AZ

Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...

“200 ilə yaxın dövr ərzində davam edən Azərbaycan-Türkiyə
müharibələri həm hər iki dövlətin, imperiyanın gücünü, qüdrətini nümayiş etdirdi,
həm də hər ikisini zəiflətdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəliburada: )
 
Akif Nağıdan tariximizə fərqli baxış...
 
Azərbaycan və Türkiyənin yanlış müharibələrdən
keçərək möhkəmlənən qardaşlığı... -XXVII mövzu
 
Şah I Təhmasib və Şah I Abbasın dövründə Azərbaycan-Türkiyə
müharibələri. Amasiya və Qəsri-Şirin sülh müqavilələri.
 
Şah İsmayılın işi sülalənin digər nümayəndələri tərəfindən uğurla davam
etdirildi. Onun Təhmasib Mirzə, Sam Mirzə, Bəhram Mirzə, Əlqas Mirzə adlı dörd
oğlu vardı. Yerinə 1514-cü ildə anadan olmuş böyük oğlu Təhmasib keçdi. Div
Sultan Rumlu yeni Şahın atabəyi kimi, onun azyaşlı olmasından istifadə edərək
dövlət işlərinə nəzarəti ələ alsa da, tayfa əmirləri arasında gedən çəkişməyə son
qoya bilmədi. Div Sultan 1527-ci ildə ara müharibələri zamanı öldürüldü [4,
s.534]. Şah Təhmasib(1524-1576) yalnız 1534-cü ildən hakimiyyətə nəzarəti tam
ələ ala bildi [16]. Bu vaxt Şirvanda da vəziyyət dəyişdi. 1524-cü ildə Şeyxşah II
İbrahim vəfat etdi. Yerinə Şah İsmayılın qızı Pərixan xanımın əri Sultan Xəlil II
Xəlilullah adı ilə hakimiyyətə gəldi. II Xəlilullah 1535-ci ildə öz əcəli ilə vəfat etdi
və yerinə qardaşı oğlu Şahrux hakimiyyətə keçdi. O, Şah Təhmasibə tabe olmadı.
Şah Təhmasib 20 minlik hərbi dəstəni 1538-ci ildə Şirvana yolladı. Onlar Şamaxı,
Surxab, Qəbələ, Gülüstanı tutdular. Şahruxun vəkili başda olmaqla, bir çox Şirvan
əyanı öldürüldü. Şahrux Təbrizə gətirildi və 1539-cu ildə gizlicə edam edildi.
Bununla 1538-ci ildə Şirvanşahların müstəqilliyinə son qoyuldu. Şirvan vilayətinin
birinci valisi Şah Təhmasibin qardaşı Əlqas Mirzə oldu. 1551-ci ildə Şəki
hakimliyinin də nisbi müstəqilliyinə son qoyuldu, dövlətin tərkibinə daxil edildi [2,
s.98-99].
Türkiyənin Sultanı I Süleyman Qanuni (1520-1566) Şərqdə maraqlarını
təmin etmək üçün Səfəvilərə qarşı müharibəyə başladı. Bu vaxt Şah Təhmasib
özbəklərlə müharibə aparırdı. Osmanlıların baş vəziri İbrahim paşanın 90 minlik
ordusu, öndə isə Osmanlı tərəfə keçmiş Səfəvi əmirlərindən Üləma bəy Təkəlinin
10 minlik qoşunu olmaqla, 1534-cü ildə Azərbaycana daxil oldular. Türkiyə
qoşunları 1534-cü ilin iyun ayında müqavimətə rast gəlmədən Təbrizə daxil oldu.
Təbriz daxil olmaqla tutulan Azərbaycan torpaqlarının bəylərbəyi Üləma Təkəli
oldu. Həmin ilin sentyabr ayında bir bölük qoşunla Sultan Süleyman Qanuni özü
də Təbrizə gəldi [18]. Bu xəbəri eşidən Şah Təhmasib qardaşı Sam Mirzəni
Heratda qoyub özü geri qayıtdı. Şah Təhmasib Osmanlılarla açıq döyüşə girmir,
“yandırılmış torpaq” taktikasından istifadə edir, Sultan Süleymanın qoşunlarının
girəcəyi ərazilərdə ərzaq, yem və sairi məhv edir, hərdən onlara zərbələr vururdu.
Bu döyüşlər xeyli müddət ərzində hər iki tərəfdən ciddi itkilərlə nəticələndi. Sultan
Süleyman iki dəfə Təbrizə daxil oldu, amma ərzaq və digər çatışmazlıqlara görə
uzun müddət qala bilmədi. Sultan Süleyman 1548-ci ildə yenidən fəallaşdı, Təbrizə
daxil oldu, oradan Vana doğru hərəkət edib ələ keçirdi. Şah Təhmasib və oğlu
İsmayıl Mirzə 1551-1554-cü illərdə Van, Muş və digər istiqamətlərdə geniş
əməliyyatlar keçirdi, ərazidə hakimiyyəti bərpa etdilər.
Bu yorucu döyüşlərdən sonra 1555-ci ilin mayında Amasiyada iki ölkə
arasında barış sazişinə imza atıldı. Bu barışa görə Van və Qərbi Gürcüstan
Osmanlılara verildi. Şərqi Gürcüstan Səfəvi hakimiyyəti altında qaldı [2, s.105].
Bağdad da daxil olmaqla İraq Türkiyənin tərkibinə keçdi, Azərbaycan tarixi
torpaqlarını qoruyub saxladı [19, s.94]. Bu barış Şah Təhmasibin ən böyük
uğurlarından oldu. Şah Təhmasib bir sıra iqtİsadi, siyasi və hərbi-strateji səbəblərlə
bağlı olaraq 1555-ci ildə paytaxtı da Təbrizdən Qəzvin şəhərinə köçürdü. Paytaxtın
Təbrizdən Qəzvinə köçürülməsi Təbrizin tez-tez Osmanlı hücumlarına məruz
qalması və sair ilə əlaqədar idi. Sultan Süleymanın ölümündən (1566) sonra da iki
ölkə arasında yaxşı münasibətlər davam etdi. Lakin bu münasibətlər Qərb
dövlətlərinə sərf etmirdi.
 
