AZ

Müstəqil məhkəmə hakimiyyətinin qurucusu

Tarixdən məlumdur ki, lider amili müstəqil dövlətçilik idealına qovuşmuş hər bir xalqın tərəqqi yölunu düzgün müəyyənləşdirməsində, vahid məqsədlər naminə birləşməsi və konkret hədəflərinə doğru inamla irəliləməsində vacib rola malikdir. Milli dövlətçiliyin ciddi təhdidlərə məruz qaldığı tarixi şəraitlərdə hər bir xalq məhz məsuliyyəti üzərinə götürməkdən çəkinməyən qətiyyətli liderlərinin sayəsində mövcudluğunu qorumuş, çətinlikləri dəf etmişdir.

XX əsr Azərbaycan tarixinin fenomenal şəxsiyyəti, xalqımızın dünya siyasətinə bəxş etdiyi dunya miqyaslı ictimai-siyasi xadim kimi şüurlu həyatını xalqının yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev üzləşdiyi bütün çətinliklərə, mətinliklə sinə gərən, məğlubiyyət sözünü yaxına buraxmayan və inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan sərkərdə kimi xatırlanır. Ümummilli liderin anadan olmasının 101-ci ildönümünün bu günlərdə respublika miqyasında geniş qeyd olunması da məhz bu reallıqla şərtlənərək, Heydər Əliyev fenomeni ilə bağlı yarım əsrlik tariximizə nəzər salmaq, obyektiv nəticələr çıxarmaq imkanı yaradır.

Antik yunan filosofu Sokratın sözüdür: “Siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir”. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst olarsa, xalqın həmin şəxsiyyətə inamı bir o qədər güclü olar. “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir” – yaddaşlara həkk olunan bu məşhur sitatın müəllifi olan Ulu Öndər Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də siyasi fəaliyyətinin bütün dövrlərində sosial ədalət, mərhəmət və humanizm prinsiplərinə söykənməsi olmuşdur. İnsan hüquq və azadlıqlarına sadiqlik, ilk növbədə, Ulu Öndərin yüksək daxili demokratizmindən, hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyətindən irəli gəlmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin fundamental vəzifəsi saymış, xalqa təmənnasız xidməti özünün həyat kredosuna çevirmiş, qurub-yaratmaq, yaxşılıq etmək idealı ilə yaşamış və zəngin mənəvi keyfiyyətləri ilə milyonlarla insanın qəlbində özünə ölməzlik məşəli yandırmışdır.

Ulu Öndər hələ Azərbaycana birinci rəhbərliyi dövründə ciddi təzyiq və təqiblərlə üzləşsə də, risklərdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Böyük strateq Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə gəlməsi bütün maneələri aradan qaldıraraq müstəqil düşüncəyə yol açmışdır. Ötən əsrin 70-80-cı illərində Ulu Öndər sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş və buna lazımi zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir.

Ulu öndər paytaxt Bakının kosmopolit ruhlu kadr potensialından azad olması üçün milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmışdır. O dövrdə repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Dahi öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar. Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi də Ümummilli Liderin prinsipiallığı, cəsarəti, ən əsası, milli ideallara bağlılığının bariz göstəricisi kimi bu gün də qürurla xatırlanır.

Ali məktəblərin hüquq və digər nüfuzlu ixtisaslarına qəbul prosesində ədalət prinsipinin qorunması, sosial təbəqə fərqinə yol verilməməsi Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi əsas məsələlərdən olmuşdur. Məhz bu diqqət hesabına hələ o dövrdə ali məktəblərdə bilik həqiqi meyara çevrilmiş, elm-təhsil məbədlərimizə yol tapmış neqativ halların qarşısı alınmışdır. 1981-cı ildə “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy, ədalət zəfər çalsın!” deyən Ulu Öndər Azərbaycan təhsilində, sözün əsl mənasında, ədalətin zəfərinə müvəffəq olmuşdur.

