AZ

Azərbaycan - Slovakiya: Müştərək yol

Müstəqil Azərbaycan o dövlətlərdəndir ki, siyasətini davamlı olaraq özünün reallıqlarına,  imkanlarına əsaslanmaqla qurur və tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı maraqları önə çəkir. Ölkəmiz indiyədək heç vaxt yerləşdiyi coğrafiyanın üstünlüyünü və malik olduğu zəngin karbohidrogen ehtiyatlarını başqa dövlətlərə qarşı təzyiq, siyasi və iqtisadi avantajlar qazanmaq alətinə çevirməyib. Əksinə, Prezident İlham Əliyevin strateji baxışlarına uyğun olaraq ölkəmizin moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələri həm regional, həm də qlobal səviyyədə yeni səmərəli əməkdaşlıq mühiti formalaşdırıb. Öz növbəsində dinamik inkişaf templərinə malik olan Azərbaycanın imkanları, xoş mərama əsaslanan siyasəti və əməkdaşlığın genişlənməsinə verdiyi davamlı töhfələr dünya dövlətləri tərəfindən böyük maraqla izlənilir və yüksək dəyərləndirilir. Avrasiyada ölkəmizlə tərəfdaşlıq münasibətləri qurmağa və yaxud mövcud əlaqələri genişləndirməyə çalışan ölkələrin sayının getdikcə artması bu fikri əyani şəkildə təsdiqləyir.  Avropa İttifaqının (Aİ) üzvü olan Slovakiya da belə dövlətlər sırasında yer alır. 

İkitərəfli münasibətlərdə yeni səhifə

Dənizə çıxışı olmayan Slovakiya Mərkəzi Avropada yerləşir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Müstəqilliyini 1 yanvar 1993-cü ildə elan edən Slovakiya NATO və Aİ-nin üzvüdür. Slovakiya iqtisadiyyatı sənaye, əkinçilik və heyvandarlığa söykənir. 

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Hələlik ikitərəfli iqtisadi münasibətlərin yüksək səviyyəsindən söhbət açmaq mümkün deyil. Hazırda qarşılıqlı  ticarət dövriyyəsi təxminən 70 milyon avro həcmindədir. Burada aktiv balans Slovakiya tərəfindədir. Bu da onunla bağlıdır ki, Slovakiyada avtomobil sənayesi yüksək inkişaf səviyyəsinə çatıb, bu sahədə çoxsaylı müəssisələr fəaliyyət göstərir. Azərbaycana dost ölkədən avtomobillər idxal olunur. Diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, hər iki tərəf ticarət dövriyyəsinin indiki səviyyəsinin mövcud potensialı əks etdirmədiyini bildirir. Bu günlərdə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə baş tutan uğurlu səfəri çərçivəsində keçirilən çoxsaylı tədbirlərdə  Azərbaycanın və Slovakiyanın ali rəhbərliyi tərəfindən ikitərəfli münasibətləri dərinləşdirməyə, qarşılıqlı ticarət dövriyyəsini artırmağa qətiyyətli siyasi iradə göstərilib. Prezident İlham Əliyevin Baş nazirlə həm təkbətək görüş əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələlər müzakirə olunub, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu təsdiqlənib, eyni zamanda, tərəflər bir çox sahələr üzrə planlaşdırılan işlərə də öz münasibətlərini bildiriblər. “Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq”, - deyə Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata verdiyi bəyənatında vurğulayıb.

Öz növbəsində Slovakiyanın Baş naziri də ölkəsinin Azərbaycala iqtisadi müstəvidə əlaqələri genişlənməyə maraqlı olduğunu diqqətə çatdırıb. Mətbuata verdiyi bəyənatında “Biz əməkdaşlığımızı genişləndirməliyik” deyən Robert Fitso  vurğulayıb ki, əgər güclü Prezident və siyasi baxımdan güclü Baş nazir varsa, biz bir neçə layihəni öz üzərimizə götürüb onu uğurla həyata keçirə bilərik.

Əməkdaşlığın genişləndirilməsinin hüquqi əsasları

Ötən 30 ildə Azərbaycanla Slovakiya arasında imzalanan sənədlərin sayı məhdud olub ki, bu da ikitərəfli iqtisadi əlaqələrin miqyasına öz təsirini göstərib. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə uğurlu səfəri şərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Bunlar aşağıdakılardır:

- “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, 

- “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, 

- “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”.

Beləliklə, ikitərəfli münasibətləri dərinləşdirmək üçün hüquqi baza genişləndirlib. Prezident İlham Əliyevin və Baş nazir Robert Fitsonun imzaladıqları strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə  çox ciddi siyasi sənəddir və ikitərəfli əlaqələri ən yüksək səviyyəyə qaldrmağa imkanlar açır. “Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir”, - deyə dövlətimizin başçısı bildirib.

Perspektiv əməkdaşlığın prioritet istiqamətləri

Slovakiyanın Baş nazirinin ölkəmizə uğurlu səfəri çərçivəsində aparılan müzakirələrdə qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətləri də müəyyənləşdirilib. İmzalanan sənədlərdən və səsləndirilən fikirlərdən aydın olur ki, müdafiə və müdafiə sənayesi sahələri ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən birini təşkil edəcək. Səfər çərçivəsində bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılıb və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara start verilib. Burada iki ölkənin maraqları və imkanları bir-birini tamamlayır. Azərbaycan müasir ordu quruculuğunu, eyni zamanda, ixrac qabiliyyətli müdafiə sənayesi yaratmağı hədəfləyib. Öz növbəsində Slovakiyada müdafiə sənayesinin inkişafı güclü şəkildə dəstəklənir. Ölkəmizdə yaradılacaq birgə istehsalatda texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixraca yönəldiləcək, ya da Azərbaycanda qalacaq. 

Enerji dialoqunun genişləndirilməsi Azərbaycanla Slovakiya arasında iqtisadi sahədə əməkdaşlığın ən perspektivli istiqaməti kimi görünür. Azərbaycan zəngin resurslara malik olan ölkədir. Hazırda Azərbaycan  8 ölkəyə öz təbii qazını ixrac edir. Çox güman ki, dost Slovakiya bu siyahıda  9-cu ölkə olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaranıb. Ölkəmizin Avropaya mavi yanacaq ixracını artırmaqda maraqlı olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”. 

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən quruculuq və bərpa işlərində Slovakiya şirkətlərinin iştirakı da ikitərəfli əməkdaşlığın gündəliyində dayanan məsələlər sırasındadır. Ölkəmiz ərazilərin bərpasını dost ölkələrin iştirakı ilə həyata keçirir. Yaxşı haldır ki, bu sahədə əməkdaşlıq genişlənir. Slovakiyanın bəhs olunan ərazilərdə müxtəlif fəaliyyətlərə maraq göstərməsi dost ölkənin xoş niyyətindən xəbər verir. “Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək”, - deyə Prezident İlham Əliyev bildirib.

Onu da qeyd edək ki, Baş nazirin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin  (AZPROMO) və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SAIRO) birgə təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilərlə yanaşı, müdafiə sənayesi, İKT, maliyyə və logistika sahələrini təmsil edən 90-dan çox şirkət nümayəndələri iştirak edib.

Mübariz FEYİZLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
yeniazerbaycan.com

1Mənbələr