AZ

Tərlan Əhmədov onun yerində olsaydı, "Qəbələ" aşağı yuvarlanardımı?

Böyük ehtimalla, «Qəbələ» gələn futbol ilinə I Liqada start verəcək.

AFFA son anda Premyer Liqada iştirakçı sayını 10-dan 12-yə çatdırmasa və özündən başqa hansısa «fokus» çıxarmasa, ölkə kubokunun son sahibinə güzəşt edilməyəcək.

Kaxaber Sxadadzeni martda iş başına gətirən «Qəbələ» ilk qələbəni çox gözləməli oldu. «Səbail»i Bayılda uddular. İş-işdən keçəndən, Premyer Liqada axırıncı yeri tutacaqları dəqiqləşəndən sonra.

İntizar 14 tur çəkdi. Klub rəhbərliyinin və Elmar Baxşıyevin qara günə qoyduğu komandanı gürcü da ayağa qaldıra bilmədi. Kaxa onu daha pis günə saldı.

Ötən zaman sübut etdi ki, bu təyinat yanlış idi. Kaxa təbiətcə ağır və kobud biridir. Futbolçusunu söymək, onlarla sərt davranmaq adətidir.

Gərgin ab-hava onun işlədiyi komandalara xarakterik xüsusiyyətdir. Hər halda «Standard» və «İnter»də keçirdiyi illər hələ yaddaşmızdan silinməyib.

Elmar Baxşıyev istefaya göndərilən ərəfədə «Qəbələ»nin bütün şansları tam itməmişdi. Paraktiki və nəzəri şansları qalmaqdaydı.

Kaxa deyil, yerli bir məşqçi, məsələn, Tərlan Əhmədov martda sükan arxasına gətirilsəydi, «Qəbələ»ni Premyer Liqada saxlamaq olardı.

«Kəpəz»dən incik ayrılmış mütəxəssis elə keçmiş klubunun rəhbərliyinin acığına bu çağırışa hay verər, istənilən şərtlərlə işləməyə razılaşardı.

Əhmədovun nəyi də olmasa, kollektvin əhval-ruhiyyəsini qaldırmaq bacarığı var, bunu bir Tanrı qulu danmaz. K

axa gəldi, gəldiyi günün ertəsindən etibarən futbolçuların məsuliyyətsizlikdə, səviyyəsizlikdə, nədə, nədə suçladı. Buraxılan və vurulmayan hər qola görə onları qınadı, özündən narazı saldı, daha da psixoloji təzyiq altına aldı.

Əhmədov belə eləməzdi. Hərəni bir dillə dindirib, qıdıqlayıb oyuna kökləyəcəkdi.

Onda bu alınırdı da. Desin, gülsün, şənlik ocağı qursun - dar günlərdə bundan yaxşı motivasiya üsulu?

Tərlan Əhmədov dibə vuran komandaları «zirzəmi»dən çıxarmaq üçün ən uyğun variantlardan biridir. «Qəbələ» Kaxanı gətirməklə bir addım irəli düşmək istədi, iki addım geri getdi.

KAMİL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla