AZ

Nərgiz Qurbanova üç məğlubiyyəti nə ilə izah etdi?

Ölkəmizin 17 yaşadək qadın futbolçulardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf turnirindən qayıdıb.

İlk iki oyunda Belarusla (1:3) Qazaxıstana (2:2, p. – 1:4) uduzan qızlar Türkiyə ilə oyunda darmadağın olub – 0:4.

Belə uğursuz çıxışın səbəbini öyrənmək üçün U-17-nin baş məşqçisi Nərgiz Qurbanovaya müraciət etdik:

“Qrupda A səbətində olan iki komandaya - Belarusa və Türkiyəyə qarşı çıxış etdik. Qazaxıstan isə B səbətində yer alıb. Belarusa uduzsaq da, oyunçularım əzmkar mübarizə apardı. Düzdü, hesab rəqib komandanın xeyrinə oldu, amma futbolçularım sona qədər yaxşı "vuruşdular". İkinci matçda Qazaxıstana penalty seriyasında məğlub olduq. Onu da qeyd edim ki, bu oyunda ikinci heyəti meydana çıxardıq. Bilirdik ki, Türkiyə ilə çətin qarşılaşmamız olacaq. Bütün oyunçuların oynaması vacib olduğundan bu heyətlə çıxış etdik. Ona görə ki, İnkişaf turnirində qaydaya görə komandada olan hər kəsə şans verilməlidi.Təəssüf ki, sona qədər yaxşı çıxış etsək də, penaltilərdə məğlub olduq. Yaxşı tərəfi 2009 təvəllüdlü uşaqların ilk oyun təcrübəsini qazanması oldu. Düşündüm ki, Qazaxıstana qarşı oynamaq daha rahat olar. Nəticədən çox futbolçuların hansı komanda ilə daha rahat oynayacağına önəm verdim. 4-5 nəfər bu səviyyədə ilk dəfə çıxış etdiyinə görə belə qərara gəldim. Üçüncü görüş isə 0:4 bitdi. Amma 60 dəqiqə heç-heçə hesabını qoruya bilmişdik.

İkinci hissədə rəqibin fiziki durumu yaxşı olduğu üçün fərqləndi. Əlbəttə, bu üç oyuna nəzər salsaq, bizim xeyrimizə olan futbolçuların təcrübə qazanmasıdı. Belarus qadın futbolunda güclüdü.  Amma Türkiyə bu rəqibə də qalib gəldi. Bu yaş qrupunda türkiyəlilər güclü gəlmişdi. İstəyimiz yeni yaş qrupunu inkişaf etdirmək, gənclərin təcrübə qazanması üçün Avropa səviyyəli oyunlara qoşulması idi. Əlbəttə, bu oyunlardan nəticə çıxarırıq. İrəlidə yaxşı nəticələr qazanmağa çalışacağıq. Mənim ilk qazancım futbolçuların təcrübə toplaması, ikinci qazancım ilk dəfə dəvət etdiyim oyunçuların çıxışını qiymətləndirməyim oldu”. 


RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla