AZ

Ançelotti “Bayern”lə cavab oyunu haqda: “Azacıq qorxu hissi var”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında “Bayern”lə cavab oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, tərəflər arasında Münhendə keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İtalyan mütəxəssis qarşıdakı oyun haqda fikirlərini ifadə etməzdən əvvəl, özünün futbol fəlsəfəsi haqda söhbət açıb, daha sonra “Real” və “Bayern” arasında müqayisələr aparıb, Münhendəki işindən danışıb və “qaymaqlılar”ın qapıçı mövqeyi ilə bağlı məqama toxunaraq, qərarını açıqlayıb:

“Mənim futbol fəlsəfəm? Bu, oyunçulara uyğunlaşır. Mən komandanın yalnız bir şəxsiyyətdə təcəssüm etməsini istəmirəm”, – “Marca” nəşri Ançelottinin oyun fəlsəfəsi haqda fikirlərini sitat gətirir.

Oyuna gəlincə, Ançelotti müvafiq çapda oyunlara xas azacıq qorxu hissinin olmasını etiraf edib:

“Bu günü sadəcə yaşamaq gərəkdir, final ərəfəsindəki bu gün dünyanın bütün xəyallarını ehtiva edir. Böyük ruh yüksəkliyi, sabah çətin ola bilsə də (gülür), axı oyundan dərhal əvvəl narahatlıq, azacıq qorxu yaşanır. Finala yüksələ biləcəyimiz düşüncəsi çox həvəsləndiricidir”, – AS dərgisi Ançelottidən sitat gətirir.

İtalyan mütəxəssis “Real” və “Bayern”in müqayisə edərək, Çempionlar Liqasında bu iki nəhəngin qarşılaşmasının Avropa derbisi hesab edilməsi barədə sualı cavablayıb:

“Biz oxşar klublar olduğumuz üçün Münhendə bu haqda danışmışdıq. Onların böyük ənənələri, tarixi və Çempionlar Liqasında böyük uğurları var. Biz bir-birimizə hörmət edirik və bu, ədalətlidir. Yarımfinalda biz rəqibə hörmət etməliyik, o cümlədən ilk oyunda bizdən daha yaxşı oynadığına görə”, – AS dərgisi müvafiq məqamı qabartmış italyan mütəxəssisin fikirlərini sitat gətirir.

“Klubun dəstəyi olmayanda, ayrılmaq daha yaxşıdır”

Ançelotti Münheni “Bayern”lə 14 ay işlədikdən sonra nə üçün tərk etdiyini də açıqlayıb:

“Bu köhnə hekayədir. Biz məşqçilər öz işimizi görməliyik, fikri dəstəkləyirik… və klubun dəstəyi çox vacibdir, çünki əks halda işiniz yaxşı getməyəcək. Buna görə də, bu, nəticə vermədikdə, ayrılmaq daha yaxşıdır. Bu, orada baş verdiyi kimidir. Heç bir artıq-əskiyi olmadan. Mənim Höness, Rummenigge ilə fantastik münasibətim var… hər kəslə. Bunlar işin bir hissəsidir. Klubun dəstəyi olmayanda, ayrılmaq və fəsadlardan qaçmaq daha yaxşıdır”, – AS dərgisi Ançelottidən sitat gətirir.

Xatırladaq ki, Karlo Ançelotti 2016-cı ilin iyulundan 2017-ci ilin sentyabrına qədər “Bayern”i çalışdırıb, Bundsliqanı və 2 dəfə Almaniya Super Kubokunu qazanıb.

Ançelotti “Bayern”ə qarşı oyunda “Real”ın qapısını kimin qoruyacağı haqda qərarını açıqlayıb:

“Plana görə, Andrey Lunin “Bayern”lə oyunda əsas heyətdə yer almalıdır”, – “Madrid Universal” dərgisi italyan mütəxəssisin qərarını açıqlayıb.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Bayern”i bu gün, mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək. Daha əvvəl Fransa nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırımış Dortmund “Borussiya”sı finalda rəqibini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla