpa edilərək yenidən qurulur. Təqdirəlayiq haldır ki, bu zaman şəhərin əvvəlki siması qorunub saxlanılır. 

2021-ci ildə Şuşa şəhəri Azərbayca­nın, 2023-cü ildə bütün türk dünyasının, 2024-cü ildə isə, bütövlükdə, islam dün­yasının mədəniyyət paytaxtı adlandırılıb. Bəli, Şuşaya təkcə ölkəmizdə deyil, bü­tün türk və müsəlman dünyasında son­suz sevgi var. 

– Son illər ölkəmizin ayrı-ayrı böl­gələrinə yeni turist marşrutları açılıb. Məmləkətimiz bu gün qonaqlı-qaralı­dır...

– Bu, çox yaxşı haldır. Ölkəmizdə tu­rizmin ayrı-ayrı sahələrinin inkişafı üçün geniş imkanlar var. Son illər çimərlik, dağ, eləcə də sağlamlıq turizmi inkişaf edir. Məsələn, Xaçmaz rayonunun Nab­ran bölgəsində çimərlik turizmi sahəsin­də yaxşı uğurlar əldə edilir. 

Sağlamlıq turizmindən söz düşən­də isə ən çox Masallı rayonu, eləcə də Naftalan şəhəri yada düşür. Hələ qədim dönəmlərdən Masallıda yer altından çıxan qaynar sulardan müalicə məqsə­dilə istifadə ediblər. Yaxşı haldır ki, bu gün Cənub bölgəsində müasir tələblərə cavab verən istirahət mərkəzləri var. 

Qədim və gözəl Naxçıvanda turizmin inkişafı üçün böyük potensial mövcuddur. Təsəvvür edin ki, Zəngəzur dəhlizi açı­landan sonra Naxçıvanın qədim tarix və mədəniyyət abidələrini görmək arzusuna düşənlərin sayı birə-beşqat artacaq. 

Bu gün ölkəmizdəki bir çox turizm marşrutları beynəlxalq səviyyədə təbliğ olunur. Bu məqamda “Böyük İpək yolu”, “Xalçaçılıq”, “Aleksandr Düma Qafqaz­da”, “Azərbaycanda alman məskənləri” turizm layihələrinin adlarını qeyd etmək olar. 

– Çalışdığınız universitet turizm sahəsində ixtisaslaşıb. Bu təhsil ocağı kifayət qədər peşəkar kadrlar hazırla­ya bilirmi? 

– Azərbaycan Turizm və Menec­ment Universitetinin (ATMU) kollektivi, həqiqətən, peşəkar kadrların hazırlan­masına böyük məsuliyyətlə yanaşır. Tələbələrə hərtərəfli nəzəri və təcrübi bi­liklər verməyə çalışırıq. Bu zaman turizm sahəsində kadrların hazırlanmasında beynəlxalq təcrübədən də yararlanmağa cəhd edirik. 

Hələ 2007-ci ildən ATMU Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə kadr hazırlığı üzrə birgə layihə icra edir. Tələbələr üçün tədris prosesinin 1 se­mestri Avstriyada təşkil edilir. Eyni za­manda, avstriyalı tələbələr də 1 semestr bizim pedaqoqların mühazirələrini dinlə­yirlər. Bu zaman iki ölkə gəncləri arasın­da səmimi dostluq əlaqələri yaranır. 

– Eşitdiyimə görə, siz tələbələrinizi İçərişəhəri qarış-qarış gəzdirməkdən xüsusi zövq alırsınız. Bu, doğrudur­mu? 

– Əlbəttə. Mən Bakıda doğulmuşam və hələ uşaqlıq çağlarımdan Xəzərin sa­hilinə sığınan bu bənzərsiz şəhərə hey­ranam. İçərişəhər əslində paytaxt içində paytaxtdır. Burada xalqımızın keçmişi ilə bugünü qovuşub. 

Hiss olunur ki, pandemiyadan sonra İçərişəhəri ziyarət edən əcnəbi turistlərin sayı çox artıb. Burada ara-sıra əcnəbi qonaqlarla ünsiyyətdə oluram. Onlara dünya şöhrətli cazmen musiqiçi Vaqif Mustafazadənin, görkəmli fırça ustası Tahir Salahovun ev muzeylərini ziyarət etməyi məsləhət görürəm. Dəfələrlə olub ki, şəxsən turistləri buradakı miniatür ki­tablar muzeyinə aparmışam. 

Məni ən çox sevindirən həm də odur ki, yuxarı sinif şagirdlərinin İçərişəhərə tez-tez ekskursiyaları təşkil olunur. Ölkəmizin hər yerindən bura gəlirlər. Bu məqamda mərhum görkəmli alim, xalqı­mızın sevimli ziyalısı Xudu Məmmədo­vun bu sözləri yadıma düşür. O böyük insan deyirdi ki, yeniyetmə və gənclər qarşısında Vətəni hədsiz dərəcədə tərif­ləməyə ehtiyac yoxdur. Sadəcə, məm­ləkəti onlara yaxından tanıtmaq lazım­dır...

– Sizcə, KİV, sosial şəbəkələr tu­rizmin inkişafı üçün hansı xidmətlər göstərə bilər? 

– Mənə elə gəlir ki, media ilə turizmin sıx əlaqələrinin qurulması hər iki tərəfin xeyrinə olardı. Bu istiqamətdə müəyyən uğurlar var. Son vaxtlar turizmlə bağlı bir çox maraqlı reklam çarxları hazırlanıb. 

Bütövlükdə, daha çox iş görmək olar və lazımdır. Məsələn, bölgələrdəki ən nümunəvi istirahət məkanları barədə re­portajlar hazırlamaq olar. Yeri gəlmişkən, KİV mənsubları əcnəbi turistləri aldat­maq, ciblərini soymaq niyyətinə düşənləri də ictimai qınağın hədəfinə çevirə bilər. 

Təkcə media deyil, milli kinematoq­rafiya da turizmin inkişafına dəstək verə bilər. Dünya təcrübəsi göstərir ki, turizm bölgələrində uğurlu bədii filmlərin, ma­raqlı televiziya seriallarının çəkilməsi və yaxın-uzaq ölkələrdə nümayiş etdirilməsi həmin ünvanlara marağı artırır və turist axınına səbəb olur. 

Yeri gəlmişkən, qardaş Türkiyədə bu istiqamətdə uğurlu işlər görülür. Biz on­ların təcrübəsindən mütləq yararlanma­lıyıq. Mən əminəm ki, Azərbaycan yaxın gələcəkdə turizm sahəsində dünya lider­lərindən birinə çevrilə bilər. Bunun üçün hər birimiz əlimizdən gələni etməyə borc­luyuq. 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla