AZ

Sülh yolunda yeni mərhələ 

Almatı görüşündən gözləntilər...

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatıda keçirilməsi planlaşdırılan görüşünün vaxtı bəlli olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat yayıb. Məlumatda bildirilib ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq. Ermənistan tərəfi də öz növbəsində bu məlumatı təsdiqləyib. Ermənistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşündə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması müzakirə olunacaq. Qeyd olunub ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər də daxil edilib.

Almatı masasına gedən yol...

Almatıda baş tutması dəqiqləşən bu görüşün tərəflər üçün əhəmiyyəti böyükdür - görüş münasibətlərin normallaşması prosesində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu mənada, XİN başçıları səviyyəsində bu ikitərəfli təmasın uğurlu nəticələr verəcəyinə böyük ümidlər var. İndiyə qədər bir sıra platformalar üzrə danışıqlar prosesi aparılsa da, Almatı görüşünün bu qədər yüksək qiymətləndirilməsinin səbəbləri fərqlidir. İlk dəfədir ki, təmas vasitəçisiz olaraq ikitərəf arasında baş tutacaq. Yəni, masa Almatıda qurulsa da, masa arxasında iki nazir müzakirə apara biləcək. Bu isə olduqca mühüm bir detaldır. Çünki son aylarda baş verənlər bir daha təsdiqlədi ki, ikitərəfli təmaslar daha qəti nəticələr üçün zəmin yarada bilir. Hətta ötən ilin sonlarından başlayaraq Azərbaycan ilə Ermənistanın müvafiq delimitasiya və demarkasiya komissiyalarının daha aktiv fazaya qədəm qoymuş görüşləri belə sülh prosesinin nəticəyə yaxınlaşması üçün daha münbit şərait formalaşdırıb. Belə ki, bunun nəticəsi olaraq ötən ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlamasının yayılması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bir daha bəyan etməsi, COP29-a ev sahibliyini dəstəkləməsi, bu ilin aprelində isə 4 kəndin qaytarılması ilə bağlı əldə olunan razılaşma onu göstərir ki, məsələnin vasitəçisiz olaraq həlli daha məqbul nəticələrə yol açır. Bu mənada, Qazaxıstanda baş tutacaq ikitərəfli görüş nəticəyə yönəlik ciddi xarakter daşımaqdadır.

Azərbaycanın şərtləri Ermənistan tərəfindən təsdiqlənir...

Görüşün müzakirə mövzularının detallarında təxminən indiyə qədər ortaya qoyulan predmetlərin daha da inkişaf etdirilməsi təcəssüm edə bilər. Ermənistanın XİN başçısı Ararat Mirzoyan görüşlə bağlı danışarkən Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib. “Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq”, - Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib.

Mirzoyan onu da qeyd edib ki, Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir. “Hər iki ölkənin marağı ən mühüm mövzular arasında Almatı müqaviləsi çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması məsələsini müzakirə etməkdir”.

Eyni zamanda, Ermənistan Almatı danışıqlarında regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsində Azərbaycanla nizamlanmanı müzakirə etmək niyyətindədir: “Biz nəqliyyat infrastrukturunu blokadadan azad etmək istərdik, amma hələlik ümumi razılıq yoxdur. Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticarət marşrutlarını açmaqdır”. 

Vurğulamaq lazımdır ki, Azərbaycanın hələ 2022-ci ilin martında irəli sürdüyü məsələlər bu və ya digər şəkildə bu gün Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənir. Belə ki, Azərbaycanın təqdim etdiyi məsələlərdən biri dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması idi. Artıq hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb - bu, amil Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində ən mühüm addım sayıla bilər. Digər əsas məsələlər isə dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması idi ki, bu da ikitərəfli münasibətlərin normallaşması üçün nəzərdə tutulan baza prisipləri arasında yer alırdı.  Bu müddəalara nəzər saldıqda məlum olur ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Yəni bu gün erməni nazirin mövzu üzrə bəyan etdiyi predmetlər artıq illərdir ki, Azərbaycanın irəli sürdüyü sülh şərtlərində öz əksini tapmaqdadır - bunun reallaşmasının uzanması isə məhz İrəvanın “fəaliyyətidir”. 