Ulu Öndərin həmin illərdə milli ruhun qorunması, milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər çoxşaxəli olduğu qədər də saysız-hesabsızdır. Hakim ideologiya ilə uzlaşmayan “Gülüstan” poemasının müəllifi Bəxtiyar Vahabzadəni həbs olunmaq təhlükəsindən qoruyan da, Bakıda Nəriman Nərimanovun abidəsini ucaltmaq üçün ciddi mübarizə aparan da, dahi dramaturq Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək üçün ən sərt maneələrə mərdliklə sinə gərən də, nəhayət, 1990-cı ilin 21 yanvarında – Kremlin bir addımlığında xalqımıza qarşı qətliam törətmiş mənfur imperiyanı ifşa edən də məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Böyük sərkərdə xarizmatik liderlərə xas tərzdə lazımi anda qətiyyət, cəsarət və prinsipiallıq göstərmək əzmini, eləcə də daim xalqının yanında olduğunu sübuta yetirmişdir.

Yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sərt sınaqları qarşısında duruş gətirərək milli inkişafın əsasına çevrilir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, ona xas uzaqgörənlik, siyasi müdriklik, iradə yenilməzliyi ölkəmizi fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir yeganə qüvvə kimi özünü təsdiqləmişdir.

Böyük strateq 1993-cü ildə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. 1993-1995-ci illərdə ölkədə siyasi sabitliyin təmini, iqtisadi tənəzzülün qarşısının alınması ilə paralel şəkildə insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquq islahatları da xüsusi diqqət mərkəzində saxlanılmışdır. Ümummilli Liderin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı cinayətkarlıqla mübarizə tədbirlərinin daha səmərəli təşkilinin, bu məqsədlə yeni strukturların yaradılmasının, ciddi sosial bəlaya çevrilmiş rüşvətxorluq və korrupsiyanın qarşısının alınmasının konkret mexanizmlərini müəyyən edən, ictimai-siyasi sabitliyi daha da möhkəmləndirən ilk sanballı sənəd olmuşdur. Sonrakı mərhələdə respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudstan) İnstitutunun yaradılması, qanunvericiliyin müasirləşdirilməsi və digər tədbirlər məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.

1995-ci ilin noyabrında ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin mənbəyinin xalq olmasını rəsmiləşdirməklə, demokratik, hüquqi dövlət quruculuğunun, məhkəmə-hüquq sisteminin əsaslarını, insan hüquq və azadlıqlarının müdafiəsi və təmini üçün hüquqi bazanı müəyyənləşdirmişdir. Konstitusiyada ifadəsini tapan bir çox müddəalar məhz Ulu Öndər Heydər Əliyevin ideya, hüquqi və fəlsəfi baxışlarının təzahürü olmaqla, uzun illər demokratik Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsinə, xalqın firavan həyatına, hər bir Azərbaycan vətəndaşının azad, təminatlı gələcəyinə xidmət edir.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi ilə yanaşı, məhkəmə hakimiyyətinin müstəqilliyi, özünüidarə funksiyaları, hakim vəzifəsinə tələblər, onların statusu ilə bağlı mühüm məsələlər də əksini tapmışdır. Əsas Qanunun 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir. Ümumiyyətlə, Konstitusiyanın 62, 63, 64, 65, 66 və 67-ci maddələri vətəndaşların məhkəmə hakimiyyətinə müraciət imkanlarını, təqsirsizlik prezumpsiyasını, bir cinayətə görə təkrarən məhkum etməyə, habelə qohumların əleyhinə ifadəyə yol verilməməsini, tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasını, cinayət törədilməsində təqsirləndirilən hər bir şəxsin məhkum edilməzdən əvvəl dinlənilməsini və s. məsələləri nəzərdə tutur.

Konstitusiyamızın 125-ci maddəsinin bir sıra bəndlərində məhkəmə hakimiyyətinin formalaşdırılmasının prinsipləri dəqiq əksini tapmışdır. Həmin maddəyə əsasən, məhkəmə hakimiyyəti Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, habelə ümumi və ixtisaslaşdırılmış məhkəmələr vasitəsilə həyata keçirilir. Əsas Qanunun 127-ci maddəsi Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin təşkili baxımından vacib əhəmiyyətə malikdir. Həmin maddədə göstərilir ki, hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər, səlahiyyətləri müddətində dəyişilməzdirlər.

Həmin illıərdə Avropa ölkələrində hamılıqla qəbul edilmiş standart və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrin, habelə məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasının da əsası qoyulmuşdur. Ulu Öndərin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanunları insan hüquq və azadlıqlarının təminatına xidmət etməklə, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində keyfiyyətcə yeni səhifə açmışdır.

1998-ci il 1 dekabr tarixdə qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” qanunda məhkəmə fəaliyyətinin hüquqi əsasları, ədalət mühakiməsinin daha səmərəli təşkili qaydaları, hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər və digər məsələlər əksini tapmışdır. Bu qanunun qəbulu məhkəmə orqanlarının sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə, ədalət məhkəmələrinin cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyev demişdir ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən, qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli, ədalətli və qərəzsiz olmalı, hakim adına xələl gətirən hərəkətlərdən çəkinməlidir. Həmin dövrdə Ulu Öndərin qarşıya qoyduğu bu məqsədlərin reallaşdırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmiş, müstəqil və demokratik məhkəmə hakimiyyətinin formalaşdırılması sahəsində zəngin ənənələri olan dövlətlərin qabaqcıl təcrübəsi öyrənilmiş, Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları təsdiq edilmişdir.

2000-ci ildə Azərbaycanda ilk dəfə olaraq hakim vəzifəsinə seçkilərin test üsulu ilə seçilməsi isə Ulu Öndərin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin təmini və keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri olmuşdur. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur.

Hər bir siyasi liderin məharəti, eyni zamanda, ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirak formalarını düzgün müəyyənləşdirmək bacarığı ilə müəyyən olunur. Siyasi liderliyin ən əhəmiyyətli cəhətlərindən biri də idarəetmə aparatına vətənpərvər, bacarıqlı, xalqına vicdanla xidmət edən, intellektual səviyyəsi ilə fərqlənən kadrların cəlb olunmasıdır. Heydər Əliyevin layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən Ulu Öndərin iqtisadi, siyasi və hüquqi islahatlar kursunu inamla davam etdirir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.

Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Ötən 20 ildə hakimlərin maddi təminatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, onların əməkhaqqı orta hesabla 30 dəfədək artırılmış, iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarla yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.

Müasir texnologiya və avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilmiş yeni məhkəmə binalarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılmışdır.

Məhməmə-Hüquq Şurasınını və Ali Məhkəmənin sədri cənab İnam Kərimovun təşəbbüsü ilə icrasına başlanılmış “Femida Dialoq Platforması” layihəsinin məqsədi isə hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maarifləndirilməsi, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara ictimai dəstəyin verilməsidir.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında Qarabağdakı qanunsuz rejimin fəaliyyətinə son qoyulması, dövlət suverenliyimizin bərpası, bu il fevralın 7-də bütöv Azərbaycanda Zəfər adı ilə tarixiləşmiş prezident seçkilərinin keçirilməsi xalqımız üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Xüsusi vurğulamaq istərdik ki, işğaldan azad edilmiş ərazilərdə digər infrastruktur layihələri və inzibati binalarla yanaşı, müasir tələblərə cavab verən ədalət saraylarının – məhkəmə komplekslərinin inşası da nəzərdə tutulur.

Yaşadığı zaman və məkandan asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, daxilindəki həqiqət işığına boylanan, bütün varlığı ilə düzgünlüyə, ədalətə can atan böyük liderlər bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyəti, yüksək mənəvi idealları ilə tanınan Ulu Öndər Heydər Əliyevin həyat amalı da, ilk növbədə, onun cəmiyyətə fayda verməyə, haqq-ədaləti, qanunçuluğu təmin etməyə hesablanmış fəaliyyətində təcəssümünü tapırdı. Ulu Öndərin əsasını qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsi isə keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin müstəqilliyinə, ədalət mühakiməsinin səmərəliliyinə etibarlı təminatdır.

Abbas Rzayev

Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla