AZ

Heydər Əliyev Fondu sülh və humanizm platformasıdır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Heydər Əliyev Fondunun 20 illik yubiley yaşını sevgi və ehtiramla qeyd edirik.
2004-cü il mayın 10-da təsis edilən Fondun qeyd olunduğu kimi yaranış fəlsəfəsi xalqımızın qədim və zəngin mədəni-tarixi irsinin qorunması və beynəlxalq aləmdə təbliğindən ibarətdir. Eyni zamanda, Fondun Heydər Əliyevin adını daşıması Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə dərin hörmət və ehtiramdan qaynaqlanır. Fond ötən müddət ərzində fəaliyyəti ilə Azərbaycanın ictimai həyatında oynadığı böyük rola, qarşıya qoyulan məqsədlərin əhəmiyyətinə və miqyasına görə özünü ölkədə analoqu olmayan bir qurum kimi təsdiq edib.
Tarixi faktlar göstərir ki, milli dövlətçiliyini itirmək və ya tamamilə yox olmaq təhlükəsi ilə üz-üzə qalan xalqlar belə sınaqlardan ancaq daxili gücə, siyasi-mənəvi müdrikliyə, qətiyyətə, o cümlədən fenomenal idarəçilik qabiliyyətinə malik şəxsiyyətlər sayəsində qalib gələ bilər. Faciələrin hökm sürdüyü dövrdə bütün bu keyfiyyətlərin birləşməsi belə şəxsiyyətlərə xalqı böhranlardan çıxarmağa imkan verir. XX əsr Azərbaycan tarixində belə görkəmli şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. Ulu öndərin xatirəsinə ehtiramını, zəngin irsini qorumaq istəyini, ölkəmiz üçün əhəmiyyətli azərbaycançılıq fəlsəfəsini davam etdirərək, ümummilli liderin milli dövlətçilik ideyalarının yeni nəsillərə ötürülməsi və xalqımızın qədim və zəngin mədəni-tarixi irsinin qorunması məqsədilə yaranmış Heydər Əliyev Fondu bu gün səmərəli fəaliyyəti ilə bir Azərbaycan brendi kimi dünyanı heyrətləndirir.
Nəcib və humanist bəşəri dəyərlərə əsaslanaraq Azərbaycan xalqının zəngin mənəvi-əxlaqi irsini əks etdirən Heydər Əliyev Fondunun əsas məqsədləri müxtəlif sahələrdə proqram və layihələrin hazırlanması, həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin uğurla həyata keçirilməsi Heydər Əliyev Fondunun Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin daha da çiçəklənməsinə və inkişafına yönəlmiş siyasətinə dəyərli töhfə olduğunun göstəricisidir.
Ümumiyyətlə, Fond fəaliyyət göstərdiyi bütün dövr ərzində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan ərazisindəki tarixi və mədəniyyət obyektlərinin nəinki qorunub saxlanılması, həm də bərpası istiqamətində nəhəng işlər görüb. Eyni zamanda, Azərbaycan xalqının adət-ənənələrinin qorunub saxlanılması və təbliği bütün dövrlərdə xüsusi aktuallıq kəsb edir. Bu mənada Heydər Əliyev Fondu Azərbaycan cəmiyyətində müstəsna rol oynayır.
Həyata keçirilən digər layihələr müxtəlif xəstəliklərdən əziyyət çəkən minlərlə uşağı sağlam, dolğun həyata qaytarıb. Fond paytaxtda və Azərbaycanın müxtəlif bölgələrində tikilmiş çoxsaylı tibb müəssisələri ilə yanaşı, cəmiyyəti narahat edən bir çox problemlərin həllinə də bilavasitə köməklik edib. Eyni zamanda, Fond cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafına da güclü təsir göstərib. Azərbaycan xalqının mentalitetində yüksək mənəvi dəyərlər – mərhəmət və xeyirxahlıq xüsusi yer tutur. Yardıma ehtiyacı olanlara kömək etmək istəyi milli düşüncəyə köklənmiş dəyərlərdən irəli gəlir. Bu ənənələr Heydər Əliyev Fondu tərəfindən uğurla qorunub inkişaf etdirilir. Buna görə də, qısa müddət ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının hörmət və rəğbət bəslədiyi quruma çevrilib.
