AZ

İqtisadi güc, yoxsa ksenofobiya...

ABŞ prezidentinin ittihamları öz təsdiqini tapmır 

ABŞ prezidenti dünyanın bəzi ölkələrinə xitabən “ksenofob” deyib. Bu ölkələr arasında isə ABŞ-ın Asiyada mühüm müttəfiqlərindən olan Yaponiya da yer alır. Belə ki, bu fakt jurnalistlərin iştirakına icazə verilməyən ianə toplantısında Baydenin dilindən çıxıb - onun dedikləri Ağ Evin stenoqramlarında öz əksini tapıb. Bayden iddia edib ki, Yaponiya, Hindistan, Rusiya və Çin daha çox immiqrant qəbul etsələr, onların iqtisadiyyatı daha uğurlu çıxış edəcək. Yayımlanan mətnə görə Bayden, “Bilirsiniz, iqtisadiyyatımız sizin və sizin kimi insanların sayəsində böyüyür. Niyə? Çünki biz immiqrantları qarşılayırıq. Çin iqtisadiyyatı niyə pis durğunluq yaşayır? Yaponiya niyə problem içindədir? Rusiya və Hindistan niyə problem yaşayır? Onlar ksenofob olduqları üçün immiqrantları istəmirlər? deyib. Məsələ ilə bağlı açıqlama verən Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, prezidentin əslində, “ksenofobik” sözləri ilə diqqəti daha böyük bir məsələyə yönəltmək istədiyini söyləyib: “O, əslində, demək istəyirdi ki, biz immiqrasiya ölkəsiyik, bu, bizim DNT-mizdə var”.

Çin dünya iqtisadiyyatının əsas gücüdür...

Amma ortada olan faktlar Baydenin səhv etdiyini göstərir. Düzdür, adıçəkilən dövlətlər ABŞ qədər immiqrant qarşılamasa da, onların iqtisadi durumu heç də 

Vaşinqtondan geri qalmır - tam əksinə, hətta yaxın illərdə ABŞ-ı ötəcəyi ilə bağlı iddialar belə ortaya qoyurlar. İmmiqrant məsələsinə gəldikdə isə adıçəkilən dövlətlər Asiya qitəsində yerləşdiyi, miqrant axınının isə Qərbə doğru yol alması onları bu məsələdən kənarda saxlayır. Baydenin bu iddiasının iqtisadi əsasları isə demək olar ki, yoxdur. Məsələn, aparılan araşdırmalar onu göstərir ki, 2035-ci ilə qədər Çin iqtisadiyyatının ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ehtimalı günü-gündən güclənməkdədir. Bu barədə aparılan araşdırmaların nətcəsi kimi ortaya çıxan hesabatda göstərilir ki, Çin növbəti bir neçə il ərzində illik ÜDM artımını 5% civarında və ya 2035-ci ilə qədər ən azı 4%-dən yuxarı saxlayarsa, bu ssenari mümkündür. Hətta Hindistan, Kanada, Çin, Rusiya və ABŞ-dan olan alimlərin birgə hazırladığı araşdırmada Çinin iqtisadi artım tempinin ABŞ-ı ötdüyü qeyd olunub. Eyni zamanda, yuan beynəlxalq aləmdə möhkəmlənməkdə davam edir və onun beynəlmiləlləşmə dərəcəsi artır.

Qeyd edək ki, 2023-cü ilin sonunda Çinin ÜDM-i 5,2% artaraq 126 trilyon yuan (17,7 trilyon ABŞ dolları) həcminə çatıb, ABŞ ÜDM-i isə 2,5% artaraq 26,39 trilyon ABŞ dolları təşkil edib. Çinin xarici ticarəti isə ildən-ilə artmaqdadır bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə yuan ifadəsində 5 faiz artaraq 10,17 trilyon yuana (1,43 trilyon ABŞ dolları) çatıb. 

Rusiya iqtisadiyyatı çətin günlər yaşasa da artır....

Rusiya ilə bağlı vəziyyətə isə baxış fərqlidir - iki ildən artıqdır ki, müharibə vəziyyətində olan bu ölkə həm də ağır iqtisadi sanksiyalar altındadır. Bununla belə, Rusiyanın da iqtisadi inkişaf proqnozları və göstəriciləri kifayət qədər yüksəkdir. Məsələn, Rusiya iqtisadiyyatı 2023-cü ildə 2,7 faiz artıb və 2024-cü ilin sonuna qədər isə 1,3 faiz artacağı gözlənilir. Bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin İqtisadi Təhlil və Siyasət şöbəsinin direktoru Şantanu Mukerci bildirib. “Biz hesabladıq ki, ...Rusiya iqtisadiyyatının artımı təqribən 2,7 faiz olub, 2024-cü ildə artım 1,3 faizə qədər yavaşlayacaq”, - o deyib.

Eyni zamanda, Yaxın gələcəkdə Rusiyanın dünyanın dörd ən böyük iqtisadiyyatından birinə çevrilmə ehtimalı mövcuddur - Rusiya prezidenti Vladimir Putin bu ilin martında Federal Məclisə son müraciətində bildirmişdi ki, 2023-cü ildə Rusiya iqtisadiyyatı artım göstəricisi üzrə bütün G7 ölkələrini geridə qoyaraq dünya iqtisadiyyatının orta artım tempindən də yüksək sürətlə böyüyüb. 