Şərq ölkələrinə Avropadan əvvəlcə tacirlər, sonra elçilər və onların ardınca
isə bir qayda olaraq, toplu-tüfəngli müstəmləkə qoşunu gəlirdi. Portuqaliyadan
başlamış Fransaya qədər bütün Avropa dövlətlərinin Şərqə gələn tacirləri, elçiləri,
missionerləri öz dövlətlərindən aldıqları xüsusi tapşırıq üzrə Şərq dövlətlərinin
arasını mümkün qədər vurmağa çalışırdılar. Şah İsmayıl isə babası Uzun Həsən
kimi Avropa dövlətləri ilə əlaqələr yaratmağa çalışırdı. Bu siyasət onun xələfləri
tərəfindən də davam etdirildi. Bu zaman Osmanlı dövləti ilə düşmənçiliyi olan
Portuqaliya daha çox Səfəvilərə yaxınlıq göstərirdi. XVI yüzilin 30-50-ci illərində
Osmanlı-Səfəvi savaşları zamanı portuqallar Səfəvilərə top-tüfənglə kömək
edirdilər [6, s.326-327]. XVI yüzilin 60-cı illərində Azərbaycana İngiltərədən altı
ekspedİsiya gəlmişdi. İngiltərə kraliçası Yelizaveta Tüdoru (1558-1603)
Azərbaycanın ipəyi, daha çox isə buradan Hindistana gedən karvan yolları
maraqlandırırdı [3, s.244, 245].
1571-ci ildə Venesiya öz elçisi Vinçenso Alessandirini Azərbaycana
göndərdi. V.Alessandri Şah I Təhmasibə Osmanlı dövlətinə qarşı müqavilə
bağlamağı təklif edirdi. Növbəti il Roma papası V Piy Şah Təhmasibə yazdığı
məktubda xristian müttəfiqləri ilə birgə Osmanlı dövlətinə qarşı savaşa başlamağın
əlverişli vaxtının çatdığını bildirirdi. Papa başda olmaqla xristian monarxları Şah
Təhmasibi Osmanlı dövlətinə qarşı savaşa çəkməyə çalışırdılar [6, s.311-313].
XVI yüzilin ortalarında Kazan və Həştərxanı tutduqdan sonra Xəzərin şimal
sahillərində müstəmləkələrini tədricən genişləndirən Moskva knyazlığı
Azərbaycanla diplomatik və ticarət əlaqələrinə xüsusi fikir verir, Yaxın və Orta
Şərq bazarlarına can atırdı. Moskva çarı IV İvan (1547-1584) 1569-cu ildə
Qəzvinə elçilər göndərdi. Onlar Şah Təhmasibə 100 top və 500 tüfəng
gətirmişdilər. Ruslar bir tərəfdən Səfəvilərlə əlaqələrini gücləndirir, digər tərəfdən
isə yavaş-yavaş Xəzərə doğru yeni torpaqlar işğal edirdi [2, s.109-110].
Şah Təhmasib 1576-cı ildə vəfat etdi. Varisini elan etmədiyinə görə
hakimiyyət uğrunda xələfləri və əmirlər arasında çəkişmə başlandı. Hələ 1574-cü
ildə Şah Təhmasib ağır xəstə yatdığı zaman hakimiyyət məsələsi əmirlər arasında
çox ciddi mübahisəyə səbəb olmuşdu. İsmayıl Mirzənin tərəfində duranlar qələbə
çaldılar. İyirmi il Qəhqəhə həbsxanasında yatan İsmayıl Mirzə azad edildi. İsmayıl
Mirzə cəsur olub, qızılbaşlar tərəfindən sevilirdi. Şahın bir çox yaxın adamları isə
ondan ehtiyat edirdilər. Elə buna görə də onu yalandan Şaha qarşı qəsddə
günahlandırıb həbs etdirmişdilər. Qaradağdakı Qəhqəhə qalasından çıxan İsmayıl
Mirzə Qəzvinə gəldi. O, 1576-cı ildə Şah II İsmayıl ünvanı ilə hakimiyyətə keçdi
[12].
 
II İsmayıl dövlətin yerli dayaqlarının möhkəmləndirilməsinə ciddi fikir
verirdi. O, dövləti möhkəmləndirməklə yanaşı, Osmanlı dövləti ilə münasibətləri
də yaxşılaşdırmaq istəyirdi. Onun yarımçıq qalan, yəni həyata keçirə bilmədiyi dini
islahatı da bu məqsədə xidmət edirdi. O, şiəliyi mötədil bir hala gətirməklə
sünniliyin sıxışdırılmasına qarşı idi. II İsmayıl iki məzhəb tərəfdarlarını bir-birinə
yaxınlaşdırmaq, aralarındakı ixtilaflara son qoymaq istəyirdi. Çox keçmədi ki, Şah
II İsmayıl 1577-ci ildə müəmmalı şəkildə öldü [5, s. 387].
 
1578-ci ilin fevralında Şah seçilən Məhəmməd Xudabəndə (Şah Təhmasibin
böyük oğlu) gözləri zəif görməklə yanaşı, həm də iradəcə möhkəm adam deyildi.
Məhəmməd Xudabəndənin zəifliyindən istifadə edən bir sıra əmirlərin dövlətin
siyasi və əsgəri təşkilatında yüksək vəzifələri ələ keçirmək cəhdləri ilə əlaqədar
olaraq çəkişmələr yenə də qalırdı. Ölkə daxilində tayfalararası bu çəkişmələr
Osmanlı dövləti üçün də çox əlverişli oldu. Hakimiyyətdə II Səlimi (1566-1574)
əvəz etmiş III Murad (1574-1595) bəhanələrlə 1578-ci ildə Amasya barışığını
pozub, Qars qalasının bərpa olunması haqqında göstəriş verdi. Osmanlılarla
Səfəvilər arasında Çıldır gölü sahilində (Qars qalası yaxınlığında) 1578-ci ilin
avqustunda döyüş baş verdi. Çıldır döyüşündə osmanlılar qalib gəldi [13, s.257].
Bu və digər tərəfin uğurlarından sonra Osmanlı qoşunu 1585-ci ildə Təbrizi tutdu,
sonra Şirvan, Şərqi Gürcüstan, Çuxur-Səəd, Qarabağ və Güney Azərbaycan
vilayətlərini tamamilə ələ keçirdi [7, s.145-147].
 
