AZ

Liderlər qələbə qazandı, “Tottenhem” ardıcıl 4-cü oyunda uduzdu

Premyer-liqada hesabat turu liderlərin inamlı qələbələri ilə əlamətdar oldu.

“Football-plus.az” xəbər verir ki, belə görünür ki, “Arsenal”la “Mançester Siti” arasındakı çempionluq mübarizəsi sona qədər davam edəcək. Turnir cədvəlinin aşağı hissəsinə gəlincə, “Nottingem Forest”lə “Luton” elitada qalmaq üçün canfəşanlıq edir. “Meşəçilər” bu tur qələbə qazanmaqla bir addım önə çıxdı.

“Arsenal” o ümidlə qələbələri sıralayır ki, “Mançester Siti” günlərin birində büdrəyəcək və itirilməyən xallara görə lider statusunu itirəcək. “Topçular”ın növbəti qurbanı “Bornmut” oldu. Özü də total üstünlüyə malik meydan sahibləri hələ ilk yarıda rəqibi darmadağın etməliydi. Ancaq yalnız fasilə ərəfəsində Saka penalti qolu ilə hesabı açdı. 2-ci hissə bir qədər fərqli keçdi. İtirəsi heç nəyi olmayan qonaqlar cəsarətləndi. “Arsenal”ın bir neçə imkanı əldən verməsinin ardından hücuma atılan “Bornmut” təhlükəli vəziyyətlər yaratdı. Trossarın 70-ci dəqiqədə vurduğu qol intriqanı öldürdü. Bundan sonra meydanda vəziyyətə daha yaxşı nəzarət edən “Arsenal” final fiti ərəfəsində hesab arasındakı fərqi darmadağın həddinə çatdırdı. Tam haqlı qələbədi.

“Vulverhempton”u qəbul edən “Mançester Siti” həmişəki kimi daim hücumda oldu. “Canavarlar” isə müdafiədən hücuma çıxmaqda çətinlik çəkdi. Artıq 10-cu dəqiqədə “Siti” penalti qazandı: Ayt-Nuri Qvardiolun dizinə zərbə vurdu. Zərbəni dəqiq yerinə yetirən Holann komandasını önə keçirdi. Bir qədər sonra norveçlinin zərbəsinin qarşısını qapıçı Sa aldı. Ancaq 35-ci dəqiqədə o da gücsüz oldu: Rodrinin ötürməsindən sonra Holann başla fərqləndi. İlk yarıya artırılan dəqiqələrdə Semedunun kobudluğuna görə qonaqların qapısına daha bir penalti təyin olundu. Fasilədən sonra “canavarlar” fərqi azaltmaq üçün özündə güc tapdı. Hi Çan Hvan Edersonun səhvindən yararlandı. Ancaq qonaqların sevinci uzun sürmədi. Holann 54-cü dəqiqədə pokeri rəsmiləşdirdi. Fodendən ötürmə alan norveçli cərimə meydançasına daxil olaraq uzaq küncə qarşısıalınmaz zərbə vurdu. Holann hətta 5-ci qolu da vura bilərdi, ancaq Sa topu tirin altından çıxardı. Əvəzində məhz Holannın yerini verdiyi Alvares fərqləndi, argentinalı Podrinin ötürməsindən sonra uzaq küncü bilyard dəqiqliyi ilə nişan aldı.

“Çelsi” – “Vest Hem” oyunu heç də turnir cədvəlindəki qonşuların mübarizəsinə bənzəmədi. Komandalar çox fərqli hazırlıq səviyyəsi göstərdi. “Çelsi” 1-ci dəqiqədən sonuncu dəqiqəyə qədər meydanda vəziyyətə nəzarət etdi və rəqibi bütün parametrlər üzrə total şəkildə üstələdi. Bu üzdən hesabın 15-ci dəqiqədə açılması, 30-cu dəqiqədə fərqin artması məntiqlidi. “Zadəganlar” fasiləyə 3:0 irəlidə yollandı, hələ çoxlu qol imkanı da boşa verildi. Cekson 2-ci hissənin əvvəlində 4-cü, sonunda isə 5-ci qolu vurdu. Ümumiyyətlə, fərq daha biabırçı həddə çata bilərdi. Ədalət naminə “Vest Hem”in də xeyli real qol imkanını əldən verdiyini vurğulamalıyıq. Təkcə elə Bouen üç dəfə topu tirə vurdu.

Ardıcıl 4-cü oyunda uduzan “Tottenhem” Çempionlar Liqasına vəsiqə qazanmaq şansını bir qədər də azaltdı. “Mahmızlar” “Liverpul”la oyuna topa nəzarət etməklə başlasa da, kəskin hücumlar qura bilmədi. “Qırmızılar” isə bir neçə təhlükəli vəziyyətin ardından 16-cı dəqiqədə hesabı açdı. Onlar hissənin sonunda fərqi artırdılar. Fasilədən sonra “kötəkləmə” davam etdi. Saatın tamamında hesab artıq 4:0 idi. Ange Postekoğlu yalnız bundan sonra əvəzetmələr hesabına oyunun axarını dəyişməyi bacardı. Rişarlisonla Son Hın Min fərqi iki topa endirdi.

Turun qalan oyunlarına gəlincə,“Nyukasl” aşkar autsayder “Bernli”ni darmadağın etdi, “Nottingem Forest” səfərdə “Şeffild Yunayted”ə, “Brayton” isə evdə “Aston Villa”ya qalib gəldi. “Luton” – “Everton” oyununda məhsuldar, “Brentford” – “Fulhem” oyununda “quru” heç-heçə qeydə alındı. Dünən axşam keçirilən son oyunda isə “Mançester Yunayted” ????

36-cı tur
ArsenalBornmut 3:0
Saka, 45-p. Trossar, 70. Rays, 90+7. (60348)
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Tomiyasu, Edeqor, Parti, Rays, Saka (Jezus, 85), Haverts, Trossar (Martinelli, 81).
Mançester SitiVulverhempton 5:1
Holann, 12-p.; 35; 45+3-p.; 54. Alvares, 85Hi Çan Hvan, 53. (???)
MS: Ederson, Uoker, Akanci, Ake (Stounz, 69), Qvardiol, Rodri, B.Silva (Dokyu, 80), De Bruyne (Nunyeş, 79), Kovaçiç, Foden (Qriliş, 80), Holann (Alvares, 82).
Liverpul – Tottenhem 4:2
Salah, 16. Robertson, 45. Qakpo, 50. Elliott, 59 - Rişarlison, 72. Son Hın Min, 77. (???)
Liverpul: Alisson, Aleksander-Arnold, Kuansa, Van Diyk, Robertson (Qomes, 64), Elliott (Soboslai, 83), Endo (Bayçetiç, 64), Makallister (Qravenberx, 75), Salah, Qakpo, Dias (Nunyes, 75).
Çelsi – Vest Hem 5:0
Palmer, 15. Qallaher, 30. Madueke, 36. Cekson, 48; 81. (39295)
Çelsi: Petroviç, Çaloba (Hüsto, 83), Silva (Disasi, 82), Badyaşil, Kukurelya, Kaysedo, Qallaher, Madueke (Kazadei, 76), Palmer (Gilkrist, 90), Mudrik (Nkunku, 76), Cekson.
Bernli – Nyukasl 1:4
O’Şi, 86 – Uilson, 19. Lonqstaff, 35. Gimarayns, 40. İsak, 55. (21781)
Şeffild Yunayted – Nottingem Forest 1:3
Brereton Dias, 17 – Hadson-Odoi, 27; 65. Yeyts, 51. (28516)
Brayton – Aston Villa 1:0
Pedro, 87. (31596)
Luton – Everton 1:1
Adebayo, 31 – Kalvert-Lüin, 24-p. (11873)
BrentfordFulhem 0:0
(17090)
Kristal PelasMançester Yunayted ???
1. Arsenal 36 26 5 5 88-28 83
2. Mançester S. 35 25 7 3 87-33 82
3. Liverpul 36 23 9 4 81-38 78
4. Aston Villa 36 20 7 9 73-53 67
5. Tottenhem 35 18 6 11 69-58 60
6. Nyukasl 35 17 5 13 78-56 56
7. Çelsi 35 15 9 11 70-59 54
8. Mançester Y.34 16 6 12 52-51 54
9. Vest Hem 36 13 10 13 56-70 49
10. Bornmut 36 13 9 14 52-63 48
11. Brayton 35 12 11 12 53-57 47
12. Vulverhempton 36 13 7 16 49-60 46
13. Fulhem 36 12 8 16 51-55 44
14. Kristal Pelas 35 10 10 15 45-57 40
15. Everton (-8) 36 12 9 15 38-49 37
16. Brentford 36 9 9 18 52-60 36
17. Nottingem F. (-4) 36 8 9 19 45-63 29
18. Luton 36 6 8 22 49-78 26
19. Bernli 36 5 9 22 39-74 24
20. Şeffild Y. 36 3 7 26 35-100 16
Bombardirlər: Holann (MS) - 25, Palmer (Çelsi) - 21, İsak (Nyukasl) – 20, Uotkins (Aston Villa) - 19, Solanke (Bornmut), Salah (Liverpul) – 18.
Növbəti turun oyunları mayın 11-13-ü aralığında keçiriləcək: Fulhem – Mançester Siti, Bornmut – Brentford, Vest Hem – Luton, Vulverhempton – Kristal Pelas, Nyukasl – Brayton, Tottenhem – Bernli, Everton – Şeffild Yunayted, Nottingem Forest – Çelsi, Mançester Yunayted – Arsenal, Aston Villa – Liverpul.

