AZ

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Bakı, 8 may, AZƏRTAC

Karavacionun “Ecce Homo” nadir rəsmi ilk dəfə olaraq Prado muzeyində geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. Bu əsər nə vaxtsa səhvən ən aşağı qiymətə - 1800 dollara satılıb. Əsər bu il mayın 28-dən oktyabradək Madriddə xüsusi fərdi instalyasiya çərçivəsində sərgilənəcək.

AZƏRTAC “Museo del Prado” muzeyinin rəsmi saytına istinadla xəbər verir ki, adının açıqlanmamasını arzulayan rəsm sahibi şah əsəri 9 aylıq müvəqqəti icarəyə verəcək, noyabrda isə daha 4 ay müddətinə Pradonun daimi kolleksiyasına ötürüləcək.

Üç il bundan əvvəl hərraca çıxarıldığı andan bəri “Ecce Homo” incəsənət tarixində ən böyük kəşflərdən biridir.

2021-ci ilin aprelində İspaniya hakimiyyət orqanlarının tələbi ilə Madridin “Ansorena” hərrac evi XVII əsrə aid naməlum müəllifin əsərinin satışını dayandırıb. Belə ki, bəzi mütəxəssislər bu rəsm əsərinin məşhur Karavacionun itmiş əsəri ola biləcəyini bəyan ediblər. Hərrac kataloqunda “Tikanlı çələnglə tacqoyma mərasimi” lotu XVII əsr ispan rəssamı Xose de Riberanın əsəri kimi qeyd olunmuşdu. Lakin alimlər Karavacionun müəllifliyini sübut edən kifayət qədər üslub və sənədli dəlillərin olduğunu elan ediblər. Nəticədə, İspaniya Mədəniyyət Nazirliyi rəsmin ixracını qadağan edib, lot isə vəziyyət araşdırılanadək hərracdan çıxarılıb.

Bütün bu müddət ərzində əsər “Colnaghi” rəsm qalereyasının himayəsi altında olub, orada ekspertlərlə birgə əməkdaşlıq çərçivəsində mütəxəssis Andrea Çipriani və onun Madrid regional hökumətinin mütəxəssislərinin rəhbərlik etdiyi komandası ilə bərpa olunub, nüvə mühəndisi Klaudio Falkuççi isə obyektin diaqnostik tədqiqatını aparıb.

Qrupa daxil olan mütəxəssislərdən hər biri rəsmlə bağlı müxtəlif aspektləri, o cümlədən əsərin aşkarlandığı vaxt şərait, mənbə, üslub, texniki və ikonoqrafik xüsusiyyətləri, eləcə də ustadın Neapolda irsini təhlil edib. Karavacionun rəsmləri və barokko üzrə hər dörd ekspert eyni fikrə gəliblər ki, “Ecce Homo” italyan rəssamının şah əsəridir. Tədqiqatın nəticələri əsərin tamaşaçı kütləsinə təqdim olunacağı gündə rəsmi açıqlanacaq.

Dahi italyan rəssamının “Ecce Homo” əsəri 1605-1609-cu illərə aid edilir. İspaniya kralı IV Filippin şəxsi kolleksiyasına daxil olan bu rəsm Karavacionun təxminən 60 məlum əsərindən biridir və müstəsna dəyərə malikdir. Əsərin İspaniya hökumətinin icazəsi olmadan ölkədən çıxarılması mümkün deyil.

Yağlı boya ilə çəkilən rəsmdə Roma hakimi Pontiy Pilatın İsa Məsihi xalqa “Ecce homo” (“Bu, insandır”) sözləri ilə təqdim etməsi səhnəsi təsvir olunub. Bu, Yəhyanın Müjdəsində (19:5) bəhs edilən Məsihin iztirabının ən ağır məqamlarından biridir. Əsər Karavacionun ustalığının parlaq nümunəsidir.

1610-cu ildə təxminən 30 yaşında vəfat edən italyan rəssam “işıq və kölgə” texnikasından istifadənin ustadı idi. Bu texnika sayəsində kətan üzərində təsvirlər canlı görünür.

“Heç bir rəssam avantürist bioqrafiyaya və xətasız üsluba malik olan Karavacio kimi son 100 il ərzində bütün yaşlardan olan tamaşaçını heyran qoymayıb və dünyanın hər yerindən alimləri özünə cəlb etməyib. Beləliklə, bu əsər incəsənət tarixində ən böyük kəşflərdən birini təcəssüm etdirir”, - deyə “Colnaghi” rəsm qalereyasının baş direktoru Xorhe Koll bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla