AZ

Türkiyənin ixracatı İsrailə sanksiyalara görə hədəfdən aşağı düşə bilər

Türkiyənin İsrailə qarşı ticarət sanksiyaları tətbiq etməsi ölkənin ilin sonuna ixrac hədəflərini əldən buraxmasına səbəb ola bilər. 

Valyuta.az xəbər verir ki, bu fikirləri “Ekonomi” qəzetinə Türkiyə İxracatçılar Birliyinin sədri Mustafa Gültəpə deyib.

“Biz azad ticarətin tərəfdarıyıq, buna baxmayaraq, Fələstində qırğın baş verir və buna görə də hökumətimizin qərarına hörmətlə yanaşırıq. Ödənişi öncədən alınmış mallarla bağlı gömrükdə əməliyyatlar davam edir. Lakin 75-80%-ni İsrailə ixrac edən şirkətlərin itkilərini minimuma endirmək üçün onlara dəstək vermək lazımdır. Ümumi itkiləri ödəmək asan olmayacaq və ilin sonunda ixrac hədəfdən aşağı ola bilər”, - deyə o bildirib.

Bazarın digər iştirakçıları bildiriblər ki, İsrailə qarşı ticarət embarqosu fonunda bir çox şirkət ümidsiz şəkildə ticarət üçün yeni istiqamətlər axtarır. Bəzi daşıyıcılar İsraildən gələn boş konteynerləri belə gəmidən boşalta bilməmək problemi ilə üzləşirlər. Ayrı-ayrı şirkətlərin menecerləri bildirirlər ki, bir sıra Avropa ölkələrinə onlar vasitəsilə İsrail üçün yüklərin çatdırılması təklifləri daxil olur. Qəzet qeyd edir ki, Misir və Livan vasitəsilə malların çatdırılması variantları da araşdırılır.

Eyni zamanda, rəsmilər son alıcıları fələstinlilər olan mallar üçün heç bir məhdudiyyətin olmadığını təsdiqləyirlər. Bununla bağlı bəzi Fələstin şirkətlərinin malların İsrailə çatdırılmasında vasitəçilik təklif etdiyi bildirilir.

Eyni zamanda, Yeni Şafak qəzetinin xəbərinə görə, Türkiyə embarqo səbəbiylə ortaya çıxacaq ixrac artığını başqa ölkələrə sata bilər. Asiya, Latın Amerikası və Afrika ölkələrinə məhsulların göndərilməsi variantları araşdırılır. Xüsusilə, söhbət Malayziya, İndoneziya, Çin, Hindistan, Vyetnam, Ekvador, Cənubi Afrika Respublikası, Nigeriya, Meksika, Paraqvay və Perudan gedir. Qəzet qeyd edir ki, İsrailə ixracın əhəmiyyətli hissəsini təşkil edən metallurgiya sektorunun məhsulları müvəqqəti olaraq Avropaya yönləndirilir.

Aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi İsraillə tikinti materialları, sənaye avadanlıqları və metallurgiya məhsulları da daxil olmaqla 54 növ malın ticarətinə məhdudiyyətlər qoyub. Mayın 2-də nazirlik İsraillə ixrac-idxal əməliyyatlarının tamamilə dayandırıldığını elan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkəsinin İsraillə qarşılıqlı həcmi 9,5 milyard dollara çatan ticarət əlaqələrini dayandırmaq məcburiyyətində qaldığını bildirmişdi. 

Nicat
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla