AZ

Bəşəri dəyərlərə hörmətsizlik

Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur,  müxtəlif dinlərə məxsus olan tarixi abidələr  qorunur. Məsələn, Avropanın ən iri sinaqoqlarından biri, eləcə də erməni kilsəsi  Bakı şəhərində fəaliyyət göstərir. Prezident İlham Əliyev müxtəlif dini konfessiyalar ilə mütəmadi əlaqə saxlayır, onların problemləri ilə maraqlanır. Hətta müqəddəs bayramlarında belə onları unutmur. Elə mayın 2-də dövlətimizin başçısının Azərbaycan pravoslav xristian icmasına ünvanladığı təbrik bunu bir daha sübut edir. Yeri gəlmişkən, həmin təbrikdə bu sətirlər də yer alıb: “Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər”.

Amma bəzi beynəlxalq qurumlar hələ də bu adi həqiqətləri görmək istəmirlər. Öz amplualarında  olan bu qurumlar hesabatlar hazırlayır, qətnamələr qəbul edirlər. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının  Dini Azadlıq Komissiyası dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatını təqdim edib. Hesabatın Azərbaycana dair hissəsinin detallarına varanda gün kimi aydın olur ki,   o, tamamilə qeyri-obyektiv və əsassızdır. Yəni, ABŞ-ın Dini Azadlıq Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki reallıqla daban-dabana ziddiyyət təşkil edir. Şübhəsiz, belə bir yanaşma, qərəzli münasibət gözügötürməzlikdən başqa bir şey deyil. Multikulturalizmi və tolerantlığı özünün ideoloji əsaslarından hesab edən Azərbaycanla bağlı belə bir hesabatın hazırlanması  ən azından ədalətsizlik, bəşəri dəyərlərə hörmətsizlikdir.

Amma nə qədər qəribə olsa da, hesabatda Ermənistanla bağlı heç nə yoxdur. Bu isə Qərbi Azərbaycan İcmasının bununla bağlı yaydığı açıqlamasında deyildiyi kimi, Ermənistan oradan azərbaycanlıları etnik və dini nifrət zəminində tamamilə qovmaqla və bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsi dağıtmaqla dini azadlıq işinin öhdəsindən “uğurla gəlib”. İşğal dövründə Azərbaycanın Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən haylar tərəfindən  dağıdılaraq yararsız hala salınmasını da bura əlavə etsək, mənzərə daha aydın olar. Başqa sözlə desək, qurum faşizm ideologiyasına əsaslanan, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən, bu gün də öz təxribatlarından əl çəkməyən Hayastanın  azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmasına, onların öz yurdlarına qayıtmalarına imkan verməməsinə, monoetnik ölkəyə çevrilməsinə hələ də göz yumur. Bununla onlar ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı kimi  ikili standartlardan hələ də xilas ola bilmədiklərini nümayiş etdirirlər. Buradan aydın olur ki, Komissiyanın fəaliyyəti islamofob xarakter daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir.

Bəs hesabat hansı materiallar əsasında hazırlanıb? Sən demə, hesabat  ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları əsasında ərsəyə gətirilib. Bundan əlavə, hesabatın əsas müəllifləri sırasında Amerika Erməni Assambleyasının əməkdaşı Daniel Aşbahyanın yer alması sözügedən kağız parçasının əsl təyinatının nədən ibarət olmasına şübhə yeri qoymur. Hesabatın müəllifləri Azərbaycana iftiralar atmaqla kifayətlənməyib, utanıb-qızarmadan ABŞ Dövlət Departamentini Azərbaycanı hansısa uydurma kateqoriyaya aid etməyə də çağırıblar.

Şübhəsiz, bütün bunlar öz ərazisində erməni separatizminin kökünü kəsmiş, bütövlüyünü və  suverenliyini tam bərpa etmiş, Cənubi Qafqazda yeni reallıqlar yaratmış  müstəqil siyasət həyata keçirən

Azərbaycanı haqq yolundan döndərməyə hesablanıb. Halbuki, belə hesabatlarla rəsmi Bakıya təzyiq göstərmək müşkül məsələdir. Bütün dünyaya məlumdur ki, Azərbaycan haqq yolundadır və bu  yolla da  inamla  irəliləməkdədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla