AZ

“Mançester Yunayted” bir antirekordu təkrarladı, digərini yenilədi

Premyer Liqanın 36-cı turunda “Kristal Pelas”a 0:4 hesablı səfər məğlubiyyəti İngiltərə nəhəngi “Mançester Yunayted” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu əlamətdarlıq xoşagəlməzdir və klub antirekordlarından birinin təkrarlanması, digərinin isə yenilənməsi ilə səciyyəvidir.

Belə ki, “qırmızı şeytanlar” niderlandlı mütəxəssis Erik ten Haqın rəhbərliyi altında cari mövsümün bütün yarışlarında 81 qol buraxıblar ki, bu da 1976/1977-cı illər mövsümündəki antirekordun təkrarıdır. Mançester təmsilçisi cari mövsümdə İngiltərə Premyer Liqasında 55 qol, İngiltərə Kubokunda 8 qol, İngiltərə Liqa Kubokunda 3 qol, Çempionlar Liqasında isə 15 qol “yeyib”. Mütləq antirekord olaraq, bu komandanın bircə qol buraxması kifayətdir.

Son turda “Kristal Pelas” “qartallar”ının didişdirdiyi “qırmızı şeytanlar”ı Premyer Liqanın növbəti, 37-ci turu çərçivəsində şərti lider “Arsenal”a vacib oyun gözləyir. Belə gedişlə, mayın 12-də doğma “Old Trafford”da keçiriləcək oyunda “topçular”ın “Mançester Yunayted”i “topa qoyub atacağı” ehtimalını mütəxəssislər indi yüksək qiymətləndirirlər. Belə ki, ispan mütəxəssis Mikel Artetanın çalışdırdığı “Arsenal”, Xosep Qvardilanın “Mançester Siti”si ilə çempionluq uğrunda həlledici mübarizə aparır mütləq qələbəyə oynayacaq. Belə bərbad vəziyyətdə olan “Mançester Yunayted” “topçular”la qarşıdakı oyunda imkansız görürnür.

“Kristal Pelas”a bu məğlubiyyət Erik ten Haqın komandası üçün İngiltərə Premyer Liqasının cari mövsümündə 13-cü məğlubiyyət olub. Beləliklə, Mançester təmsilçisi Premyer Liqanın təsis edildiyi vaxtdan bəri 1 mövsümdə məğlubiyyətlərin sayına görə klubun antirekordunu yeniləyib. 2013/2014-cü və 2021/2022-ci illər mövsümlərində “Mançester Yunayted” 12 dəfə məğlub olmuşdu.

Ümumiyyətlə cari mövsüm İngiltərə nəhəngi “Mançester Yunayted” üçün tarixinin ən pis mövsümü olaraq əlamətdardır.

Hazırda “Mançester Yunayted” 35 oyundan 54 xalla Premyer Liqanın yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Kristal Pelas” isə 36 oyundan 43 xalla 14-cü pillədədir.

Premyer Liqanın zirvəsində 36 oyundan 83 xalla “Arsenal” şərti liderliyini sürdürür. 35 oyundan 82 xal toplamış “Mançester Siti” isə mükün lider qismində “topçular”ı 2-ci pillədən daban-daban təqib edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
arena.az

1Mənbələr