Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Mehdiyev Samir Xasay oğluna tibb elmləri doktoru elmi dərəcəsi verilib.
Aztibb.az-ın məlumatına görə, doktorluq dissertasiyası "Azərbaycanda şəkərli diabet tip 2 xəstələrdə mikro- və makroangiopatiyaların kliniki-epidemioloji xüsusiyyətləri" mövzusuna həsr olunub.
Elmi tədqiqat işində bu xəstələrdə hədəf orqanlarında baş verən subklinik və klinik zədələnmələr ətraflı tədqiq edilib. Xəstələrdə mikro- və makroangiopatiyaların risk faktorları ilə qarşılıqlı əlaqələri, aşkar edilən dəyişikliklərin qlikemik status və antidiabetik müalicə taktikalarından asılı xüsusiyyətləri, eyni zamanda diabetli xəstələrdə kliniki-epidemioloji vəziyyətin yaş və cinsdən asılılığı, bölgə xüsusiyyətləri kompleks şəkildə öyrənilib..
Qeyd edək ki, Samir Mehdiyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının dosentidir.