AZ

A seriyasında ikihakimiyyətlilik

Braziliya çempionatının 5-ci turunda nəzərdə tutulan on oyundan üçü daşqın və sel səbəbindən qeyri-müəyyən müddətə təxirə salındı.

“Football-plus.az” xəbər verir ki, əvvəlki turda vahid lider müəyyənləşmişdi, amma A seriyasında keçirilən son 7 matçdan sonra yenidən ikihakimiyyətlilik yarandı.

Əvvəlki turun “Flamenqo” ilə derbi oyununda 2:0 hesabı ilə qalib gələrək vahid liderə çevrilən “Botafoqo” qələbə seriyasını 4-ə çatdıra bilmədi. Portuqaliyalı Artur Jorjenin komandası öz meydanında “Bayya”dan xal almağı bacarmadı. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçdi. Amma Rojerio Seninin çalışdırdığı qonaqların rio de janeyrolulardan çox da geri qalmadıqlarını da qeyd edək. Sadəcə, “Bayya” rəqibinə nisbətən daha effektli oyun sərgilədi. Fasilə ərəfəsində Everaldo penalti ilə hesabı açdı. Ev sahiblərinin buna cavabı ikinci hissənin əvvəlində Ceffinyonun zərbəsi ilə reallaşdı. Hesabın bərabərləşməsindən ruhlanan Artur Jorjenin komandası hücumları davam etdirməklə növbəti qələbəni düşünürdü. Lakin qapıçı Markos Felipenin bir neçə seyvi salvadorluların dadına çatdı. Amma onlar son dəqiqələrdə qazandığı fürsəti boşa vermədilər: Rafael Rataonun dəqiq zərbəsi “Bayya”nı 10 xalla 2-ci yerə çıxardı. “Botafoqo”isə zirvədən 3-cü yerə düşdü.

Tura hərəyə 8 xal toplamaqla 2-3-cü yerlərdə başlayan hər iki komanda rəqibi ilə “sülh”ə razılaşdı. Son mövsümün bürünc mükafatçısı “Atletiko Mineyro” çətin Rio de Janeyro səfərində “Fluminense”dən oyun planında üstün oldu. Lakin fərq ondadı ki, ev sahibləri real qol epizodlarından daha səmərəli şəkildə istifadə etdilər. Kano ilə Renato Auqustonun vurduğu iki qol artıq 61-ci dəqiqədə “Flu”nun əhəmiyyətli üstünlüyünü təmin etdi. Ancaq “Atletiko Mineyro” məğlubiyyətlə əsla barışmadı. Qabriel Militonun çalışdırdığı komanda Varqasın dublu ilə çətin səfərdə bir xal qazandı. 2 xal itkisi belu orizonteliləri 2-ci yerdən 4-ə saldı.

“Braqantino” hesabat turunda evdə oynasa da, rəqib heç də asan sayıla bilməzdi. Əvvəlki turda bu mövsüm ilk məğlubiyyətini alan “Flamenqo” oyun planında daha yaxşı göründü. Buna baxmayaraq, hesabı meydan sahibləri açdılar: müdafiəçi Pedro Enrike 30-cu dəqiqədə braqançalıları önə keçirdi. “Flamenqo” belə vəziyyətlə barışmadı. Titenin çalışdırdığı komandanın səyləri 79-cu dəqiqədə bəhrə verdi. Bruno Enrikenin cavab qolu ilə kifayətlənmək istəməyən rio de janeyroluların qələbə qazanmaq istəyinə qapıçı Kleytonun inamlı oyunu mane oldu. Beləliklə, hərəyə bir xal qazanan komandalaran “Braqantino” 5-ci yerə düşərkən, “Flamenqo” 8-ci pillədən 7-yə yüksəldi.

“Atletiko Paranaense” bir sıra komandaların xal itkisindən maksimum yararlandı. “Vasku da Qama”ya minimal hesabla qalib gələn kuritibalılar xalını 10-a çatdırmaqla topların daha yaxşı fərqinə əsasən 1-ci yerə çıxdı.
Nəhayət, son çempion uğursuz gedişə son qoydu. Zarafat deyil, “Palmeyras”ın qələbəsiz oyunlar seriyası 3-ə bərabər idi. Abel Ferreyranın komandası ilk 4 oyunda 5 xal qazanmış və yalnız bir qol vura bilmişdi. “Yaşıllar”ın belə göstəricilərin fonunda tura 12-ci yerdə başlaması məntiqəuyğun sayılmalı idi. Ferreyranın komandasının bəxti onda gətirdi ki, A seriyasının autsayderinə qarşı oynadı. “Kuyaba” ilə səfər matçının nəticəsini Lazaro ilə Estevaonun vurduğu iki cavabsız qol müəyyən etdi. Beləliklə, “Palmeyras” ikinci qələbə ilə 6-cı yerə yüksəldi.
“San Paulu”nun yeni baş məşqçi ilə uğurlu çıxışı davam edir. Bu vəzifəyə apreldə təyinat alan Luis Subeldiyanın komandası səfərdə “Vitoriya”nı 3:1 hesabıyla məğlub etdi. Qeyd edək ki, ev sahibləri 7-ci dəqiqədə Vaqner Leonardonun birbaşa qırmızı vərəqə almasına görə uzun müddət on nəfərlə mübarizə aparmalı oldular. Say çoxluğundan maksimum yararlanan “San Paulu” 14-cü yerdən 8-ə yüksəldi. Xatırladaq ki, ölkə nəhəngi mövsümə ardıcıl iki məğlubiyyətlə başlamış və rəhbərlik Tyaqo Karpinini baş məşqçi vəzifəsindən istefaya göndərmişdi.

5-ci tur
Botafoqo RJ - Bayya 1:2
Ceffinyo, 53 - Everaldo, 45+3-p. Rafael Ratao, 86.
Fluminense - Atletiko Mineyro 2:2
Kano, 4. Renato Auqusto, 61 – Varqas, 73; 79.
Braqantino - Flamenqo 1:1
Pedro Enrike, 30 – Bruno Enrike, 79.
Atletiko Paranaense - Vasku da Qama 1:0
Erik, 26.
Kuyaba - Palmeyras 0:2
Lazaro, 45+1. Estevao, 71-p.
Korintians – Fortaleza 0:0
Vitoriya - San Paulu 1:3
Villian Oliveyra, 49 – Lusiano, 45; 53. Ferraresi, 84.
“Kruzeyro” – “İnternasyonal”, “Qremio” – “Krisiuma” və “Juventude” – “Atletiko Qoyaniense” oyunları təxirə salınıb.

1. Atletiko Paranaense 5 3 1 1 7-3 10
2. Bayya 5 3 1 1 8-6 10
3. Botafoqo RJ 5 3 0 2 11-6 9
4. Atletiko Mineyro 5 2 3 0 9-3 9
5. Braqantino 5 2 3 0 7-5 9
6. Palmeyras 5 2 2 1 3-1 8
7. Flamenqo 5 2 2 1 5-5 8
8. San Paulu 5 2 1 2 8-5 7
9. İnternasyonal 4 2 1 1 4-3 7
10. Kruzeyro 4 2 1 1 7-7 7
11. Qremio 4 2 0 2 4-3 6
12. Fortaleza 4 1 3 0 4-3 6
13. Krisiuma 3 1 2 0 6-5 5
14. Korintians 5 1 2 2 3-3 5
15. Juventude 4 1 2 1 5-7 5
16. Fluminense 5 1 2 2 7-10 5
17. Vasku da Qama 5 1 0 4 4-10 3
18. Vitoriya 4 0 1 3 4-9 1
19. Atletiko Qoyaniense 4 0 1 3 2-7 1
20. Kuyaba 4 0 0 4 0-10 0
Bombardirlər: Lusiano (San Paulu), Everaldo (Bayya), Varqas (Atletiko Mineyro) – 3.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla