AZ

H.Z.Tağıyev Bakının xilaskarı Nuri paşaya niyə qız vermədi? - Nakam EŞQ HEKAYƏSİ

 

Osmanı generalı Nuri Paşa haqqında çox danışılıb, çox deyilib. Amma onunla bağlı bilmədiyimiz bir çox həqiqətlər var. Ona görə də Nuri Paşa haqqında əldə etdiyimiz bir həyat hekayəsini diqqətinizə çatdırmaq istəyirik.

1918-ci ildə Osmanlı ordusu Azərbaycana gəldi və bolşeviklərin dəstəyi ilə törədilən erməni vəhşiliyinin qarşısı alındı. Həmin xilaskar ordunun başında da bildiyimiz kimi Nuri Paşa vardı. Bakıya gələndən sonra göstərdiyi igidliyə görə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Nuri Paşanı evinə qonaq dəvət edir. Qonaq olarkən Nuri Paşa Tağıyevin Sona xanımdan olan ən kiçik qızı Sürəyyə xanımı görüb, ona aşiq olur. Türk general Sürəyyə xanımı ilk qonaqlıqda geyindiyi sarı rəngli libasında elə vurulmuşdu ki, ömrü boyu bu rəngi unutmamışdı. Bir müddət sonra Nuri Paşa Sürəyyə xanıma elçi düşür. Amma Hacı bu izdivaca razı olmur.

“Mən qürbətə, Bakıdan kənara qız vermərəm. Övladlarım gözümün önündə olmalıdır”- deyir.

Nuri Paşa evlənib Bakıda yaşayacağını desə də Tağıyev razı olmur. Hətta Nuri Paşanın atası Əhməd bəy də Bakıya elçiliyə gəlir. Hacı yenə də fikrindən dönmür. Sevdanın təsirindən Nuri Paşa hətta “Sürəyya” adlı şeir də yazmışdı. Lakin, bu sevda baş tutmur.

Bir müddət sonra Hacı Sürəyyəni Əsəd bəy Abdullayev adlı mühəndislə evləndirir. Onlar 1922-ci ildə ailə qururlar. Bu evlilikdən Sürəyyə xanımın 2 övladı dünyaya gəlir. Oğlu geofizik, elmlər doktoru, professor Rəsmi Abdullayev və qızı Dilarə Abdullayeva.

Nuri Paşa isə bu hadisədən sonra uzun müddət ailə qurmur. Nəhayət, 1946-cı ildə, ölümündən 3 il əvvəl Misirin saray ailəsindən olan İffət xanımın qızı Misli Mələkxanımla ailə qurur. O zaman generalın 56 yaşı, Misli Mələkxanımınsa 45 yaşı vardı. Bu izdivacdan Nuri Paşanın övladı olmayıb. Nuri Paşa 1949-cu ildə, Sürəyyə xanımsa 1975-ci ildə dünyasını dəyişib.  

İlhamə Qiyas, News365.az  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
473
Mənbələr
Şərh ()
Bağla