Turun rəqəmi
100 – “Şeffild Yunayted”in cari mövsümdə buraxdığı qol sayı bu həddə çatdı. “Şeffild Yunayted” 38 turdan ibarət İngiltərə çempionatında bu qədər qol buraxan 2-ci komanda oldu. “Lester” 1908/09 mövsümündə 102 dəfə məyus olub.

Turun ulduzu
Erlinq Holann (MS) – bombardirlik relsinə qayıdan norveçli poker etdi. Qvardiola onu əvəzləyəndə sifətindəki ifadəni görməyə dəyərdi. Holann meydanda qalmaq, daha çox qol vurmaq istəyirdi.

Turun sitatı
Erlinq Holann, MS-nin forvardı:
“Bu mövsümdə 25 qol pis nəticə deyil. İrəli baxırıq. Məni əhatə edən oyunçulardan ruh alıram. Onlarsız bu mümkün olmazdı. Bizi irəlidə 4 final gözləyir”.


Faktlar
* “Arsenal” bu il premyer-liqada keçirdiyi 16 oyunun 14-də qalib gəlib. “Topçular” yalnız “Aston Villa”ya uduzub (0:2) və “Siti” ilə heç-heçə edib (0:0). Top fərqi 51:8-di.
* Saka “Arsenal”ın heyətində bütün turnirlərdə 20-ci qolunu vurdu. 22 yaşlı xavbek premyer-liqada 16, Çempionlar Liqasında 4 dəfə fərqlənib. O, “Arsenal”ın 2019/20 mövsümündən bəri bütün turnirlərdə 20 və daha artıq qol vuran 1-ci oyunçusudu. Həmin mövsümdə Obameyanq 29 qol vurmuşdu. Saka həmçinin son 12 ildə bunu bacaran ilk ingiltərəlidi. Uolkott 2012-ci ildə 21 qol vurmuşdu.
* MS-nin premyer-liqada məğlubiyyətsiz oyunlar seriyası 20-yə çatdı. Qvardiolanın komandası son 6 oyunun hamısında qələbə qazanıb (top fərqi – 24:5). Sonuncu dəfə dekabrın 6-da “Aston Villa”ya uduzan (0:1) “şəhərlilər” həmin vaxtdan bəri 16 qələbə qazanıb, 4 oyunda heç-heçə edib.
* “Vest Hem” ilə oyunda hesabı açan Palmer Hasselbeynkin rekordunu təkrarladı. 21 yaşlı ingiltərəli hücumçunun hesabında “Çelsi”dəki debüt mövsümündə 21 qol və 9 məhsuldar ötürmə var. London klubunun tarixində yalnız Hasselbeynk 2000/01 mövsümündə belə uğurlu nəticə göstərib.
* Salah premyer-liqada məhsuldarlıq rekordu müəyyənləşdirdi. Misirli İngiltərə liqasının tarixinə ardıcıl üç mövsümdə 10 və daha artıq qol vuran, 10 və daha artıq məhsuldar ötürmə verən ilk futbolçu kimi düşdü. O, cari mövsümdə keçirdiyi 29 oyunda 18 qol vurub və 10 məhsuldar ötürmə verib. Salah həmçinin premyer-liqa tarixində Runidən sonra beş fərqli mövsümdə 10 və daha artıq qol və 10 və daha artıq məhsuldar ötürmə ilə yadda qalan 2-ci futbolçudu.
* “Tottehhem” məğlubiyyət seriyasını 4 oyuna çatdırdı. “Mahmızlar” “Liverpul”a qədər “Nyukasl” (0:4), “Arsenal” (2:3) və “Çelsi”yə (0:2) də uduzmuşdu. “Tottenhem” 2004-cü ilin noyabrından bəri ilk dəfə ardıcıl 4 oyunda məğlubyyətlə barışdı.

Reaksiyalar
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Mövsüm ərzindəki ən yaxşı birinci hissəni keçirdik. 3, 4, 5 top vura bilərdik. Sonradan başverənlərə görə “Bornmut”un haqqını vermək lazımdı. Rəqib vəziyyəti dəyişdi, meydanda daha açıq oyun getməyə başladı”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Rahat qələbə kimi görünsə də, belə deyil. Çoxlu qol vəziyyəti yaratdıq, ancaq keçid epizodlarında bitirici ötürmə çatışmırdı. Əvəzində Holann yenə iş başındadı. “Vulverhempton” çox-çox yaxşı komandadı, ancaq biz lazımi anda düzəliş etdik. Holann “Nottingem Forest”ə qarşı keçirdiyi 20 dəqiqədə də yaxşı idi, bu gün də. Yaxşı ki lazımi anda qayıtdı. Əvəzləndiyinə görə məyusluğunu anlayıram. Erlinn hakimlərdən narazı idi. Uzun ötürmələr zamanı onu itələyir, dartırlar. Top fərqinə görə titul qazanmaq mümkünsüzdü. “Arsenal” yaxşı və sabit oynayır. Üç oyun qalır, taleyimiz öz əlimizdədi”.


Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:
“Futbolçulara və klub personalına görə çox sevinirəm. “Tottenhem” üzərindəki qələbədən bir neçə gün sonra bunu yenidən qazanmaq çox yaxşıdı. Parlaq, möhtəşəm oyun! İstedadlı oyunçularımız var, təhlükəli vəziyyətlər yaradır və qollar vururlar. Qapımızı toxunulmaz saxlamaq istəyirdik. “Vest Hem” standart vəziyyətlər planında güclü komandadı. Təkcə qalib gəlmək yox, qol buraxmamaq da vacib idi”.


Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Həqiqətən yaxşı oyun idi. Bu gün “Enfild”də xüsusi atmosfer vardı. 4:0 irəlidəydik, dəyişikliklər etdim, oyunumuzda intuizam bir qədər pozuldu. “Tottenhem” necə yaxşı komanda olduğunu göstərdi. Hücumun bütün aspektlərində yaxşıydıq. Oyunumuz çox xoşuma gəldi. Hazırda emosiyalarımın zirvəsində olduğumu desəm, yalan danışmış olardım. Qarşıda hələ oyunlar var. İki həftə sonra mənim üçün yeni gün başlayacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13537
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10797
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9018
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2875
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2428
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1660
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
739
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
583
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573