AZ

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Naxçıvan, 6 may, AZƏRTAC

Mayın 6-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin öyrənilməsi: Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlara məlumat verilib ki, muzeydə Ümummilli Liderin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar qorunur, tədqiq və təbliğ edilir.

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında davam etdirilən tədbirdə gənclərin əl işlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevi yaxından tanıyan, onun idarəçilik məktəbində inkişaf etmiş dövlət və ictimai xadimlərin iştirak etdikləri tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edib.

Tədbirin Naxçıvanın xüsusi yerini və onun Yeni Azərbaycan Partiyasının yaranmasındakı tarixi rolunu vurğulamaq baxımından əhəmiyyətli olduğunu deyən Samir Seyidəhmədli bildirib ki, Ulu Öndər Heydər Əliyevin mühüm xidmətləri sırasında bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması dayanır. Partiyanın yaratdığı dəyərlər müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Partiyanın üzvləri, xüsusilə qadınlar və gənclər cəmiyyətimizin inkişafında mühüm rol oynamağa davam etməlidirlər. Partiyanın qadın və veteran üzvlərinin fəaliyyəti, verdikləri töhfələr dövlətimizin inkişafı yolunda əvəzsizdir və onların səyləri bizim üçün daim ilham mənbəyidir. Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işində əvəzsiz rolu olan partiya veteranlarının təcrübəsi, bilikləri və Heydər Əliyev ideyalarına sadiqliyi yeni nəsillər üçün örnəkdir və bu dəyərlərin yaşadılmasında mühüm rol oynayır. Onlar gənclərin siyasi və ictimai həyatda fəal iştirak etmələrinə ilham verirlər.

Səlahiyyətli nümayəndənin müavini partiya veteranlarına tədbirdə iştirakına görə təşəkkür edib, Azərbaycan üçün atdıqları hər addımda uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, tarix boyu Azərbaycanda baş verən siyasi proseslərin mərkəzində olan ulu Naxçıvan böyük bir irsə, misilsiz bir sərvətə malik olub. Bu diyarın yetirdiyi ən böyük şəxsiyyət isə bütün dünyanın ən böyük azərbaycanlısı olan Heydər Əliyevdir. Azərbaycan xalqı dahi liderimizin misilsiz xidmətlərini hər zaman minnətdarlıqla xatırlayacaq. Çünki müasir müstəqil Azərbaycanın dirçəlişi, qurtuluşu və inkişafı məhz onun adı ilə bağlıdır. Bahar Muradova vurğulayıb ki, Heydər Əliyev irsi üzərində qurulan prinsiplərin gənclərimiz tərəfindən mənimsənilməsi bu günümüz və gələcəyimiz üçün çox vacibdir. Bu baxımdan tədbiri yüksək qiymətləndirən komitə sədri rəhbərlik etdiyi qurum tərəfindən elan olunan layihənin ilk tədbirinin Naxçıvanda keçirildiyini və bu tədbirlərin ilboyu davam etdiriləcəyini bildirib.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, Azərbaycanın yeni tarixinin 34 ili bilavasitə dahi lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu qısa dövr Azərbaycanın çoxəsrlik tarixində mühüm mərhələ təşkil edib, dövlətçiliyimizin və xalqımızın milli mənlik şüurunun formalaşmasında olduqca əhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycan təhlükələrdən xilas olub və inkişaf yoluna çıxıb. Bu gün Heydər Əliyev ideyalarının işığında ölkəmiz bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı sədrinin müavini – Aparat rəhbəri Anar İbrahimov çıxışında qeyd edib ki, tarix Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünün bütövlükdə Azərbaycan dövlətçiliyinin qorunmasında, ona yeni nəfəs, ümid verilməsində müstəsna əhəmiyyət kəsb etdiyini göstərib. Onun xalqının potensialına sarsılmaz inamı və mürəkkəb siyasi mənzərələri idarə etmək bacarığı bu gün oxşar çağırışlarla mübarizə aparan gənc liderlər üçün ilham mənbəyi kimi xidmət edib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin ədalət, müstəqillik, azərbaycançılıq və tərəqqi prinsiplərinə sarsılmaz sadiqliyi onun inandırma gücünün möhtəşəm nümunəsidir. Çünki o, ən ağır zamanda xalqı gələcək uğurlara inandırıb, səfərbər edə bilib. Xalqımızın tarixinin ən çətin dövrlərində Heydər Əliyevin, onun qurduğu Yeni Azərbaycan Partiyasının veteranlarına təşəkkür edən Ali Məclis sədrinin müavini Ulu Öndərimizin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikrini diqqətə çatdırıb. Qeyd edib ki, partiya veteranlarının seçiminin, mövqeyinin düzgün olduğunu zaman sübut etdi. Bütövlükdə, xalqımızın vaxtında göstərdiyi fədakarlıq və cəsarət Azərbaycanın daha parlaq gələcəyinə yol açdı və Ümummilli Lider Heydər Əliyevin həyatının mənası olan yeni, müstəqil Azərbaycanın qurulması ilə nəticələndi. Anar İbrahimov çıxışını Prezident İlham Əliyevin “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir” fikri ilə yekunlaşdırıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, Ulu Öndər yüksək vəzifələrdə çalışdığı illərdə Naxçıvanı heç vaxt unutmayıb, qədim diyarı daim diqqətdə saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Bildirib ki, tədbirin təşkil olunmasında da məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsinin, milli ideyasının gənc nəslin inkişafında örnək olaraq təşviq edilməsidir.

Çıxışların ardından tədbir “Ulu Öndər irsi gələcək nəsil üçün yol xəritəsi”, “Azərbaycanın ictimai-siyasi proseslərində gənclərin iştirakı” adlı panel iclas ilə davam edib. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluq etdiyi paneldə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Məmmədovun, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyevanın, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynovanın, Naxçıvan Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi, Heydər Əliyev təqaüdçüsü Nilgül Qənbərlinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri və çıxışları dinlənilib, dahi rəhbərin gənclərə göstərdiyi qayğıdan danışılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın yekun nitqi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
4
Mənbələr
Şərh ()
Bağla