Bu illər ərzində Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi altında ugurlu təsisat kimi qlobal problemlərin həllinə, xüsusilə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirləri ilə bəşəriyyət adına töhfə oldu. Fond ulu öndər Heydər Əliyevin simasında alicənablığımızı, böyüklüyümüzü, nəcibliyimizi, xalqımızın yüksək mədəni həyatını bəşəriyyətə təqdim etməklə ölkəmizi tanıdır, Azərbaycan həqiqətlərinin təbliğində fövqəl işlər görür. Fond Azərbaycan xalqının mədəniyyətinin və tarixinin Amerika, Avropa və Rusiyada təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Azərbaycan həqiqətlərinin Rusiyaya çatdırılması və bu dost ölkədəki soydaşlarımıza hərtərəfli dəstəyin göstərilməsi məsuliyyətini Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva üzərinə götürüb.
Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində də fəal iştirak edir. Ötən müddət ərzində bir sıra mədəniyyət abidələrinin bərpasını artıq başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Mehmandarovların ailə kompleksinin, Saatlı məscidinin, Şuşa Dövlət Rəsm Qalereyasının, Xalça Muzeyinin, Yuxarı Gövhər Ağa məscidinin, Xan qızı Natəvan bulağının və digər tarixi binaların və abidələrin bərpasına dəstək verib.
Bununla yanaşı Fondun icraçı direktoru kimi Anar Ələkbərov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı, möhtəşəm layihələri sayəsində Azərbaycanın qlobal miqyasda multikultural, tolerant ölkəyə çevrilməsinə böyük töhfə verib. Eyni zamanda, Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti sayəsində bir çox dünya şöhrətli xadimlərin, tarixçilərin, ədəbiyyat və incəsənət nümayəndələrinin rəğbətini qazanıb.
Fondun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatın səhiyyə sahəsində ilk və son laureatı olmuşam. Mənim üçün bu mükafat olduqca dəyərli və məsuliyyətlidir. Hesab edirəm ki, bu xoşbəxtlik hər kəsə nəsib olmur. Həmin dövrlərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsinin rəhbəri kimi ölkəmizin digər rayonlarında xeyriyyə aksiyasının nəticəsi olaraq çoxlu sayda ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələr cərrahiyyə əməliyyatından sonra sağlam həyata qovuşdular. Məhz o xoşbəxtliyi Azərbaycan ailəsinə təhsil, səhiyyə, xeyriyyə və digər istiqamətlərdə çoxsaylı, uğurlu layihələri, humaitar aksiyaları gerçəkləşdirərək insanlara sevinc bəxş edən Fondun prezidenti Mehriban xanım Əliyeva oldu.
Fəaliyyətdə olduğu 20 il müddətində bəşəri dəyərləri əsas prinsip seçərək insanlığın keşiyində dayanan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bugünkü dünyamız üçün əsl nümunədir. İnsana sevgi, xalqlara xoş niyyət, xoş məram daşıyıcısı kimi beynəlxalq nüfuz qazanmış Heydər Əliyev Fondu Azərbaycandan dünyaya sülh və tərəqqi mesajı verməklə humanizm platformasına çevrilib.
Heydər Əliyev Fondu qeyri-hökümət təşkilatı statusundan qat-qat üstün zirvələri fəth edərək adını daşıdığı tarixi şəxsiyyətin ucalığına 20 illik fəaliyyəti ilə layiq oldu.
Bu, heç şübhəsiz həm də Fondun rəhbəri Mehriban xanımın ümummilli liderin yoluna və irsinə sadiqliyinin nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olmaqla bərabər, ölkənin birinci xanımı kimi Mehriban Əliyeva bu kursun humanizm və insanpərvər tərəfinin mükəmməl lideri oldu.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
13
Mənbələr
Şərh ()
Bağla