AZ

Süni intellekt və yeni inkişaf meyarları

Müasir dünyada ölkələrin inkişafında yeni texnologiyaların tətbiqi, innovasiyaların və yaşıl enerjinin inkişafı əsas və fundamental meyarlara çevrilib. İnkişaf etmiş ölkələrdə iqtisadi, hərbi, sosial və humanitar sahələrdə süni intellekt tətbiq edilir. Süni intellekt yeni texnologiyaların və innovasiyaların tətbiqində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılmasına dəstək göstərir. ABŞ, İsveçrə, İtaliya, Hollandiya, Sinqapur, Çin və digər ölkələr süni intellekti iqtisadiyyat və nəqliyyat sektorlarının inkişafı istiqamətlərində birbaşa tətbiq edirlər. Ölkələr tərəfindən innovasiyalar və yeni texnologiyalar həm də sənaye istehsalat, maliyyə investisiya, təhsil, kibertəhlükəsizlik, səhiyyə və digər sahələrdə tətbiq edilir.

Bu fikirləri yeniazerbaycan.com-a hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq və insan hüquqları üzrə ekspert Elgün Səfərov deyib.

Ekspert qeyd edib ki, ümumiyyətlə, ölkələr süni intellektin tətbiqi ilə bağlı xüsusi Strategiyalar qəbul edir.

“Nümunə üçün, 2022-ci ildə Böyük Britaniya tərəfindən qəbul edilmiş Milli Sİ Strategiyada (“National AI Strategy - AI Action Plan”) 10 il ərzində həyatın bütün sahələrində süni intellektin rolu və təsiri haqqında qeyd edilir (https://www.gov.uk/government/publications/national-ai-strategy-ai-action-plan/national-ai-strategy-ai-action-plan). Böyük Britaniyanın hökuməti tərəfindən bu sənədin qəbulu Almaniya və Fransa ilə maliyyə investisiyalar, hərbi müdafiə sənayəsndə və digər sahələrdə rəqabətin artırılması məqsədi kimi vurğulanır.  Süni intellekti tətbiq edən ölkələr bu gün rəqabət prosesində yeni uğurlar əldə edir.

Azərbaycan Respublikası üçün də süni intellektin tətbiqi vacibdir. Bu məsələ ilə bağlı Çin və İsrail hökumətləri ilə əməkdaşlıq aparılır. Xüsusilə də azad iqtisadi zonanın qurulması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün vacibdir. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi və hərbi inkişafına da öz təsirini göstərəcəkdi. İşğaldan azad edilmiş iqtisadi zonalarda bərpa işləri və innovasiyaların tətbiqi Azərbaycanın 2040-2050-ci illərdə iqtisadi gücünü artıracaq. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd” kimi yeni sistemlərin yaradılmasında və regionun iqtisadi inkişafında süni intellektin rolu vacibdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda, bununla bağlı tədbirlər planı təsdiq edilib. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən nəqliyyat və logistika sistemində innovasiyaların tətbiqi beynəlxalq və milli səviyyəyə bölünməlidir. “Şimal-Cənub” və “Silk way” nəqliyyat xətlərinin inkişafı məqsədilə süni intellektin istifadəsi birbaşa Çindən Avropaya və Hindistandan Rusiyaya təqdim edilən məhsulların müddətinə qənaet edilməsinə təsir edəcək. Eyni zamanda, Bakı-Zəngilan və Bakı-Laçın nəqliyyat xətlərin təkmilləşdirilməsində süni intellekt yeni həlli yolları təqdim edə bilər. Bu mexanizm Zəngəzur dəhlizi vasitəsilə Bakı-Naxçıvan xətti üçün də vacibdir. Süni intellekt logistika, nəqliyyat və yük daşımalarda milli maraqlara cavab verir”.

Ekspert qeyd edib ki, süni intellekt ölkənin milli və beynəlxalq səviyyədə maraqlarına yalnız dövlət qurumları vasitəsilə deyil, həm də özəl sektorun inkişafına birbaşa təsiri var.

“Bu sahənin inkişafında beynəlxalq transmilli şirkətlərin rolu böyükdür. Microsoft, Apple, Amazon, Alphabet, Nvidia, Meta, AMD, İntel və digər texnoloji şirkətlər süni intellekti və robototexnikanı öz məhsulların hazırlanmasında, beynəlxalq bazarın qiymətləndirilməsində, marketinqdə tətbiq edir. Azərbaycanda özəl və dövlət şirkətləri həmin təcrübədən öyrənir. Ancaq SOCAR-ın yaxın gələcəkdə neftin və neft məhsullarının istehsalında, qazma, emal və çatdırılması mərhələlərində süni intellektin tətbiqi ölkənin iqtisadi inkişafına gözəçarpan ölçüdə təsir edəcək. Bu isə öz növbəsində özəl sektorda süni intellektin yararlı istifadəsi üçün yeni imkanlar açacaq.

Qeyd edilənlərə baxmayaraq, ölkədə süni intellektin tətbiqi məqsədilə hüquqi baza və milli qanunvericlik sistemi yaradılmalı, xüsusi Strategiya hazırlanmalıdır. Milli qanunvericlikdə süni intellekt ayrıca bir hissəyə çevrilməlidir. Bu, həm də süni intellektin təsirinin qiymətləndirilməsi məqsədilə xüsusi statistika bazanın yaradılmasına təsir edəcək.

Beləliklə də Azərbaycanda həyatın bütün sahələrində süni intellektin tətbiqi və inkişafı üçün əsaslar var. Biz bu prosesi yaşıl enerji və azad edilmiş rayonların inkişafı ilə başladıq”, - deyə o, bildirib.

Yeganə Bayramova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
45
Mənbələr
Şərh ()
Bağla