AZ

Güclü siyasi dialoq, yüksəksəviyyəli əməkdaşlıq...

Ölkəmizin beynəlxalq miqyasda yaratdığı müsbət nümunə etiraf edilir

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində yer alması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən illər ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktora çevrilib. Xüsusilə indiki, yeni geostrateji çağırışlar şəraitində milli dövlətlərin regional və qlobal müstəvidəki yeri və rolu həyata keçirilən xarici siyasətin, ümumi regional inkişafa qazandırdığı yeni keyfiyyətlərin və bölgəsəl təhlükəsizlikdə tutduğu mövqenin çəkisi ilə mütənasiblik təşkil etdiyi bir zamanda ölkəmizin tutduğu mövqe bütün dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Praqmatik və strateji, eyni zamanda, davamlı və nəticəyə hədəflənmiş siyasət kursu milli maraqları özündə ehtiva etməklə yanaşı, regional müstəvidə yeni situasiyaların formalaşmasını, yeni iqtisadi nizamın daha da güclənməsini və davamlı perspektivlərin yaranmasını təmin etməkdədir - bu kimi nailiyyətlər isə nəticə etibarı ilə ölkəni regional sabitləşdirici faktora çevrir. 

Azərbaycanın təcrübəsi pozitiv nümunə kimi çıxış edir...

Bu faktorlar, eyni zamanda, regionun ümumi inkişaf tempinin də artmasına zəmin yaradır. Başqa sözlə, müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik dövlətlərin sabitliyə əsaslanan inkişaf trayektoriyası, bütövlükdə, yerləşdiyi bölgənin iqtisadi cəlbediciliyini də diqqət mərkəzinə salır. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təcrübəsi pozitiv nümunə kimi çıxış edir. Bu ayrı-ayrı dövlətlər, xüsusilə Avropa kontingentinə aid olan dövlətlər tərəfindən etiraf edilməkdədir. Bu gün Qərbi Avropanın açıq diskriminasiyaya uğratmağa çalışdığı, hesablaşmadığı qitənin şərq hissəsində yerləşən ölkələr yeni münasibətlər sistemində özlərinə layiqli yer tutmaq üçün mübarizə aparır. Bu yolda isə məhz Azərbaycan kimi ləyaqətli siyasət yürüdən, beynəlxalq hüququn bütün seqmentlərinə hörmətlə yanaşan, ədalətin və çoxtərəfliliyin yanında yer tutan ölkə ilə siyasi dialoqlarını daha da təkmilləşdirir, gücləndirirlər. Ortada olduqca böyük siyasi - iqtisadi nümunə yer almaqdadır. 2020-ci ildə özünün ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini təmin edən Azərbaycan 30 ilə yaxın işğaldan əziyyət çəksə də, yeni inkişaf konsepsiyası formalaşdırdı və sülh çağırışlarından bir addım geri çəkilmədi. Yaşadığı çətinliklərə rəğmən isə özünün hərbi gücünü inkişaf etdirməklə regional mərkəzə çevrilməyi bacardı - iqtisadi imkanlarını ölkəsinin rifahına transformasiya etdi. bunun nəticəsidir ki, ermənilər tərəfindən dağıdılmış böyük bir ərazinin yenidən qurulması, müasir standartlara uyğun şəkildə formalaşdırılması, yeni infrastrukturun yaradılması, on minlərlə insanın öz yurd-yuvalarına qaytarılması istiqamətində real addımlar atılır və qısa zamanda minaların təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi kimi uğurlu strateji işlər görüldü. Nailiyyətlərimiz isə təbii olaraq, ölkəmizin beynəlxalq miqyasda müsbət nümunə obrazını daha da gücləndirir. 

Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır...

Təsadüfi deyil ki, bu gün Azərbaycanla əlaqələrini daha da möhkəmləndirməyə çalışan, iqtisadi-siyasi dialoqu strateji tərəfdaşlıq səviyyəsində tənzimləmək istəyən dövlətlərin sayı günü-gündən artır. Qeyd etdiyimiz kimi, bu siyahıda Mərkəzi və Şərqi Avropa ölkələrinin sayı durmadan artmaqdadır. Əlbəttə ki, burada iqtisadi faktor, xüsusilə enerji əməkdaşlığı faktoru mühüm təsirə malikdir. Bununla yanaşı, siyasi qərarlarda nümayiş olunan qəti və milli maraqlara söykənən mövqenin aydın şəkildə ortaya qoyulması həmin ölkələr çün cəlbedici amilə çevrilir. Azərbaycanda səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də mətbuata bəyanatında Prezident İlham Əliyevin apardığı siyasəti yüksək dəyərləndirib və bildirib ki, dövlətimizin başçısı suveren xarici siyasətin tərəfdarıdır: “Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.

