AZ

“Hall Siti” premyer-liqaya vəsiqə qazana bilmədi -Acun məşqçi ilə vidalaşdı

Ötən həftəsonu çempionşipdə daha bir gərgin mövsüm başa çatdı.

“Football-plus.az” xəbər verir ki, “Lester” və “İpsviç” premyer-liqaya vəsiqə qazandı. Sonuncu vəsiqənin taleyi isə 3-6-cı pillədəki klublar arasında baş tutacaq pley-off matçlarında bəlli olacaq. Türkiyəli şoumen və iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” qarşıya qoyulan hədəfə çata bilmədi. Acun komandasını premyer-liqaya yüksəltmək arzusu ilə alışıb-yansa da, “pələnglər” yalnız 7-ci pillə ilə kifayətlənməli oldu. Son turda komandanın işi çox çətin idi. “Hall Siti”nin taleyi faktiki öz əlində deyildi. Komanda 5-ci pillədəki “Vest Bromviç”in uduzmasına ümid bəsləməliydi. “Vest Bromviç” isə “Preston”u darmadağın etdi və mövsümü 5-ci pillədə tamamladı. 6-cı pillədəki “Norviç” “Birmingem”ə boyun əydi. “Hall Siti” heç olmasa, onları top fərqində keçmək üçün mümkün qədər böyük hesabla qalib gəlməliydi. Amma “Hall Siti” ümidləri doğrultmadı. Komanda heç minimum hədəfə də çata bilməyərək “Plimut”a səfərdə minimal hesabla uduzdu. “Plimut” məhz bu qələbə sayəsində çempionşipdəki yerini qorumağa müvəffəq oldu.

Srağagün “Hall Siti” ilə bağlı sürpriz xəbər yayıldı. Belə ki, Acunun baş məşqçi Layam Rosenyor ilə yolları ayıracağı iddia edildi. Bu şayiələr İngiltərədə, xüsusilə “Skay Sports” kanalı tərəfindən böyük sürpriz kimi qələmə verildi. Çünki Rosenyor “Skay Sports” tərəfindən mövsümün ən yaxşı məşqçisi adına namizədlər arasında göstərilmişdi. Qeyd edək ki, futbolçu kimi 5 il “Hall Siti”nin şərəfini qorumuş və klubu yaxşı tanıyan Rosenyor bu vəzifəyə 2022-nin noyabrında – Şota Arveladzenin istefasından sonra keçmişdi. Komanda onun başçılığı altında ilk mövsümü 58 xalla 12-ci pillədə tamamlamışdı. Bu dəfə isə “Hall Siti” 70 xalla 7-ci oldu. Bu irəliləyişə baxmayaraq, Acun həqiqətən də 40 yaşlı ingiltərəli mütəxəssislə vidalaşmaq qərarına gəldi! Onunla Rosenyor arasında baş tutan 1 saatlıq toplantıdan sonra tərəflər yolları ayırdılar. Acun məsələ ilə bağlı klubun rəsmi saytına açıqlamasında bunları dedi:
“Bu möhtəşəm klubun başqanı vəzifəsində bəlkə də qəbul etdiyim ən çətin qərar oldu. Şərtlər nə qədər çətin olur-olsun, şəxsi duyğularımı bir kənara qoymalı və klubun gələcəyini düşünməliyəm. Layamla gəldiyi gündən bəri səmimi münasibətlərimiz yarandı və klub onun dönəmində inkişaf etdi. O, həmişə bu ailənin bir parçası olacaq və indiyə qədər gördüyü işlərə görə ona təşəkkür edirəm. Ancaq toplantıda gələcəyə baxışlarımızda üst-üstə düşməyən məqamların olduğunu gördük. Dəyişiklik üçün ən ideal zaman olduğunu hiss edirəm. Fəlsəfəmiz açıqdı və bu klubu irəli daşımağa çalışacağıq. Bunu edərkən də fanatlarla münasibətlərdə maksimum dərəcədə şəffaf olacağıq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
football-plus.az

1Mənbələr