İran tərəfindən saxlanılan Portuqaliya gəmisinin yeddi ekipaj üzvü azad edildi
Portuqaliya hökuməti Hörmüz boğazında İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan “MSC Aries”in 24 ekipaj üzvündən 7-nin azad edildiyini təsdiqləyib. Yeniavaz.comxəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Portuqaliya hökuməti bu gün yeddi ekipaj üzvünün sərbəst buraxıldığını bildirir”, - deyə məlumatda qeyd olunub. Bildirilib ki, sərbəst buraxılanlar arasında gəmidəki yeganə Aİ vətəndaşı olan estoniyalı da var. Qeyd edək ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Portuqaliya bayrağı altında üzən “MSC Aries” ticarət gəmisini Hörmüz boğazında saxlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani aprelin 15-də bəyan edib ki, gəminin İsraillə əlaqələri var və dəniz qanunlarını pozduğuna, həmçinin İran hakimiyyətinin tələblərinə məhəl qoymadığına görə saxlanılıb.