AZ

"Bu gün türk ordusu dediyimiz model bütün dünyada danışılan vəziyyətə gəlib" - Türk general

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Baş Qərargah rəisi və hərbi hissələrin komandirlərinin iştirakı ilə keçirilən müşavirədə deyib ki, "Dost ölkələr Ankaradan Türkiyə ordusuna bənzər silahlı qüvvələrin yaradılmasına yardım etməyi xahiş edirlər".

Yaşar Gülərin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər silahlı qüvvələrin formalaşdırılmasına səy göstərilməsinin özü müasir Türkiyənin nüfuzunun və uğurlarının göstəricisidir: “Bu gün Ankara həm müttəfiq dövlətlərlə birgə strategiyaların işlənib hazırlanmasına, həm də ailəsinin bir hissəsi olduğu türk dövlətlərinin gücünü tam şəkildə ortaya qoymağa çalışır”.

Azərbaycan ordusu da Türkiyə modelinə keçmək üçün illərdir hərbidə islahatlar aparır və qardaş ölkə ilə birgə işlər görülür. Türkiyə silahlı qüvvələrinin üstünlüyü nədir? Dost ölkələrin belə yardım istəmələrinin səbəbi nədir?

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Herbiand.az-a bildirib ki, Türkiyənin üstünlüyü Türk Silahlı Qüvvələrinin dövlət ənənəsindədir:

"Türkiyə Silahlı Qüvvələri ordu və millət oxundakı dövlət ənənəsi ilə bu günə gəlib çatıb. Türk quru qoşunlarının yaranması miladdan əvvəl 209-cu ilə təsadüf edir, yəni təxminən 2200 illik bir ordu ənənəsini təmsil edir. Dəniz qüvvələrimiz Türkiyənin dəniz və hərbi fəaliyyətləri kontekstində təxminən 943 illik bir tarixə malikdir. Aviasiya kontekstində fəaliyyət isə 100 ilə yaxındır. Türkiyə hazırda NATO-nun ikinci ən güclü ordusuna sahibdir. Dünyada təxminən 200-ə yaxın ölkənin olduğunu nəzərə alsaq, 10-cu ən güclü ordudur. Buna görə də dünyada Türkiyənin ordu və dövlət ənənəsi tarixdən gələn hərbi ənənədir. Yəni, 1453-cü ildə bir dövrü açıb bitirən Fatih, üç qitədə fəaliyyət göstərən hərbi fəaliyyətlər, türk qurtuluş savaşı, Kıbrısda aparılan əməliyyatlar və son 100 ilə baxdığımız zaman terrorla mübarizənin 40 ilə yaxındır davam etdiyi, bundan əlavə də 1952-ci ildən bəri NATO təcrübəsi var. Bunları üst-üstə qoyduğumuzda türk ordusunun nə qədər güclü olduğu, Türkiyə coğrafiyası kontekstində həm quruda, həm də dənizdə nə qədər güclü olması vacıbdir".

Ehtiyatda olan generalın sözlərinə görə, hazırda Türkiyə Silahlı Qüvvələri sülhməramlı missiyalar, təlim və ya müxtəlif fəaliyyətlər çərçivəsində dünyanın 13 müxtəlif ölkəsində xidmət edir:

"İndiyədək hərbi məktəblərimizdə 61 ölkədən 40 minə yaxın hərbi qulluqçu təhsil alıb. Hazırda 2024-cü ildə təxminən 35 ölkədən 5000-ə yaxın tələbə təhsil alır. Türkiyə dünyanın demək olar ki, ən çox hərbi attaşesi olan ölkədir, təxminən 88 ölkədə hərbi attaşelik var. Bundan əlavə, hazırda ikitərəfli müqavilələr əsasında təxminən 45-ə yaxın ölkə ilə hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyətləri həyata keçirilir. Xüsusilə, 1974-cü ildə Kipr əməliyyatından sonra tətbiq edilən embarqoları nəzərə alsaq, Türkiyə Silahlı Qüvvələri istifadə etdikləri silah və qurğuların milliləşdirilməsinə və hazırlanmasına diqqət yetirib. Əvvəl 20-30 % səviyyəsində olan milli silahlar və döyüş silah sistemləri, indi bəzi rəqəmlərdə 80%, bəzi göstəricilərdə isə hətta 95 %-ə çatıb. Ona görə də hərbi təlim, təşkilatlanma və doktrina fəaliyyətlərini müdafiə sənayesi ilə birləşdirdikdə türk ordusunu dünyanın 10-cu, NATO-nun ikinci ən güclü ordusu vəziyyətinə gətirməkdədir. Başqalarında olan təhsil sistemi və ya silahlı qüvvətlər baxımından bəzi məlumatlarla təmin olunmayan ölkə deyil, artıq özünün istehsal etdiyi silah sistemlərindən istifadə edən bir ölkəyə çevrilib. Ona görə də bu gün artıq Azərbaycanda da Ali Baş Komandan, Cənab Prezident tərəfindən irəli sürülən türk ordusu dediyimiz model bütün dünyada danışılan vəziyyətə gəlib".

Yücel Karauz qeyd edib ki, Şuşa Bəyannaməsindən sonra Türkiyə və Azərbaycan orduları bir millət-iki dövlət-bir orduya çevrilib:

"Təbii ki, Şuşa Bəyannaməsindən sonra İstanbul bəyannaməsi ilə türk dövlətlərinin təşkilatına çevrilən ölkələr - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, qismən də Türkmənistanla hərbi əlaqələr koordinasiyalı şəkildə davam edir. Ona görə də 13 ölkədə hərbi birlik kimi mövcud olan türk silahlı qüvvələrinin başqa ölkələrdə təxminən 20 təlim qrupları var. Yəni, həmin ölkələrdə istər qərargah, təşkilatçılıq, istərsə də orduların hazırlanması üçün əsgər hazırlığı və təlimi ilə bağlı bölmələr fəaliyyət göstərir. Dünyada bu cür fəaliyyətlər - əsgər toplamaq, yetişdirmək, öz ölkəsində başqa ölkələrdən gələnlərə hərbi məktəblərdə əsgər yetişdirmək və öyrətmək var. Hərbi attaşelərin sayına baxdığımızda Türkiyə bütün bu fəaliyyətlərin birləşməsi baxımından dünyada ilk beşlik arasında yer alacaq ölkədir. Hətta demək olar ki, ABŞ və Rusiyadan sonra üçüncü sıradadır. Quruda, dənizdə və havada mövcud dünya təcrübələrini birləşdirə bilən, sonra NATO konsepsiyası ilə inteqrasiyaya nail olan ikinci ölkə yoxdur. Türkiyə-Azərbaycan hərbi əlaqələri Şuşa Bəyannaməsi ilə məhdudlaşmır. 1992-ci ildən bəri dünyada iki ordunun olmadığı qədər təhsil, doktrinal və təşkilati baxımdan daha yaxın olan ikinci bir ölkə yoxdur. Eyni zamanda, müdafiə sənayesi ilə inteqrasiyası olan ikinci bir ölkə də yoxdur. Bu gün artıq türk ordu modeli ilə bərabər Türkiyə-Azərbaycan İnformasiya Ordusu modeli, müştərəklik və koordinasiya fəaliyyətləri dünya səviyyəsindəki akademiyalarda öyrədilən ana mövzuya çevrilib. Bu vəziyyət dosta inam, düşmənə qorxu salmaqdadır". 

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla