AZ

Toğrul Əsgərov: “Bu sınaqdan qalib çıxacağıq, onlardan lisenziya gözləyirəm”

“Əsas hədəfimiz bütün çəkilərdə lisenziya qazanmaqdır”.

Bunu İdman.bizə qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov deyib.

Olimpiya çempionu İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinə iddialı yollanacaqlarını bildirib. Onun sözlərinə görə, artıq komandasının ağır məşqləri bitib: “Çəki problemlərimizi həll edirik. Əsas hədəfimiz bütün çəkilərdə lisenziyanı qazanmaqdır. Burda hər ölkənin güclü idmançıları öz güclərini sınayacaqlar. Bizi çətin sınaq gözləyir. Bu sınaqdan qalib çıxacağıq. İnanıram ki, idmançılarımız millətimizi sevindirəcək. Heyətdə hamıdan lisenziya gözləyirəm. Çünki qızların hər biri gecə-gündüz əziyyət çəkirlər. Olimpiya çempionu olmaq istəyirsənsə, gedəcəyin yol çox çətindir, əziyyətlidir. Kim doğrudan da medalı istəyir, hədəfə çatmaq əzminə malikdirsə, güclülərə qalib gəlməlidir. Bakıdakı yarışla müqayisədə 53 kq, 57 kq və 62 kq-da dəyişiklik etdik. İnanıram ki, istədiyimiz nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla