AZ

Sahibə Qafarova Rumen Radevlə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.

Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Azərbaycan və Bolqarıstanın dost və strateji tərəfdaş ölkələr olduğu qeyd edilərək, münasibətlərin inkişafında həm ikitərəfli səviyyədə, həm də müxtəlif tədbirlərdə iştirak çərçivəsində baş tutmuş çoxsaylı yüksək səviyyəli səfərlərin və görüşlərin önəmi diqqətə çatdırılıb. Bu mənada, dövlət başçılarının qarşılıqlı səfərlərinin önəmi xüsusilə vurğulanıb.

Söhbət zamanı bu gün ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək bir sıra mühüm sənədlərin imzalanmasının, bolqar iş adamlarının iştirakı ilə keçirilən Biznes forumun əhəmiyyəti qeyd olunub. "Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"nin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcəyi bildirilib.

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu xatırlanaraq, qeyd olunub ki, ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var. Tərəflər xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci ildə rəsmi səfəri zamanı açılışı olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.

Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən Bolqarıstan Prezidenti, Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi qeyd edib. Diqqətə çatdırılıb ki, Bolqarıstan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Həmrəylik halqası” isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə nəticələnəcək. Rumen Radev bildirib ki, bu layihənin reallaşmasında Azərbaycan mühüm rol oynayır.

Söhbət zamanı ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanın bərpa olunan enerji istehsalı və ixrac potensialı nəzərə alınaraq, bu istiqamətdə də əməkdaşlığın daha da genişlənəcəyinə inam ifadə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
13
publika.az

5Mənbələr