AZ

Tomas Tuxel “Real”a məğlubiyyəti şərh, hakimləri sərt tənqid etdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı səfərdə keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xatırladır ki, Münhendəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Bayern” Madriddəki cavab oyununda 1:2 hesabıyla məğlub olmaqla, Çempionlar Liqasındakı mübarizəsinə xitam verib.

Alman mütəxəssis oyunla bağlı fikirlərini bildirməklə yanaşı, oyunun son dəqiqələrində “Bayern”in qol vəziyyətini puç etmiş mübahisəli hakim qərarı ilə bağlı danışıb. O, hakimləri tənqid edərək, narazılığını açıq şəkildə ifadə edib, hətta ittihamdan belə, çəkinməyib:

“Məni ağrıdır. Özümüzə gəlməyimiz üçün vaxt gərəkdir. Bir tərəfdən, bütün gücümüzü meydanda buraxdıq. Əlbəttə, bunu qəbul etmək çətindir, amma bu, gerçəkliyin bir hissəsidir. Qüsura baxmayın.

Digər tərəfdən, çoxlu zədəlilərimiz, çoxlu əvəzetmələrimiz, qıcolmalarla bağlı çox fəsadlarımız vardı. Dörd hücumçu ilə başladıq və sonda onların hamısı meydanı tərk etdi. Sonra isə bütün gecə bizi parlaq surətdə xilas etmiş Manuel Noyer daha yüz il etməyəcəyi bir səhvə yol verdi”, – UEFA-nın mətbuat xidməti Tuxelin oyunla bağlı fikirlərini sitat gətirir.

Alman mütəxəssis hakimliklə bağlı iradlarını çəkinmədən bir neçə dəfə səsləndirib.

Xatırladaq ki, oyunun sonunda alman sağ cinah müdafiəçisi Yozua Kimmixin uzun ötürməsindən sonra niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt əlverişli vəziyyətə topu qəbul edib və qol vurmaq üçün fürsət yaxalayıb. Bununla belə, əvvəlcə, oyunun yan xətt hakiminin bayrağı havaya qalxıb və ardınca, oyunun polyak baş hakim Şimon Marçinyakın bu məqamın sonunu gözləmədən oyundankənar vəziyyəti qeydə alan fiti səslənib. Saniyələr içində hadisələrin sürətli inkişafı və hakimin fitindən sonra ani rahatlamış “Real” müdafiəsi De Liqtin instinktiv surətdə dəqiq zərbəsi ilə qapısında qol görüb. Məlum olduğu kimi, qol hesaba alınmayıb.

“Real” tərəfində bu səhv heç vaxt baş verməzdi” – Tomas Tuxel

“Bu, çox pis qərardır. Yan xətt hakimi və hakim fəlakətli qərar verdilər. Əvvəl-axır, bu, xəyanətə bənzəyir. Yan xətt hakimi üzr istədi, amma bu, kömək etmir. Elə bir məqamda bayrağı qaldırmaq… Hakim görür ki, topu qəbul edib, zərbə endirdik. Bunu anlamaq çətindir, amma bu, belədir”, – BBC alman mütəxəssisin hakimliklə bağlı iradını sitat gətirir.

“Bu, tam bir fəlakətdir. Bu məqamı sona qədər oynamaq gərək idi. Bu, qaydadır. Köməkçi hakim səhv etdi, baş hakim isə ikinci səhvi etdi. Əsl fəlakətdir.

“Real”ın geri-dönüşünü necə izah edə bilərik? Hakimlər öz işlərini görürlər. “Real” tərəfində bu səhv heç vaxt baş verməzdi.

Hər kəs öz imkanları daxilində çıxış etməli, səhv etmədən oynamalıdır. Ona görə də hakim də bu səviyyədə olmalıdır.
Bu amildən sonra bəhanələr sadəcə faydasızdırlar. Siz meydandasınız, çünki siz ən yaxşısınız. Bizim bunu sona qədər gözləməyə haqqımız var”, – BBC Tuxelin hakimlər briqadasına iradını sitat gətirir.

Beləliklə, “Real” Çempionlar Liqasının finalına yüksəlib və həlledici oyunda Almaniyanın digər təmsilçisi Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq