AZ

"Freedom House"un Ermənistanda gördüklərinə Avroittifaq və AŞPA göz yumur...

Image

Aqil Ələsgər: “Freedom House" və Sərhədsiz Reportyorlar Ermənistandakı vəziyyəti pislədiyi halda, AŞPA və Avroittifaq buna kor qalırsa məqsəd bəllidir” 

“Ermənistanda siyasi qüvvələrin qütbləşməsi medianın qütbləşməsinə gətirib çıxarıb və bunun nəticəsində də ölkədə jurnalistlər təqib olunur”. Bunu Sərhədsiz Reportyorlar hüquq müdafiə təşkilatı bildirib.

Təşkilatın illik media azadlığı reytinqində yer alan məlumata görə, media sahəsinin qütbləşməsi siyasi səhnənin qütbləşməsini əks etdirir: “Bir çox KİV 2018-ci ildən sonra meydana çıxan siyasi liderlərə yaxındır, digərləri isə keçmiş oliqarxlara sadiq qalır. Bəzi siyasi qruplar dezinformasiya əməliyyatları aparır və jurnalistləri sıxışdırırlar”.  

Təşkilat Ermənistanda mətbuat azadlığının kifayət qədər qorunmadığını və Avropa standartlarına cavab vermədiyini qeyd edib. “Məsələn, hökumət məlumatlarına çıxış hökumət tərəfindən məhdudlaşdırılır ki, bu da medianın sorğularından imtina və ya cavabın gecikdirilməsi ilə bağlı özünü göstərir”. 

Təşkilat vurğulayıb ki, Qarabağdakı ərazi mübahisəsi və Azərbaycanla davam edən müharibə təhlükəsi ilə bağlı misli görünməmiş dezinformasiya və nifrət mediada yer alır. 

Hüquq müdafiəçiləri digər problem kimi Ermənistan mediasının siyasi və ictimai xadimlərdən maliyyə asılılığını göstəriblər. Təşkilat siyasətçilərin jurnalistlərə münasibətindən də narahat olub: “Onlar təhqir olunur, hücuma məruz qalır və böhtanda ittiham olunur ki, bu da media nümayəndələrinin özünüsenzurasını artırır. Ümumiyyətlə, jurnalistlərə qarşı zorakılıq cəzasız qalır”. 

Məlumatda iddia olunur ki, buna baxmayaraq, Ermənistan mətbuat azadlığı baxımından regionda lider olaraq qalır. 

“Freedom House” da Ermənistandakı vəziyyətdən narazı qaldığını açıqlayıb. 

Göründüyü kimi, bəzi beynəlxalq hüquq müdafiə təşkilatları, məsələn, “Freedom House”, Sərhədsiz Reportyorlar Ermənistanda xüsusilə media ilə bağlı vəziyyətin pisləşdiyini qeyd edirlər. “Freedom House” hətta Ermənistanda medianın ciddi problemlərindən danışır. Xarici təşkilatlar Ermənistanda media orqanlarının qütbləşdiyini, ayrı-ayrı oliqarxların əlində olduğunu deyir. 

Amma buna baxmayaraq, beynəlxalq reytinqlərdə Ermənistanın yerini belə müəyyən edirlər ki, Ermənistan 2022-ci ildə 53-cü yerdə olub,  2023-cü ildə vəziyyəti yaxşılaşıb 49-cu yerdə qərarlaşıb. Əlbəttə, bu reytinq cədvəlini o təşkilatlar özləri hazırlayır, sıralamanı öz maraqlarına uyğun aparırlar. Bu ölkədə media ilə bağlı vəziyyət pisləşdiyi halda, necə olur ki, onu beynəlxalq demokratik reytinqlərdə hələ də “yaxşı” yerə qoyurlar.? Üstəlik, Avropanın rəsmi strukturları-Avropa Şurası, Avropa Birliyi heç zaman bu fakta lazımı qədər diqqət verməyib, hələ də Ermənistanı müdafiə etməkdə davam edirlər. Halbuki, beynəlxaq hüquq müdafiə təşkilatları Ermənistanda demokratik normaların, xüsusən də media azadlığının günü-gündən pisləşdiyini deyirlər. 

"Freedom House"nin Ermənistanda gördüklərinə  Avoittifaq   və AŞPA göz yumur. Buna necə şərh vermək olar?  

“Ermənistanın bütün eyiblərini görməzdən gəlirlər, onların nöqsanlarını ört-basdır edirlər” 

“Yeni Çağ” media qrupunun rəhbəri Aqil Ələsgər “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Avroittifaq və AŞPA-nın Ermənistanda media sahəsində bu vəziyyəti görməzdən gəlməsi təsadüfi deyil. “Bilirsiz, bu həmin Avropa təşkilatlarının ikili standartlarının  növbəti təzahürüdür. Xüsusilə Vətən savaşındakı qələbəmizdən sonra Ermənistan Avropa üçün bir “gülməşəkər”ə çevrilib. Əvvəl də Ermənistana loyal münasibətdə olan bu Avropa təşkilatları bu gün artıq o ölkəyə sanki “əmziyi ağzından alınmış uşaq” münasibəti bəsləyir. Çox dərinə getmirlər. Çox təəssüflər olsun ki, Fransa başda olmaqla Avropa bu cür ermənipərəstliyini ortaya qoyub. Bu artıq erməni diasporundan çəkinmə deyil, bu ermənidən çox ermənilik etmək deməkdir. Ermənistandakı vəziyyət pislədiyi halda AŞPA və Avroittifaq buna kor qalırsa məqsəd bəllidir. Bu Avropa qurumları Ermənistanın könlünü almaq istəyir, onun başını sığallayır, ona qarşı ultraloyal bir münasibət sərgiləyir. Çünki burada bir məsələ var ki, Ermənistan sürətlə Rusiyadan uzaqlaşır və özünü Qərbə daha yaxın göstərmək istəyir. Bu baxımdan, Ermənistanın bütün eyiblərini görməzdən gəlirlər, onların nöqsanlarını ört-basdır edirlər”-deyə A.Ələsgər bildirdi.

O qeyd etdi ki, əslində bu gün AŞPA və Avroittifaq öz aktuallığını itirib. A.Ələsgərin sözlərinə görə,  15-20 il əvvəl Avropa İttifaqının və AŞPA-nın hansısa məsələlərə hardasa obyektiv rəy verəcəyinə ümid edilirdisə, artıq gördüyünüz kimi, bunlar bir xristian klublarıdır. “Bu xristian klubları da özlərinin maraqlarından çıxış  edirlər. Yəni orda dəxli yoxdur ki, hansı dövlət demokratik və antidemokratik idarə olunur, əsas odur ki, onlar özlərinə uyğun olanı seçib addım atırlar”-deyə A.Ələsgər bildirdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla