AZ

17 yaşlı oğlan 16 yaşlı qızı təhdid edərək QAÇIRDI: "Şəklini İnstaqrama qoyub..." - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 16 yaşlı qızı qaçıran şəxslər qızı Sabunçu Dəmiryolu Vağzalında qoyub qaçıblar.

Bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Sığınacaq rəhbəri bildirib ki, bir müddət əvvəl bir ata azyaşlı qızının qaçırıldığını və fəryadla onu geri gətirmək istədiyini deyib. Ata qızını qaçıran şəxsin kimliyini də açıqlayıb. Qızının təhsil almasını və ona yaxşı gələcək qurmasına çalışan ata nəhayət qızına qovuşub.

Məlum olub ki, qızını qaçıran şəxslər qızı Sabunçu Dəmiryolu Vağzalına qoyaraq qaçıblar. Ata qızını bir müddətlik sığınacaqda qalması üçün ora aparıb.

Hadisə ilə bağlı Referans.az-a birliyin sədri Mehriban Zeynalova açıqlama verib:

"Hələki yeniyetmənin psixoloji reabilitasiyaya ehtiyacı var. Sonra atası evə aparacaq. Hadisə belə olub ki, qız oğlanla görüşüb, birgə şəkil çəkdirib. Oğlan həmin şəkli qoyub İnstaqrama. Ondan bir gün əvvəl də ata qızına evə gec gəldiyi üçün şiddət göstərib. Qız da bu zaman düşünüb ki, atası oğlanla şəklini görsə, ona daha ağır cəza verər. Oğlana deyib ki, şəklini silsin, oğlan silməyib, qız da qorxub. Burda bir az təhdid olub. Qızın qorxularından sui-istifadə edilib. Oğlan təklif edib ki, birgə qaçsınlar. Qız da razılaşıb oğlana qaçıb. Qızı bir həftə gizlətdikdən sonra, hüquq-mühafizə orqanları işə müdaxilə edib. Oğlan qızı qaçırdığı şəxslərlə birgə gətirib Sabunçu Dəmiryolu Vağzalında qoyub qaçıb. Bu çox böyük hörmətsizlikdir. O deməkdir ki, istənilən şəxsi istifadə edib, ata bilərlər. Elementar etik normalar var. Məsələn, polisə təhvil verə bilərdi. O qız özünə qəsd edə bilərdi ki, bu formada onunla davranıblar".

Sığınacaq rəhbəri qeyd edib ki, oğlanın 17 yaşı, qızın 16 yaşı var: "Qızın öz xoşu ilə qoşulub qaçmasına baxmayaraq, ona olan təsirlər, təhdidlər olub. Bunun araşdırılmasına ehtiyac var. Qız intihara meyllidir. Ata işin araşdırılması üçün polisə müraciət edib".

Mehriban Zeynalova bildirir ki, məsələyə biganəlik var, araşdırılmır:

"Şəxsin razılığı hansı əsaslarla verilib? Düşünürəm ki, belə işlərdə sui- istifadə halları varsa, hüquq- mühafizə orqanları tədbir görməlidirlər. Nə olsun ki, qızın razılığı var? Müxtəlif formalarda, təsirlərin nəticəsində də razılıq vermək olar. Qızın 16 yaşı var, ona sabah toy eləsəydilər, valideyni məsuliyyətə cəlb edəcəkdilər. Böyük qalmaqal yaranardı. Psixoloji ekspertiza normal aparılmır. Bir yandan milli dəyərlərdən danışırıq, bir yandan da azyaşlının köməksiz vəziyyətdə qalmasını heç kim araşdırmır. Sonra yeniyətmə aldığı travmadan çıxa bilmir".


Şəlalə Babayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla