AZ

Özü II Dünya müharibəsində, oğlu I Qarabağ savaşında döyüşdü, nəvəsi şəhid oldu - 100 yaşlı VETERAN

Bu gün faşizm üzərində qələbənin 79 ili tamam olur. Tarixə İkinci Dünya müharibəsi kimi düşmüş savaşda Azərbaycandan da 600 min nəfər iştirak edib. Hazırda onlardan cəmi 30 nəfəri həyatdadır – sağdır.

Modern.az-ın məlumatına görə, faşizm üzərində qələbədə payı olanlardan biri də Füzuli rayonunun sakini Rəşid Mənsim oğlu Qasımovdur. Maraqlıdır ki, Rəşid kişi Qələbə günündə həm də yubileyini qeyd edir - onun 100 yaşı tamam olub.

Rəşid Qasımov 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, hitlerçilərlə döyüşlərin birində sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.

Müharibədən qayıdandan sonra rayonun təsərrüfat həyatının ön sıralarında olan Rəşid Qasımov aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb.

Rəşid kişinin oğlu və nəvəsi də Qarabağ savaşında iştirak ediblər.

Belə ki, onun oğlu Nofəl Qasımov I Qarabağ savaşı dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Nofəl Qasımov 1992-1993-cü illər arasında – müharibənin ən qızğın vaxtlarında təxminən 9 ay Füzuli rayonunun müdafiəsinə rəhbərlik edib.

Daha sonra ata və oğulun yolunu nəvə davam etdirib. Belə ki, Rəşid Qasımovun nəvəsi Səid Rəşidzadə 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Babasının adını soyad götürən Səid 2016-cı ildə baş verən Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında vuruşub. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib.

2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndən sonra könüllü olaraq hərbiyə qayıdıb.
Baş leytenant Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Hadrutun girişində Şişqaya deyilən yüksəkliyinə bayraq sancan zaman snayper gülləsi ilə vurulub.
Oktyabrın 11-də Səid şəhid olub, 12-də isə Hadrutun azad olunduğu elan edilib.

Səidin şəhid olduğunu babasından gizlədiblər. Rəşid kişi nəvəsinin şəhidlik zirvəsinə yüksəlməsindən televiziya vasitəsilə xəbər tutub.

Keçmiş icra başçısı, şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov 100 yaşlı atası Rəşid kişi haqqında belə deyib:


“Atam əvvəlcə 50-ni də aşırdı, indi də 100 də çatdı, gerisi uca Allaha bağlıdır. Haqqına yaşadı, ədalətli yaşadı, zəhmətlə yaşadı, İkinci Dünya müharibəsində vuruşdu, Qarabağ müharibəsinin acılarını gördü, amma əyilmədi.

Həyatımda nəyi düz etmişəmsə, atamdan öyrənmişəm, səhvlərim öz günahımdı.

Doğma Füzuli rayonunda 100 yaşı keçən 3 kişi vardı, atam Rəşid Mənsim oğlu Qasımov 4-cü kişi oldu”.


Ə.Qafarlı
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla