AZ

Argentina yığmasının keçmiş baş məşqçisi Luis Menotti vəfat etdi

Argentina yığmasının keçmiş baş məşqçisi, məşhur argentinalı mütəxəssis, DÇ-78-in qalibi Sezar Luis Menotti 86 yaşında vəfat edib.

Arena.az məlumat verir ki, Menotti dünən, mayın 5-də dünyasını dəyişib.

Argentinalı mütəxəssisin məşqçilik karyerasında ilk klubu 1973-cü ildə sükanı arxasına keçdiyi “Nyuells Old Boyz” olub. Ardıca Menotti “Urakan”da çalışıb.

Uğurlu məşqçilik fəaliyyəti ilə diqqət çəkmiş Menotti 1974-cü ildə Argentina yığmasını çalışdırmaq təklifi alıb və bu təklifi qəbul edib. 1983-cü ilə qədər “albiseleste”ni çalışdırmış argentinalı mütəxəssis 1978-ci ildə vətənində keçirilmiş dünya çempiinatında Argentinaya ilk dünya çempionluğunu qazandırıb. Menotti dünya futbolunun əfsanəsi Dieqo Maradonanın yığmaya cəlb edilməsində və həmçinin görkəmli futbolçu ilə ziddiyyətli münasibətlərində diqqət çəkib.

Daha sonra Menotti “Barselona”, “Boka Xuniors”, Madrid “Atletiko”su, “River Pleyt” və “Penyarol”u çalışdırıb. 1991-1992-ci illərdə Meksika yığmasının sükanı arxasında olmuş argentinalı mütəxəssis, yenidən klub futboluna qayıdıb. “Boka Xuniors”, “İndependyente”, “Sampdoriya”, “Rosario Sentral”, “Publa” və “Tekos” klublarını çalışdırmış təcrübəli mütəxəssis yenidən Argentina yığmasına qayıdıb. Amma bu dəfə Menotti yığma komandanın direktoru olaraq vəzifə tutub və 2019-2023-cü illərdə müvafiq vəzifədə çalışıb.

Əgər Maradona soyadı Argetina futbolunda futbolçu simasının təcəssümüdürsə, Menotti Argentina futbol məşqçiləri məktəbinin ən parlaq təzahürü olaraq qəbul edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla