AZ

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Ulu

Bakı, 10 may, AZƏRTAC

Elə liderlər var ki, yazdıqları tarixlə əbədiyyət qazanırlar. Xalqımızın əvəzsiz övladı olan Ümummilli Lider Heydər Əliyev məhz belə tarixi şəxsiyyət idi.

Ötən əsrin sonlarında böyük təhlükə ilə üzləşmiş xalqımızın bəxti onda gətirdi ki, onun böyük Heydər Əliyev kimi lideri vardı. Heydər Əliyev həmin uğursuz illərdə xalqımızın son şansı, son ümidi idi. Xalq yanılmadı, ümidi, gümanı özünü tam doğrultdu və sonda qalib Azərbaycan oldu. Xalqına, Vətəninə təmənnasız xidmət Ulu Öndərin bütün həyatının leytmotivini təşkil edirdi. Xalqın mütləq əksəriyyəti tərəfindən təkidlə Heydər Əliyevin siyasi səhnəyə dəvəti bu zərurətdən yaranmışdı. Beləliklə, Heydər Əliyevin möhtəşəm dönüşü Azərbaycanı yıxılmağa qoymadı. Məhz bu keyfiyyətlərə görə onun müqəddəs adı və imzası xalqımızın, tarixi inkişafımızın, hüdudsuz mənəvi irsimizin simvoluna, and yerimizə çevrildi.

Bu fikirləri AZƏRTAC-a siyasi şərhçi Emin Bağırov söyləyib. Şərhçi qeyd edib ki, Ümummilli Lider özünəməxsus keyfiyyətlərə - siyasi bəsirətə, tarixi təcrübəyə, strateq və mütəfəkkir müdrikliyinə malik şəxsiyyət kimi yaddaşlarda yaşayır.

Ulu Öndər Vətənə onun çox ağır dövründə qayıtmışdı. Bu, həmin dövr idi ki, Azərbaycan yenicə müstəqilliyinə qovuşmuşdu. 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi, respublikanın dinamik inkişaf yoluna qədəm qoymasına şərait yaratdı.

Ümummilli Liderin ən mühüm nailiyyətlərindən biri dövlət quruculuğu üçün qanunvericilik bazasının yaradılması olmuşdu. 1995-ci ildə qəbul edilmiş Konstitusiya dövlət quruculuğunun əsasını qoydu. Azərbaycan ilk dəfə olaraq demokratik, hüquqi, dünyəvi dövlət kimi özü üçün insan hüquqlarının müdafiəsi və hakimiyyət bölgüsünün əsas prioritet kimi irəli sürdüyü inkişaf yolunu seçdi. Heydər Əliyev tərəfindən hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş bu sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə düşdü.

Ulu Öndərin iqtisadi strategiyası sayəsində Azərbaycan Avrasiya məkanında mühüm dövlətə çevrildi. Strateji əhəmiyyətli enerji və nəqliyyat layihələrinin işə salınması tarixi inkişafın gedişatını dəyişməyə imkan verdi.

Həyatımızın hər bir sahəsi Ümummilli Liderin diqqət və qayğısından kənarda qalmadı. Ulu Öndər elə lider idi ki, fəaliyyəti hamıya örnək olub. O, hər zaman operativliyi, yaradıcı əzmi, orijinallığı ilə hamıdan seçilirdi. Amma əsas məsələ, əlbəttə, uzaqgörən siyasi qərarlar idi ki, bunun sayəsində biz bu gün azad, demokratik, inkişaf edən cəmiyyətdə yaşayırıq.

Ulu Öndər Heydər Əliyev Azərbaycana sabitlik, demokratiya, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Böyük siyasi xadim Cənubi Qafqazda sülhün və əmin-amanlığın möhkəmlənməsinə böyük töhfələr verdi. 1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma sayəsində qanlı döyüş əməliyyatları dayandırıldı və atəşkəs elan edildi. Məhz bu strateji fasilə onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən düzgün qiymətləndirildi, Ulu Öndər tərəfindən əsası qoyulan güclü ordu və iqtisadiyyat sayəsində otuz illik işğala son qoyuldu.

Sonda Emin Bağırov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, dünyada tanınır və dərin hörmət, ehtiramla xatırlanan bir siyasətçi kimi yad olunur. Ümummilli Liderin genişmiqyaslı fəaliyyəti Azərbaycanla məhdudlaşmamış, onun hüdudlarından kənara da yayılmışdı. Sovet İttifaqının iqtisadi tənəzzül dövründə Ulu Öndər Heydər Əliyevin xidmətləri nəticəsində Baykal-Amur Magistral xəttinin tikintisi başa çatdırıldı. Rusiyada bunu indidə böyük ehtiramla yad edirlər.

Ümummilli Liderin qətiyyəti və uzaqgörənliyi ilə müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir ki, bu da Azərbaycan xalqının seçiminin həqiqiliyini bir daha sübut edir. Dahi rəhbər Azərbaycanı hər zaman bütöv və güclü görmək istəyirdi. Məhz onun fövqəlsiyasət kursunun nəticəsi olaraq bütün hədəflərə nail olduq. Bütün bu uğurlara görə hər birimiz Heydər Əliyevə borcluyuq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
Mənbələr
Şərh ()
Bağla