AZ

PUTİN QƏRBİ HƏDƏLƏDİ - "Strateji qüvvələrimiz hazırdır...”

Mayın 9-da Moskvada Qırmızı Meydanda İkinci Dünya Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsinin 79-cu ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Bu, Rusiyanın 2022-ci ilin fevralında başlayan Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra keçirilən üçüncü 9 may paradıdır. Paradda 9 minə yaxın hərbçinin, o cümlədən min müharibə veteranının iştirak etdiyi bildirilir. Ukraynada döyüşənlərin, o cümlədən “Rusiya Qəhrəmanı” ulduzu ilə təltif edilmiş yeddi nəfərdən ibarət ayrıca parad dəstəsi Qırmızı Meydandan keçib.

Paradı müdafiə naziri Sergey Şoyqu qəbul edib. Prezident Vladimir Putin tribunada olub. Qırmızı Meydanda Putindən başqa Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, Türkmənistan prezidentləri, eləcə də Laos, Qvineya-Bisau və Kubanın xüsusi dəvət olunmuş liderləri olub.

Putin çıxışında Qələbə Gününü Rusiyanın əsas bayramı adlandırıb. O, çıxışında Qərb ölkələrini nasizmi reabilitasiya etməkdə və tarixi saxtalaşdırmaqda ittiham edib.

“Rusiya qlobal toqquşmanın qarşısını almaq üçün hər şeyi edəcək, lakin bizim strateji qüvvələrimiz hər zaman hazır vəziyyətdədir”, - Putin bildirib.

İkinci Dünya Müharibəsindən danışarkən o, bütün Avropanın Hitler Almaniyası üçün çalışdığını, Sovet İttifaqının isə uzun müddət təkbaşına müqavimət göstərdiyini bildirdi. Eyni zamanda o, Çinin militarist Yaponiyaya müqavimət göstərdiyini xatırladıb.

Putin qondarma “xüsusi hərbi əməliyyatı” da xatırladıb və Ukraynadakı müharibənin iştirakçılarını “qəhrəman” adlandırıb.

O, çıxışında “Ukrayna” sözünü dilinə gətirməyib. "Rusiya üçün, qələbə üçün, alqışlar" deyə o, çıxışını tamamlayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
azpolitika.info

1Mənbələr