AZ

Məhkəmənin hakimi tülkü olanda...

"Sabah" klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin yeni üzvü və Klublar Komitəsinin sədri Maqsud Adıgözəlov maraqlı açıqlama verib. Bax, elə bu cür də deyib: "Biz hər birimiz "Qəbələ"nin Azərbaycan Premyer Liqasında qalmasını istərdik. Lakin idman prinsiplərinə riayət etmək lazımdır".

Yadıma "Sabah" klubunun Premyer Liqaya yüksəlmə tarixçəsi düşdü. Həmin vaxt "Xəzər" adlı klub I Divizionun qalibi olmuşdu. Amma AFFA lisenziyadan keçmədiyini əsas gətirərək, "Xəzər"i elitaya buraxmadı. Əvəzində I Divizionda kim bilir neçənci yeri tutan "Sabah" adlı klub Premyer Liqada peyda oldu. Lap elə Maqsud Adıgözəlovun özü bu klubun prezidenti postunda zühur etdiyi kimi..

Yoldaş Adıgözəlov, siz Klublar Komitəsinin sədrisiniz. Çox yaxşı bilirsiniz ki, hazırkı 10 klubun əksəriyyəti Premyer Liqaya idman prinsipləri əsasında vəsiqə qazanmayıb. "Sabah"ı qoyaq bir kənara, "Qəbələ" başqa rayonun adı ilə gəlib, "Zirə", "Kəpəz", "Turan Tovuz", "Səbail", "Sumqayıt"ın elitaya necə "yüksəlmələri"ndən xəbəriniz varmı?

Yalnız "Araz Naxçıvan" sizin idman prinsipi adlandırdığınız üsulla bura gəlib çıxıb. Amma nə olsun? Klub bu gün harada oynayır? Naxçıvanda sonuncu dəfə nə vaxt olub? Ev oyunlarını harada keçirir? Himayədarı kimdir?

Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında coğrafi genişlənmədən danışmaq da yersizdir. Yenə Bakı çempionatı izləmirikmi? Məgər "Kəpəz" Gəncədə, "Qarabağ" Ağdamda, "Araz Naxçıvan" Naxçıvanda oynayır? Bölgədə oynayan cəmi 2 klub var: Biri "Turan Tovuz", digəri də "Qəbələ". Tovuzda Allahın projektorunu belə, düz-əməlli qura bilmirlər. "Qəbələ"də isə hər şey var, amma nəticə adına heç nə yoxdur.

Məsəli Maqsud Adıgözəlovdan uzaq. Krılovun məşhur təmsilində belə bir cümlə var: "Məhkəmənin hakimi tülkü qızışdı yaman".

Yəni, görün, "idman prinsipləri"ndən kim dəm vurur?!

Seymur Turan


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
sportnet.az

1Mənbələr