Xarici yürüşlərin, daxili çəkişmələrin Azərbaycan dövlətini sarsıtdığı bir
vaxtda Mürşüdqulu xan başda olmaqla bir qrup türk-qızılbaş əmiri Məhəmməd
Xudabəndəni (1595-ci ildə Qəzvində, Ələmut qalasında həbsdə ölüb)
hakimiyyətdən devirib, onun oğlu Abbas Mirzəni hakimiyyətə gətirdi. Şah I
Abbasın (1587-1629) hakimiyyətinin ilk günlərində dövlətin həm daxili, həm də
xarici vəziyyəti çox ağır idi. Azərbaycan dövlətini şərqdən Özbək, qərbdən isə
Osmanlı ordusu sıxışdırırdı. Daxildə isə əmirlər arasında çəkişmələr hələ də
gedirdi. Şah I Abbas ölkə daxilindəki çəkişmələri aradan qaldırmaq üçün Osmanlı
hökuməti ilə barışmağa məcbur oldu. Eyni zamanda Osmanlı dövləti üçün də
müharibəni davam etdirməyin bir çox çətinlikləri var idi. İlk addımı Şah I Abbas
atdı. O, 1590-cı ildə Heydər Mirzəni İstanbula göndərdi. 1590-cı ildə tərəflər
arasında müqavilə imzalandı. Barışığa əsasən məzhəb ayrılığına görə insanlar
incidilməməli, Peyğəmbərin xələflərinə qarşı hər cür pis hərəkətə yol verilməməli,
1590-cı ilə qədər hər iki tərəfin əllərindəki torpaqlar özlərində qalmalı, sülh
əhdnaməsinə ciddi əməl olunmalı idi. Belə ki, Təbriz, Qərbi Azərbaycanın bir sıra
bölgələri, Çuxur-Səəd, Şirvan, Gürcüstan, Qarabağ, Luristan, Nəhavənd Osmanlı
dövlətinə verildi [15]. Bu birinci İstanbul müqaviləsi ilə Azərbaycan-Türkiyə
müharibələrinin ikinci mərhələsi başa çatdı.
 
Şah I Abbas dövlətə qarşı baş qaldıran əmirləri sakitləşdirib, Osmanlı dövləti
ilə barışıb, özbəkləri Xorasandan uzaqlaşdırdıqdan sonra ölkəni sabitliyə
qovuşdurdu. Dövlətin mərkəzini Qəzvindən daha qorxusuz yer olan İsfahana
(1598-ci il) köçürdü. Yeni paytaxtın və onun ətraf bölgələrinin əhalisinin xeyli
hissəsini vaxtı ilə Şah I İsmayıl tərəfindən burada dayaq yaratmaq məqsədi ilə
köçürülüb yerləşdirilmiş Təkəli türkləri təşkil edirdi. Şah Abbas da bura Təbrizdən
xeyli əhali gətirib, onlara Zayəndərud çayının sahilində Təbrizabad (Abbasabad)
adlı məhəllə saldırıb, orada məskunlaşdırdı. O cümlədən, Şah Abbas zamanı
Təbrizdən İsfahana 200 sənətkar ailəsi də köçürüldü. Beləliklə, dövlətin yeni
mərkəzində türk-qızılbaşlardan özünə güclü dayaq yaradan Şah Abbas Avropa və
Şərq ölkələri ilə əlaqələri artırmaqla, daxildə iqtisadi islahatlar keçirib, ölkədəki
geriliyi yavaş-yavaş aradan qaldırdı [17, s.96].
Şah Abbas hakimiyyətə gəldiyi gündən idarəçiliyə yeni əmirlər gətirdi.
Ancaq onlar da özlərindən əvvəlkilərin yolu ilə getməyə başladılar. Elə buna görə
də, onların da çoxu hakimiyyətdən uzaqlaşdırıldı. Şah Abbas hakimiyyətə
keçməsində Mürşüdqulu xana borclu idi. Ancaq 1589-cu ildə Mürşüdqulu xan da
öldürüldü [11, s.38-39]. Şah Abbas nüfuzlu əmirləri aradan götürməklə həm ara
çəkişmələrini azaltdı və həm də hakimiyyətini möhkəmləndirdi. Onların yerinə isə
daha gənc və az tanınan əmirləri gətirdi.
 