Bu məqam xüsusi əhəmiyyət daşıyır - Azərbaycanın apardığı siyasət heç bir qrupun və ya qurumun siyasi məqsədləri üzərində köklənmir, birmənalı şəkildə milli mövqeyinə əsaslanır. Göründüyü kimi, hətta Aİ-nin üzvü olan bir ölkə bunu açıq əşkildə etiraf edir və bu təşkilatın “təlimat verməyi xoşladığını” önə çəkir. Azərbaycan isə bütün dövrlərdə kimlərinsə təlimatı və ya təzyiqi qarşısında bir addım da geri çəkilməyib. Bu, bizim siyasi dürüstlüyümüzün, milli mənafeyə söykənən münasibətimizin və açıq dialoq tərəfdarı olmamızın növbəti təsdiqidir. 

Bratislava Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırdır

Bəli, müasir dövrdə böyük güclərin, birgə maraqlardan çıxış edən qrup və ya qurumların əsas “silahı” fərqli siyasi təzyiq formalarıdır. Bu təzyiq formaları isə bəzən ikili standarta söykənən hesabatlar, bəzən qərəzli qətnamələr, bəzən isə hətta sanksiya təhdidi kimi təzahür edir. Ayrı-ayrı müstəqil siyasət yürüdən dövlətləri öz yolundan döndərməyə çalışanların məqsədi isə müxtəlif vasitələrlə öz maraqlarını həmin regionda və ya ölkədə təmin etməyə çalışmaqdır. Bütün bunlara razı olmaq, deyilənlərə sözsüz əməl etmək isə dövlətlərin müstəqilliyinin məhdudlaşdırılması anlamını verir ki, bu da neokolonializmin yeni mənzərəsi deməkdir. Başqa sözlə, bəzi təsisatlar və ya dövlətlər yeni dövrdə yeni müstəmləkəçilik arzularını məhz belə “beynəlxalq mexanizmlər” vasitəsilə həyata keçirməyə çalışır. Bu nüansın çalarlarını son illərdə Fransanın Cənubi Qafqaza yönəlik siyasətində açıq şəkildə görmək mümkündür. Amma Azərbaycan heç bir zaman bu kimi meyllərin qarşısından geri çəkilməyib - tam əksinə, ölkəmiz beynəlxalq hüququn təmini uğrunda sona qədər mübarizə aparıb və qalib gəlib. Slovakiyanın Baş naziri Robert Fitso çıxışında onu da bildirib ki, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, ədalətsizlik və qeyri-obyektivlik məni məyus edir: “Çünki əhali sayına baxdıqda biz kiçik ölkə hesab edilirik. Sizi çox diqqətlə dinləyirdim və bunu dünən məni hava limanında qarşılayan nümayəndə heyətinə də bildirdim. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir”.

Konkret addımlar da atılıb

Azərbaycanın yürütdüyü siyasət isə bütün parametrləri ilə ədalətə və hüquqa söykənir. İstər Cənubi Qafqazda, istərsə də daha geniş qlobal anlamda oynamağa çalışdığımız rol iqtisadi əməkdaşlıqların inkişafına, təhlükəsizlik seqmentinin gücləndirilməsinə, milli maraqlara söykənən əlaqələrin qurulmasına, müsbət tona malik siyasi dialoqun genişləndirilməsinə hədəflənib. Azərbaycan bütün anlamlarda özünün çoxtərəfli əməkdaşlıqlar müstəvisində maraqlı olduğunu detallarla açıqlayır. Bu isə, özlüyündə yeni tərəfdaşlıq perspektivi də yaradır. Yeni dövrdə ölkələrin siyasi rəhbərlərinin Azərbaycana münasibətdə daha yüksəksəviyyəli əlaqələrin qurulmasına olan marağı da məhz bu təzahürlərdən doğur. Prezident İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri ilə birgə mətbuata açıqlamasında bildirib ki, Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar: “Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik”.

Pərviz SADAYOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr