AZ

HAKİMLƏRİN MÜHAKİMƏSİ - Kobud mübarizə şəraitində keçən turda Əliyar da VAR-a ehtiyac duydu

27 sarı, 5 qırmızı vərəqə - 33-cü turun intizam tədbirləri ilə bağlı statistika belədi.

Ancaq hakim qərarları təkcə elə sarı, qırmızı vərəqə göstərməkdən ibarət olsaydı, nə vardı ki?! “Kəpəz” – “Sumqayıt” oyununun sonluğunda ara qarışdı, məzhəb itdi, Bayılda hakim üç dəfə “nöqtə”ni göstərməli oldu, nəhayət, Əliyar Ağayev də penalti təyin edib-etməməyi VAR-ın yardımı ilə dəqiqləşdirdi.

Araz Naxçıvan – Sabah, ƏLİYAR AĞAYEV
Oyun yetərincə sürətli və gərgin mübarizə şəraitində keçdi. Hakimin çiynindəki “yük”də yüngül oldu. FİFA referisi cəmi 4 dəfə əlini cibinə atdı. Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasının nəticəyə təsir edən ciddi səhvi olmadı. Amma... 50-ci dəqiqədə Amin Seydiyevin qapı qarşısına zərbəsi zamanı top İqor Ribeyronun əlinə dəyərək meydanı tərk etdi. Maraqlı məqam odu ki, FİFA referisi heç nə olmadığını desə də, VAR bu qərarla razılaşmadı. Nəhayət, Əliyar Ağayev məhz özü monitorda təkrar baxandan sonra “nöqtə”ni göstərdi.

Kəpəz – Sumqayıt, TURAL QURBANOV
Xala daha çox ehtiyac duyan “Sumqayıt” idi. Oyunun sonuncu dəqiqələrində baş verən hadisələr “Kəpəz”i özündən çıxardı. Onsuz da buna qədər ədalət təmsilçisi haqsız penalti qərarıyla “sarı-göylər”i qəzəbləndirmişdi. O, Roy Kehatla Ehtiram Şahverdiyevin mərkəzində olduğu epizodda “kimyaçılar”ın üzvü günahkar olduğu halda, az qala gəncəliləri “çarmıxa çəkəcəkdi”. VAR-ın varlığı Qurbanovu da, “Kəpəz”i də cəzadan xilas etdi. Lakin həmin yersiz qərar “hakimlər “Sumqayıt”ı “dartır” deyənlərin əlinə əlavə tutarqa verdi. Hakim “Kəpəz” azarkeşlərini təhqir edən, texniki zonaya əl işarələri edərək qıcıqlandıran “Sumqayıt”ın texniki zonasına da xəbərdarlıq etmədi. Qərəzli idarəçiliyi qəbul etməyən Gəncə təmsilçisinin iki futbolçusuna – Junior Martinslə Olavale Onanuqaya qırmızı vərəqə verildi. Ümumiyyətlə, Qurbanov bəzi epizodlarda özünü “Sumqayıt”ın 12-ci oyunçusu kimi apardı!

Turan Tovuz – Zirə, ELÇİN MƏSİYEV
Oyunun gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçdiyini bilirsiz. Belədə xeyli qayda pozuntusu da qaçılmaz oldu. Odu ki, matçdakı vərəqələrin çoxluğu sizi aldatmasın. Burda hansısa səriştəsiz idarəçilikdən söhbət gedə bilməz. Məsiyev görüşü səbr və təmkinlə idarə etdisə, müdaxilələr də yerində oldu. Yəni PFL-in protokolunda qeyd edilən cəza səbəbləriylə barışa bilərik. Stefan Akanı kobudluqla, daha dəqiqi, baş zərbəsiylə yerə sərən Roderik Miller “qırmızı”ya layiq idi. Belədə ədalət təmsilçisinin əvvəl sarı, VAR-a baxandan sonra qərarını dəyişərək “qırmızı” göstərməsini idarəçiliyinin “göz muncuğu” saya bilərik.

Qarabağ – Neftçi, İNQİLAB MƏMMƏDOV
Azərbaycan derbisində belə oyunlara xas olan aqressivlik görmədik. Buna baxmayaraq, böyük hesabla uduzduqlarını görən “Neftçi” futbolçuları sona yaxın İnqilab Məmmədovun bir neçə dəfə əlini cibinə aparmasına səbəbkar oldu. Elə əsəblərinə hakim olmayıb hakimi təhqir etdiyinə görə qırmızı vərəqəylə cəzalandırılan Yuri Matiası buna nümunə göstərə bilərik. Ümumilikdə Məmmədovun matç ərzində hər hansı qarışıqlıq yaradacaq qərar verdiyini görmədik. Hətta o, iki dəfə yan xətt hakiminin səhv aut qərarını düzəltməsinə də yardımçı oldu.

Səbail – Qəbələ, ƏLİ ƏLİYEV
Kaxaber Sxadadzenin bölgə təmsilçisinə təyinatından sonra qazandığı ilk qələbə və “dənizçilər”in avrokuboklara vəsiqə qazanmaq uğrunda sonuncu şansını da itirməsi fonunda olduqca dramatik oyun izlədik. Bu görüşdə qapılara nə az, nə çox – üç penalti təyin olundu. Birinci penaltidə qapıçı Rəşad Əzizlinin önə çıxması Əliyevin yenidən zərbəni təkrarlatmasına səbəb oldu. Matçın gedişində həm Sxadadzenin, həm də futbolçuların bəzi qərarlara etirazı oldu. Lakin ən yaddaqalan epizod Nicat Əliyevin yerdə qalması idi. Baş hakim burda kobudluq olmadığını bildirib, penaltiyə ehtiyac duymadı. Amma 2-ci hissədə Klesio Bauka qarşı cüzi təması qayda pozuntusu kimi qiymətləndirərək “nöqtə”ni göstərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
football-plus.az

1Mənbələr