Şah Abbas hərbi islahatında Osmanlı dövlətinin yeniçəri hərbi institutunu
örnək kimi qəbul edərək, qulam, tüfəngçi nizami alaylarını yaratmış və bir qədər
sonra isə topçu alayını da təşkil edib, əsgəri təşkilatı təkmilləşdirərək, dövləti
hərbi-siyasi baxımdan gücləndirməyə müvəffəq oldu. 44 minlik daimi ordu yarada
bildi [17, s.79].
 
Şah Abbas daxili çəkişmələrə son qoyub dövlət hakimiyyətini
möhkəmləndirdikdən sonra, əvvəlcə Xorasanın özbək xanlarından geri
qaytarılmasını qərara aldı. Şah Abbas 1598-ci ildə Herat savaşında Div
Məhəmməd xanı məğlub etdi. Bu savaşda 4000 nəfərdən çox özbək döyüşçüsü və
Div Məhəmməd xan da öldürüldü. Nəticədə Nişapur, Məşhəd, Herat, Mərv daxil
olmaqla bütün Xorasan özbəklərdən geri alındı [10, s.66]. Azərbaycan
imperiyasının sərhədləri yenə Ceyhun çayına çatdı.
 
Şah Abbas ciddi hərbi hazırlıqdan sonra Osmanlılar tərəfindən tutulmuş
torpaqları geri qaytarmaq üçün 1603-cü ildə Təbrizə doğru hərəkət etdi. Qızılbaş
ordusunun yaxınlaşdığını görən Təbriz və onun ətraf əhalisi osmanlılara qarşı
çıxışlara başladılar. 1603-cü ilin oktyabrında Şah Abbas Təbrizi tutdu [17, s.86].
Culfa və Naxçıvan asanlıqla azad edildi. 1603-cü ilin sonunda başlanan savaş
1604-cü ilin iyununa qədər davam etdi. Çox çətinliklə İrəvan da tutuldu [10, s.78-
79].
 
Həlledici savaş 7 noyabr 1605-ci ildə Ərdəbillə Sərab arasında oldu. Şah
Abbas qalib gəldi, Qarabağa keçdi və Gəncəni mühasirəyə aldı. Kömək gələcəyini
gözləyən Osmanlılar Gəncənin verilməsi təklifinə razı olmadılar. Gəncənin
mühasirəsi dörd ay davam etdi. Gəncə 5 iyul 1606-cı ildə geri alındı, Şirvana daxil
olan Şah ordusu 1607-ci ilin yanvarında Şamaxıya çatdı. Bu vaxt Bakı və
Dərbənddə Osmanlılara qarşı çıxışlar oldu. Bu çıxışlar Şirvanın geri qaytarılmasını
asanlaşdırdı. Şamaxıda 1607-ci il döyüşləri hər iki tərəf üçün ağır oldu. Şah ordusu
1607-ci ilin iyununda Şamaxını tutdu [7, s.151]. Şamaxı döyüşü ilə savaşın taleyi
həll olundu. Bütün Cənubi Qafqaz yenə də Azərbaycanın hakimiyyəti altına
qaytarıldı. Şah Osmanlı dövləti ilə danışıqlara başlamaq üçün Təbrizə qayıtdı.
Osmanlı dövləti 1607-1611-ci illərdə əvvəlki vəziyyəti bərpa etməyə cəhdlər
göstərdi, lakin istəyinə nail ola bilmədi. Türkiyə və Azərbaycan rəhbərləri Sultan
Əhməd (1603-1617) və Şah I Abbasın razılığı ilə 17 oktyabr 1612-ci ildə
İstanbulda sülh müqaviləsi imzalandı. Bu müqavilə ilə 1590-cı il sülhünün
müddəaları ləğv edildi, Amasya sülhünün (1555-ci il) şərtləri bərpa olundu [1,
s.400].
 
Şah Abbas 1613-cü ildə Gürcüstana qoşun yeritdi və Gürcüstanı asanlıqla
tutdu. Gürcüstanın xeyli xristian əhalisinə islam dini qəbul etdirildi [10, s.104-
105]. Şah I Abbasın Qafqazdakı bu uğurları Osmanlı Sultan Əhmədin narazılığına
səbəb oldu. O, 1612-ci il müqaviləsini pozub Qafqazı yenidən tutmağı qərara aldı.
Osmanlı ordusu 1616-cı ildə Ərzurumdan Təbrizə doğru hərəkət etdi. Bu və digər
tərəfin uğurlarından sonra Mərənddə (bu müqavilə bəzi mənbələrdə səhvən “Sərab
müqaviləsi” adlandırılır, bu yanlışlıq həlledici döyüşün Sərab yaxınlığında baş
verməsi ilə bağlı olub) 1618-ci ilin sentyabrında 1612-ci il İstanbul müqaviləsinin
şərtləri əsasında müqavilə imzalandı [9, s.611]. Barışıqdan xeyli sonra Osmanlı
ölkəsində daxili çəkişmələr başlandı. Bundan istifadə edən Şah I Abbas 1622-
1623-cü illərdə Ərəb İraqına qoşun yeridib Bağdad, Kərbəla, Nəcəfi tutdu [7,
s.152].
 
Şah I Abbas 1629-cu ildə vəfat etdi. Şah Abbasın nəvəsi Sam Mirzə I Səfi
(1629-42) adı ilə Şah oldu. Osmanlı Sultanı IV Murad (1623-1640) 1634-cü ildə
yeni səfərbərlik keçirib güclü ordu yaratdı. IV Murad 1634-cü ildə Çuxur-Səəd
sərhəddini keçib İrəvanı mühasirəyə aldı. Şəhər 10 günlük mühasirədən sonra
tutuldu. IV Murad Irəvanı tutduqdan sonra Təbrizə doğru yola düşdü. Bu vaxt
Təbrizin yeni bəylərbəyi Rüstəm xan şəhəri tamamilə boşaltdırdı. IV Murad
Təbrizə savaşsız daxil oldu. Ancaq boşaldılmış şəhərdə ərzaq, sursat yox idi, qış
yaxınlaşırdı, Səfəvilər hücum edə bilərdilər. Elə buna görə, 1635-ci ildə osmanlılar
şəhərdən çıxıb geri döndülər. Səfəvi ordusu 1635-ci ildə İrəvan şəhərini də geri
aldı. Bağdad şəhərini isə Osmanlılar yenidən tutdular. Tərəflər arasında yenidən
danışıqlar başlandı və 1639-cu ilin mayında Qəsri-Şirində (İranın Kirmanşah
vilayətində şəhər) Amasya sülhünün şərtlərini təsdiq edən sülh müqaviləsi
bağlandı [7, s.152]. Şah Səfidən sonra hakimiyyətə onun kiçik oğlu Şah II Abbas
(1642-1666) keçdi. Yeni Şahın yaşı az olduğuna görə dövləti təxminən 1648-ci ilə
qədər baş vəzir Mirzə Tağı idarə etdi. Şah II Abbasın dövründə Səfəvi dövlətinin
iqtisadiyyatı inkişaf edərək beynəlxalq aləmdə nüfuzu gücləndi, Avropa və Şərq
dövlətləri ilə qarşılıqlı diplomatik əlaqələri də genişləndi [14, s.2009].
1666-cı ildə Şah II Abbas vəfat etdikdən sonra onun böyük oğlu Səfi Mirzə
Şah Süleyman (1666-1694) adı ilə hakimiyyətə gəldi. Onun dövründə ölkənin Şərq
sərhədləri zəifləmiş, özbək xanları isə Xorasana tez-tez hücumlar edir və heç bir
ciddi müqavimətlə qarşılaşmırdılar. XVII yüzilin 70-ci illərində Xəzəryanı
vilayətlər də kazak hücumlarına məruz qaldı. Belə ki, Stepan Razinin başçılıq
etdiyi rus kazakları 1668-ci ildə Xəzər dənizi ilə Gilana yan aldığı zaman şah
hökuməti onlara qarşı güclü qoşun çıxartdıqda, yalandan bildirdilər ki, Səfəvi
dövlətinin təbəəliyinə keçmək üçün bura üz tutmuşlar. Ancaq 1669-cu ildə
Xəzəryanı vilayətləri qarət edərək geri döndülər [8].
 
Beləliklə, 200 ilə yaxın dövr ərzində davam edən Azərbaycan-Türkiyə
müharibələri həm hər iki dövlətin, imperiyanın gücünü, qüdrətini nümayiş etdirdi,
həm də hər ikisini zəiflətdi. İki türk imperiyasının öz aralarında dil tapa bilməməsi
daxili siyasi-iqtisadi vəziyyəti gərginləşdirdi, xarici təhdid və müdaxilələr üçün
şərait yaratdı...
 
Ədəbiyyat:
 
1. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, “Şərq-Qərb”, 1996.
2. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, “Şərq-Qərb”, 2007.
3. Mahmudov Y. Azərbaycan diplomatiyası. Bakı, “Təhsil”, 2006.
4. Musalı N. Qızılbaşların əfsanəvi komandanı “Div Sultan” ləqəbli Əli bəy Rumlu. //
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş
“Gənc alimlərin I Elmi Festivalı” çərçivəsində keçirilmiş elmi konfransın materialları.
Bakı, AMEA, 2011.
5. Münşi İ. “Tarixi-aləm arayi-Abbasi”. Bakı, “Şərq-Qərb”. 2010.
6. Nəcəfli T. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, “Turxan NPB”, 2020.
7. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və
təhsil”, 2019.
8. Stepan Razinin Bakıya hücumu.- bakuplus.az/2021/12/21/stepan-razinin-bak-ya-h-
cumu/.
9. Uzunçarşılı İ.H. Osmanlı tarihi. IV. Ankara: Türk Tarih Kurumu, 1983.
10. Blow D. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B.Tauris,
2009.
11. Bomati Y., Nahavandi H. Shah Abbas, empereur de Perse 1587-1629. Paris, France:
Perrin, 1998.
12. Ghereghlou G. Esmail II. New York: Encyclopaedia Iranica. 2016 a.- Esmail II.
Iranicaonline.org/articles/esmail-02.
13. Jackson P., Lockhart L. The Cambridge History of Iran. The Timur and Safavid
Periods. VI. Cambridge: Cambridge University Press, 1986.
14. Roemer H.R. “The Safavid period”. The Cambridge History of İran. 6. Cambridge
University Press, 2008.
15. Savory R.M. Abbas I. Encyclopaedia İranica.- iranicaonline.org/articles/abbas-i.
16. Savory R.M., Bosworth C.E. Tahmasp. Encyclopaedia of islam. Brill Online, 2012.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13737
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2495
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2220
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2109
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2072
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1036
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
754
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
671
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
653
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
651
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
611
Arda Gülər dayanmır, yenə fərqləndi -
585