AZ

“Real”ın futbolçuları “Bayern” üzərində zəfərdən danışdılar

Məlum olduğu kimi, “Real” Çempionlar Liqasının yarımfinalında “Bayern”i mübarizədən kənarlaşdıraraq, mötəbər yarışın finalına yüksəlib.

Arena.az xatırladır ki, Münhendəki ilk oyunda “Bayern”lə 2:2 hesablı heç-heçə oynamış Madrid təmsilçisi ötən gecə doğma meydandakı cavab oyununda Almaniya nəhənginə 2:1 hesabı ilə qalib gəlib.

Oyundan sonra “Real”ın futbolçuları oyun haqda fikirlərini və duyğularını ifadə ediblər:

İspaniya nəhənginin qələbə qollarının müəllifi Xoselu: “Mən qəhrəmanammı? Yaxşı, bu barədə həqiqətən bilmirəm! Sizə əminliklə deyə bilərəm ki, mən çox xoşbəxt bir insanam! “Real”da oynayanda və hesab bərabərləşəndə bilirsən ki, hamı topu almağa, oyunu yenidən başlatmağa, sonra isə qalibi müəyyənləşdirməyə çalışacaq. Bəli, əlbəttə ki, belə axşamları xəyal edirsən. Ancaq əsas məqam – hazır olmaqdır. İlk qoldan sonra məncə, “Bayern” azacıq tükəndi. Onlar müdafiədə alçaqda oynayırdılar, siz isə bunu nəzərə alırsınız, çünki bu, hansı fəaliyyəti tətbiq edə biləcəyinizi müəyyən edir. Ən yaxşı xəyallarım belə, bununla müqayisə edilə bilməz!”, – UEFA-nın rəsmi saytı ispan mərkəz hücumçusundan sitat gətirir.

Vinisius Junior: “Prezident Florentino Peres, məni dünyanın ən böyük klubuna gətirdiyiniz üçün Sizə təşəkkür edirəm! Bu, inanılmazdır! – məşhur italyan jurnalist-insayder Fabritsio Romano “Real”ın braziliyalı sol vingerindən sitat gətirir.

Cud Belliingem: “Bu, dəlilikdir. Mən buna inana bilmirəm. Bu, yalnız bu şəkildə ola bilərdi. İlk finalım. İngiltərədə “Borussiya”ya qarşı. Onlara layiq olduqları dəyəri vermək gərəkdir, onlar finalda yerlərini layiqincə haqq etdilər. Köhnə dostları görmək xoş olacaq. Düşünürəm ki, telefonumu söndürüb, ismarışları sabaha saxlayacağam.

Keyfiyyətimiz və istedadımız çoxdur, amma bu oyunların bəzilərində uduzduğumuz görünür, amma ehtiyat oyunçular skamyasından çıxan və işini görüb bizə qələbə qazandıra bilən oyunçularımız var”, – UEFA-nın rəsmi saytı ingilis mərkəz yarımmüdafiəçisindən sitat gətirir.

“Bayern” Madriddə çox passiv görünürdü”

Luka Modriç: “Mən bu klubu necə də çox sevirəm!” – xorvat mərkəz yarımmüdafiəçisi köynəyi üzərində “Real”ın loqosunu öpdüyü oyunsonrası şəkli şərh edib.

Toni Kroos: “Bu gün biz 90 dəqiqədən çox daha yaxşı komanda idik. “Bayern” Madriddə çox passiv görünürdü. Onlar həmişəki kimi oynamırdılar. Əsasən əks-hücuma keçirdilər. Biz təpkidə yaxşı deyildik, amma rəqib cərimə meydançasında həmişə daha təhlükəli idik. Bu gün keçən həftədən daha aqressiv idik.

Finalda biz favorit rolunu alacağıq. Biz bu statusu əsaslandıracağıq. “Borussiya” Çempionlar Liqasının finalında mütəmadi oynamayıb. Bizim təcrübəmiz var. Ümidvaram ki, işimizin öhdəsindən gələcəyik”, – DAZN internet-televiziyası alman mərkəz yarımmüdafiəçisindən sitat gətirir.

Beləliklə, Çempionlar Liqasının finalına yüksəlmiş “Real” həlledici oyunda Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
arena.az

1Mənbələr