Qeyd edək ki, 2023-cü ildə Rusiyanın nominal ÜDM-də 3,6 faizlik artım qeydə alınıb. Artım faizi göstəricisinə görə Rusiya həqiqətən inkişaf etmiş ölkələrin bir çoxunu qabaqlayıb. Rəsmi statistikaya əsasən, 2023-cü ildə Rusiyada işsizlik səviyyəsi 3,2 faiz təşkil - ABŞ-la müqayisədə isə bu daha kiçik göstəricidir. ABŞ-ın Əmək Nazirliyinin məlumatına əsasən, ölkədə bu ilin mart ayı ilə müqayisədə aprel ayında işsizlik səviyyəsi 3.8%-dən 3.9%-ə qədər yüksəlib. Rusiyada aşağı göstərici hətta işçiyə ehtiyacın duyulması göstəricisidir. Hər il milyonlarla xarici ölkə vətəndaşı məhz işləmək üçün Rusiyaya üz tutur ki, bu da ümumilikdə, Rusiyanın iqtisadi gücünün azalmasına imkan verməyən faktlardan biri kimi çıxış edir. 

Hindistan üçün proqnozlar...

O ki qaldı, Hindistana, maliyyə proqnozlarına görə, Hindistan iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatları arasında ən sürətli inkişaf nümayiş etdirərək, bu onilliyin sonunadək dünyanın üçüncü ən böyük iqtisadiyyatı olmaq yolunda irəliləyir. Nyu Yorkda qərargahlanan investisiya şirkəti “Morgan Stanley və S&P Global”ın proqnozlarına əsasən, Hindistanın Yaponiya və Almaniyanı ötərək, dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu Hindistanın 2028-ci ilədək bu mövqeyə çıxacağını təxmin edir. 

ABŞ-ın “Goldman Sachs” investisiya bankının hesabatına görə isə Hindistan iqtisadiyyatı 2075-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilə bilər. Bank analitiki Santana Senquptanın fikrincə, Çin iqtisadiyyatı 52 ildən sonra 57 trilyon dollar həcminə çatacaq. İkinci yerdə Hindistan iqtisadiyyatı ola bilər. Senqupt hesab edir ki, onun həcmi 52.5 trilyon dollara çata bilər. Dünyanın üçüncü iqtisadiyyatı, analitikin fikrincə, ABŞ olacaq - onun həcmi 51.5 trilyon dollara çata bilər. Hindistan iqtisadiyyatı üçün bu cür artım işçi qüvvəsi, eləcə də öz sahibkarlarına diqqət yetirməsi sayəsində mümkün ola bilər. Bundan əlavə, Senqupt hesab edir ki, Hindistanda demoqrafik vəziyyətin artması ölkənin iqtisadi səmərəliliyinə də müsbət təsir göstərəcək.

Yaponiya geriləyir...

Baydenin açıqlamasındakı “faktlar” daha çox onun öz müttəfiqi olan Yaponiya üçün keçərlidir. O baxımdan ki, Yaponiya iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə, 2018-ci ilin sonundan bugünə kimi ilk dəfə olaraq resessiya ilə üzləşib. Mövsümi dəyişikliklər nəzərə alınmadan, real ÜDM-in azalması ötən ilin oktyabr-dekabr aylarında rüblük ifadədə 0.1%, iyul-sentyabr aylarında isə 0.8% təşkil edib.

Ölkə 2018-ci ilin üçüncü və dördüncü rübündən bugünə qədər ilk dəfə olaraq resessiya ilə üzləşib. Bu isə ilk fakt deyil - Yaponiya iqtisadiyyatında 2001, 2008-2009 və 2012-ci illərdə resessiya dövrləri qeydə alınıb. Xatırladaq ki, ÜDM-in iki rüb ardıcıl olaraq azalmasını texniki resessiya adlandırırlar. Bir çox hallarda resessiya əhalinin və dövlətin istehlak həcmlərinin azalması və, nəticədə, əlaqədar sahələrdə satış həcmlərinin və işçi qüvvəsinə tələbatın azalması ilə bağlı baş verir.

Həmçinin, 2023-cü ilin sonunda Yaponiya dünyanın üçüncü ən böyük iqtisadiyyatı olaraq yerini Almaniyaya verib. Ölkənin nominal ÜDM-i dollar ifadəsində 4.21 trilyon, Almaniyanın isə 4.46 trilyon təşkil edib. Bununla belə, Yaponiyanın ixrac potensialı ildən-ilə daha da möhkəmlənir. 

Beləliklə, Baydenin fikirlərində əks olunan “arqumentlər” real şəraitdə öz təsdiqini tapmır. ABŞ prezidentinin bu açıqlaması daha çox hansısa ölkələri “müzakirə predmeti etmək” arzusundan qaynaqlanmış kimi görünür...

S.İSMAYILZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
50
Mənbələr
Şərh ()
Bağla