Regionun sabit inkişafı üçün başlanğıc nöqtəsi... 

Bəli, 2020-ci il Vətən müharibəsinin və 2023-cü il atiterror tədbirlərinin yekunları regionda yeni geosiyasi reallıqlar formalaşdırıb ki, bu reallıqlardan ən əsası da Cənubi Qafqazda davamlı sülhə nail olunması şərtidir. Ötən dövrdə isə Azərbaycan prosesin irəliyə daşınması üçün kifayət qədər mühüm addımları ilə seçilib - hətta 2022-ci ilin mart ayında sülhün bağlanması üçün əlverişli mühitin formalaşdırılmasına xidmət edəcək, beynəlxalq hüquqa və ədalətə söykənən şərtləri qarşı tərəfə təqdim edib. Vurğulandığı kimi, Ermənistan ötən dövr ərzində sülhün reallaşması üçün lazımi mövqeni nümayiş etdirə bilməmişdi - bu gün isə prosesin axarında əsaslı dönüş müşahidə olunur. Almatı görüşü regionun gələcək sabit inkişafı üçün başlanğıc nöqtəsinə, sülh prosesində mühüm mərhələyə çevrilə bilər. Görüşün ünvanı da təsadüfən seçilməyib - tərəflərin daima istinad etdiyi və ərazi bütövlüyünün tanınması ilə bağlı əsas götürülən tarixi Almatı Bəyannaməsinin imzalandığı məkanda yenidən masa arxasına oturulmasının həm də mühüm ştrixləri mövcuddur. Bu görüş tarixi ədalətin bərpası üçün, gələcək əlaqələrin inkişfının başlanğıc nöqtəsi üçün tarixə düşə bilər. Bu görüş həm Orta Dəhliz seqmentində, həm də TDT platformasında Azərbaycanla tərəfdaş olan Qazaxıstanın bölgədə münasibətlərin tənzimlənməsinə, Şərq-Qərb tranzitinin diversifikasiya edilməsinə töhfəsi sayıla bilər. Bu mənada, XİN başçıları səviyyəsində mayın 10-da keçiriləcək görüş prosesinin yeni mərhələyə keçməsi üçün tramplin sayılır. 

ABŞ ənənəvi ampluasındadır...

Maraqlıdır ki, hər kəsin böyük ümidlə baxdığı, sülh üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən Almatı görüşü bəzi dövlətlər tərəfindən indidən manipulyasiya edilir. Məsələn, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda gözlənilən görüşünü şərh etməkdən yayınıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib ki, “mənim bu məsələ ilə bağlı hər hansı şərhim və ya gözləntilərim yoxdur”.

ABŞ-ın bölgədə sülhün və ədalətin bərpası istiqamətində əsas məqamlardan biri kimi qiymətləndirilən görüşlə bağlı mövqeyi başadüşülən deyil. Dünənə qədər bəyanatlarında “ikitərəfli təmasın vacibliyi”, “sülhün əldə olunması üçün aktiv müzakirələri” və “beynəlxalq hüquq çərçivəsində danışıqların nəticəyə hədəflənməsini təmin etmək” kimi fikirləri qeyd edən Dövlət Departamentinin Almatı görüşü haqda fikir bildirməməsi, hətta “gözləntisi olmadığını” vurğulaması düşündürücüdür - bu o deməkdir ki, ABŞ yenə də öz ampluasındadır. Vaşinqtonun bu və ya digər şəkildə belə görüşlərdən və təmaslardan, razılaşmalardan nə gözlədiyi isə heç kim üçün maraqlı və əsaslı deyil. Maraqlı və əsaslı olan tərəflərin bir-birləri ilə müzakirə aparması, nəticəyə gəlməsidir. Çünki bu nəticə ABŞ üçün deyil, bölgə üçün inkişafın əsasını qoyacaq - Azərbaycan ilə Ermənistan arasında müsbət münasibətlərin formalaşması regionun yeni inkişaf mərhələsini yaradacaq...

P.İSMAYILOV 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla